Azərbaycan xalqının yetirdiyi görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyev dünyaşöhrətli siyasətçi, müdrik rəhbər, dahi şəxsiyyətdir. Azərbaycan Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. Sərəncamda ümummilli liderin dövlət və xalq qarşında müstəsna xidmətlərinə nəzər salınmış, böyük strateqin 100 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir. Sərəncamda deyilir: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.”
Xalqımızın ümummilli liderinin Azərbaycanın zəngin dövlətçilik tarixində müstəsna yeri vardır. Müdrik rəhbərin yorulmaz səyləri sayəsində ölkəmiz milli oyanış, azadlıq mücadiləsi, mədəni intibah, sosial-iqtisadi yüksəliş mərhələlərindən keçərək müstəqillik qazanmış, öz dövlətçiliyini, suverenliyini, milli birliyini təmin etmişdir.
Ümummilli lider bütün həyatını canından artıq sevdiyi doğma Vətənin inkişafına, xalqımızın işıqlı gələcəyinə həsr etmişdir. İctimai-siyasi quruluşundan asılı olmayaraq ulu öndər bütün dövrlərdə xalqa arxalanaraq Azərbaycanı inamla irəliyə, işıqlı gələcəyə doğru aparmışdır.
Əbədiyaşar liderin hakimiyyətdə olduğu hər iki dövr çağdaş tariximizə "Heydər Əliyev erası" kimi qızıl hərflərlə həkk olunmuşdur. Hələ sovetlər dönəmində, 1969-1982-ci illərdə ölkəmizin sürətli inkişafına nail olmuş, Azərbaycanı təkcə keçmiş ittifaqda deyil, dünyada tanıtmışdır.
Keçən əsrin 90-cı illərinin əvvəllərində səriştəsiz rəhbərlərin səhvi üzündən Azərbaycan vətəndaş müharibəsi, parçalanma, öz müstəqilliyini itirmək, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi qarşısında qalmışdı. Belə çətin, taleyüklü məqamda xalq nicat yolunu ulu öndərin hakimiyyətə qayıdışında görürdü. Məhz ümummilli liderin xalqın çağırışına səs verǝrǝk 1993-cü il iyunun 9-da Bakıya gəlməsi, iyunun 15-də Ali Sovetin sədri seçilməsi və iyun ayının 24-də Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini icra etməyə başlaması ilə ölkəmizin xoşbəxt gələcəyinin təməli qoyuldu.
Müdrik rəhbərin gərgin, yorulmaz səyləri sayəsində ölkədə ictimai-siyasi sabitlik bərqərar olundu, qardaş qırğınının qarşısı alındı. Bütün sahələrdə uğurlu islahatlar aparıldı. İqtisadi, sosial, mədəni və digər sahələrdə dinamik, davamlı inkişaf təmin olundu.
Ulu öndərin inkişaf strategiyasını yeni müstəvidə yüksək işgüzarlıqla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətlə inkişaf edərək cənubi Qafqazda lider dövlətə çevrilmişdir. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli sərkərdəliyi, milli ordumuzun qəhrəmanlığı sayəsində 30 ilə yaxın düşmənin işğalı altında olan torpaqlarımız azad edildi. Müqəddəs üçrəngli bayrağımız Qarabağda və Şərqi Zəngəzurda əzəmətlə dalğalanmağa başladı.
Bu gün işğaldan azad edilmiş ata-baba yurdlarımızda nəhəng tikinti, quruculuq, bərpa işləri görülür. Doğma, əzəli yurd yerlərimizə “Böyük qayıdış” başlanıb. Hər birimiz bununla sevinir, qürur, iftixar hissi keçiririk.
Dahi siyasətçi, qüdrətli dövlət xadimi Heydər Əliyevin qurucusu və memarı olduğu müstəqil Azərbaycan bu gün dünyada qalib dövlət, söz sahibi kimi tanınır. Ulu öndərin müəyyənləşdirdiyi inkişaf kursu, zəngin nəzəri irsi bugünkü və gələcək nəsillər üçün əsl örnək, həyat məktəbidir.
Əbədiyaşar liderin uşaqlara, gənc nəslə göstərdiyi yüksək qayğı bizim üçün çox dəyərli, əvəzsiz nümunədir. “Viləş” körpələr evi-uşaq bağçasının kollektivi balaca fidanları dahi siyasətçi, ulu öndər Heydər Əliyevin əziz xatirəsinə məhəbbət, Vətənə, dövlətə, xalqa sədaqət ruhunda tərbiyələndirmək üçün səylə, əzmlə çalışır.
Uşaqlar bizim gələcəyimizdir, gələcəyimiz isə onları necə tərbiyə etməyimizdən asılıdır.

Şəfa Allahverdiyeva
“Viləş" uşaq bağçası-körpələr evinin direktoru,
Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının
ərazi üzrə partiya təşkilatının sədri

Daxil olundu: 04.05.2023 » Oxundu: 282
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!