Ağdam Kommunal Müəssisələr Kombinatının rəisi Fəzail Mehdiyev 2012-ci ildən kombinata rəhbərlik edir. O, 1965-ci ilin 29 oktyabrında Ağdam rayonunun Çəmənli kəndində dünyaya gəlib. Orta təhsilini doğulduğu kənddə aldıqdan sonra Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olub və 1996-cı ildə ali təhsilini başa vuraraq doğma kəndində kənd təsərrüfatı sahəsində əmək fəaliyyətinə başlayıb. Burada əvvəlcə kolxoz sədrinin müavini, daha sonra rayonun Alıbəyli kəndində kolxoz sədri işləyib. 8 ildən artıqdır ki, Ağdam Kommunal Müəssisələr kombinatının rəisidir.
Kombinat haqqında məlumat verən Fəzail müəllim qeyd etdi ki, müəssisədə hazırda 56 işçi qüvvəsi və «Dost iş» mərkəzindən isə 229 işçi çalışır. Müəssisənin orta aylıq əmək haqqı 250 manatdır. İdarənin paliqonu Çaylaq ərazisindədir. Buraya vaxtaşırı nəzarət olunur. Yaxın vaxtlarda isə müəssisə zibil yeşikləri və təzə texnika ilə təchiz olunacaq. Müəssisənin işçilərindən də söz açan Fəzail müəllim dedi ki, burada əsasən təcrübəli və zəhmətkeş insanlar çalışır və hər biri haqqında istənilən qədər xoş söz söyləmək olar.
Rayonda gedən abadlıq, tikinti-quruculuq işlərindən böyük qürur hissi ilə danışan Fəzail müəllim rayonun icra başçısı cənab Vaqif Həsənovun adını xüsusi minnətdarlıq hissi ilə qeyd etdi. Bildirdi ki, icra başçısı rayonun bütün sahələrinə diqqət yetirdiyi kimi, təmizliyinə də diqqətlə yanaşır.
Fəzail müəllim onu bildirdi ki, Kommunal Müəssisələr Kombinatı tərəfindən koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə vaxtaşırı profilaktiki tədbirlər görülür. Rayonun müxtəlif küçə və yaşayış məkanlarında qoyulmuş məişət tullantıları qutularının və digər texniki vasitələrin dezinfeksiyası işləri aparılır. Dezinfeksiya tədbirlərinə müəssisənin işçi qüvvəsi və texnikalar cəlb edilir.
Fəzail müəllim ürəyində olan bir nisgildən danışdı: «Təəssüf edirəm ki, rayonumuzun bəzi yaşayış yerləri, kəndləri düşmən tapdağı altındadır. Elə ona görə də doğma Ağdam sanki özünü yarımçıq, parası kəsilmiş kimi hiss edir. Bu, insanın qəlbini ağrıdır və özünün də yarımçıq olduğunu duyur. Lakin bütün vətəndaşlarımız kimi mən də inanıram ki, tezliklə itirilimiş torpaqlarımızı geri qaytaracağıq. O zaman daha güclü və bütöv olacağıq».

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 21.08.2020 » Oxundu: 1093
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!