Avqustun 28-i Azərbaycanın Xalq artisti, unudulmaz xanəndə Rübabə Muradovanın anım günüdür. Bu münasibətlə Qəni Vəliyev adına Lənkəran Mədəniyyət Mərkəzinin Şağlaser kənd sənətkarlıq evində görkəmli muğam ifaçısının xatirəsi yad olunub. Koronavirus pandemiyası səbəbindən ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən tədbirdə Sənətkarlıq evinin mədəni təşkilatçısı, Rübabə Muradova irsinin tədqiqatçısı Əli Əkbərov xanəndənin bənsərsiz ifaçılıq sənəti barədə danışıb. Qeyd olunub ki, cəmi 50 il ömür sürən R.Muradova Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində Leyli (“Leyli və Məcnun”), Əsli (“Əsli və Kərəm”), Ərəbzəngi (“Şah İsmayıl”), Sənəm (“Gəlin qayası”) kimi parlaq, yaddaqalan obrazlar yaradıb. Teatrda işləməklə yanaşı, xanəndə geniş konsert fəaliyyəti ilə də məşğul olub, milli muğamlarımızı, xalq mahnılarımızı, bəstəkarların əsərlərini istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda yüksək şövqlə təbliğ edib. Tədbirin sonunda unudulmaz sənətkarın həyat və yaradıcılığını əks etdirən “Şərqin Leylisi” adlı foto-sərginin təqdimatı olub.

Ağaddin Babayev

Daxil olundu: 29.08.2020 » Oxundu: 924
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!