Vətən müharibəsində idarə etdiyi tankla düşmənin müdafiə xəttini yararaq onların mövqelərini darmadağın edən cəsur zabitlərimizdən biri də şəhid mayor Amid Heydərov olub.
Lerik rayonundan olan Amid Heydərov döyüş meydanında göstərdiyi qəhrəmanlıq nümunəsinə görə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub”.
Amid "Aprel döyüşləri"ndə Lələtəpəyə çıxan ilk tankçı olub və 2016-cı ildə Lələtəpənin alınmasında göstərdiyi şücaətə görə vaxtından əvvəl kapitan rütbəsinə layiq görülmüşdü. Ona hələ 28 yaşına çatmamış "Aprel döyüşləri"nin qəhrəmanı deyirdilər. 44 günlük "Vətən müharibəsi"ndən sonra Amid, həqiqətən də qəhrəmana çevrildi.
32 yaşında hərbi hissə komandiri olan Amid Heydərov, "Vətən müharibəsi"ndə də hücum əmri veriləndə tankı ilə birgə düşmənin müdafiə xəttini yaran ilk cəsur döyüşçülərimizdən biri olur. Elə ilk gündən cəbhənin ən ağır hissəsində - Füzuli, Cəbrayıl istiqamətində döyüşlərə başlayır. Amidin komandiri olduğu tank düşmənin uzun illərdə qurduğu istehkamlarından açılan atəş nöqtələrini susduraraq taborun arxadan gələn tanklarına yol açırdı. Cəbrayılın Nüzugar kəndi uğurunda gedən döyüşlərdə taborun iki tankı vurulur və bu, komandir Amidi daha da qəzəbləndirir. Yoldaşlarına söz verir ki, onun tanklarını vuran mövqeləri nəyin bahasına olursa vuracaq. Düşmənin müdafiə xəttini yararaq xeyli irəli gedən Amid, arsinalında olan 40 mərmini düşmənin üzərinə yağdırır. Sursatı qutardığı üçün geri qayıtmaq əmri verir, lakin düşmən onu hədəfə alır və 3 dəfə zirehdələn mərmi ilə tankı vururlar. Bundan sonra mayor Amid Heydərovun tankı alovlanır və bütün heyyət sentyabrın 28 də Vətən yolunda qəhrəmancasına şəhid olur.
Amid Vətən müharibəsində də tankın üzərinə “Şuşa son mənzilimiz” yazısını yazmışdı. Çox təəssüf ki, özü ora çata bilmədi, qəhrəmancasına şəhid oldu. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Emil Cəfərov

Daxil olundu: 26.01.2021 » Oxundu: 577
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!