Ustad sənətkar xoş xatirələrlə yad edildi

Xalq artisti Canəli Əkbərovun II Fəxri Xiyabandakı son mənzilində keçirilən anım gününə gələnlər Canəli Əkbərovun ömrü boyu özünə ustad saydığı Xalq artisti Xan Şuşinskinin məzarına çiçək dəstələri düzməklə başlandı. Canəli Əkbərovun məzarı bir an içində “çiçək dağı”na döndü. Xalq artisti, Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun adından Qurban müəllim çiçək dəstəsi gətirmişdi. Anım mərasimini akademik, millət vəkili Rafael Hüseynov unudulmaz xatirələrilə başladı. Söylədi ki, Canəli Əkbərovla yaxınlığım yetmişinci illərin sonundan başlandı və ömrümün sonuna kimi davam etdi. Həmin illərdə Canəli Əkbərov Səmərqənddə keçirilən Muğam Simpoziumunda göstərdiyi hünərlə bütün muğamsevərləri heyran qoymuşdu. Azərbaycan muğamının hansı zirvədə olduğunu bütün aləmə car çəkmişdi. Xalq artisti Bəhram Mansurov böyük sənətkarlar görmüş adamdı. Cabbara çalmışdı, Seyidə çalmışdı... Səmərqənddə Canəli Əkbərova çalırdı. Ustad tarzən söyləyirdi ki, dünya musiqiçilərinin nəhəngləri toplanmış simpoziumda Canəliyə sanki əlavə güc gəlmişdi, şir kimi meydanda idi. Canəli bütün dünya sənətçilərinə bir aslan kimi özünü göstərdi. Onun ifasında bütün dünya Azərbaycan muğamının gücünü, gözəlliyini, qüdrətini gördü. Və bu güc, bu qüdrət sona qədər Canəli Əkbərovla qaldı.
Bir zaman Azərbaycan musiqisinə böhtanlarla dolu bir kitab ortaya çıxmışdı və xeyli yayılmışdı. Bundan xəbər tutan musiqiçilərin böyük bir dəstəsi yanıma gəldi ki, bunun qarşısını almaq üçün nə edək? Azərbaycanın əksər bölgələrində yaşayan sənətkarlar da bu mübarizəyə qoşuldular. Bu şərin qarşısı alınmasaydı, tarixdə bir ləkə kimi qalacaqdı. Radio-televiziyada verlişlər hazırladıq, yazılar yazdım. Hüquq-mühafizə orqanlarına müraciət etdik. O gedişatda kimsə aradan çıxdı, kimsə susdu, amma sonacan mənimlə birgə mübarizə aparan 2 adam qaldı - biri Habil Əliyev, o biri Canəli Əkbərov. Bu, sadəcə xoşagəlməz hadisənin qarşısını almaq deyildi. Bu, Azərbaycan mədəniyyətinin, musiqisinin saflığını, Azərbaycan ruhunu qorumaq yolunda bir mübarizə idi. Belə yolla gedənlərin bir adı var – kişilik! Kişilik hər adama xas olan xislət deyil, hər adamın çəkəsi yük deyil. Canəli Əkbərov bu yükü çəkməyi bacaran bir şəxs idi.
Canəli Əkbərov dünyadan köçəndə yaşı səksəni ötmüşdü. Lakin yaş yaradıcı insan üçün göstərici deyil. Yaradıcı insan hansı yaşda gedirsə, cavandır. Canəli ömrü boyu məhəbbətlə yaşadı. Azərbaycan xalqına, muğamata, doğulub boya-başa çatdığı cənub diyarına sevgisi daim ona ruh verirdi. Ailəsinə, dərs dediyi tələbələrinə, yaratdığı rollara sevgi bəslədi və bu eşq onu zaman-zaman yaşadacaqdır. Canəlinin sinə daşına “Mən muğama xidmət etdim, muğam da mənə şöhrət və şərəf gətirdi” sözləri həkk olunub. Doğru deyir. Məcazi və gerçək mənada muğama gətirdiyi şöhrət və şərəf Azərbaycanın ən ali ordenləri olaraq döşündən asıldı. Arzu edirəm ki, mədəniyyətimizə, muğamatımıza hər insan öz işilə şöhrət, şərəf gətirə bilsin. Ən azı, mane olmasın, saflığı pozmasın. Nə qədər ki, əlimdə qələm var, deyən dilim var, Canəli Əkbərovun əbədiyaşar sənətinə xidmət edəcəyəm. Çalışaq ki, Canəli Əkbərovun cismani yoxluğunu hiss etməyək.
Sonra söz digər qonaqlara verildi. Canəli Əkbərovun “Leyli Məcnun” tamaşasına hazırladığı sonuncu Leylisi, Xalq artisti Gülyaz Məmmədova ustadının son mənzilinə tələbələri ilə gəlmişdi. Canəli Əkbərovun “sonbeşik” tələbələrindən Hüseyn Məlikov, Sərxan Mirzəyev, Məftun Səfərli, Bəhruz Usubov, Vüsal Qasımov, Məhəmməd İbrahimov Füzulinin qəzəlləri üstündə səs-səsə verib ötüşdülər. Gülyaz xanımla birgə “Leyli və Məcnun”dan parçalar ifa etdilər.
Xalq artistinin sənət dostlarından Hacı Aqil Məlikov, Ağasəlim Abdullayev, Razi Şükürov, Təhmiraz Şirinov, Qəzənfər Abbasov, Vidadi Paşayev, Firuz Əliyev, Teyyub Aslan, Zakit Məmmədov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı, poliqrafçı alim Şəddat Cəfərov, hüquq elmləri doktoru, professor İbrahim Quliyev, naşir-jurnalist Hacı Mehman Fərzullayev, Xan Şuşinskinin oğlu Aslan Cavanşirov, “Respublika” qəzetinin cənub bölgəsi üzrə müxbiri Əlisəfa Həsənov, “Söz” jurnalının baş redaktoru Sevda Əlibəyli böyük sənətkarın yaradıcılığından söz açdılar, xatirələrini söylədilər.
Canəli Əkbərovun ailə üzvləri adından qardaşı Tərlan Əkbərov və kürəkəni Nurəddin Salayev il mərasiminə gələnlərə minnətdarlıqlarını bildirdilər.
Xalq artistinin Heydər məscidindəki ehsan mərasimi vəsiyyət etdiyi kimi keçirildi. Azərbaycan radiosunun “Axşam görüşləri” verlişlərinin birində müəllif və aparıcı Rafael Hüseynov Canəli Əkbərovdan Seyid Şuşinskinin dəfn mərasimi barəsində danışmasını xahiş edir. Canəli müəllim də deyir ki, fatihə, yasin surələrindən sonra ehsan verilirdi və Seyidin ifaları səsləndirilirdi. Mən də belə məclislərin tərəfdarıyam.
Dünya TV-nin lentə aldığı tədbirdə akademik Milli Məclisin komitə sədri Ziyad Səmədzadə, Milli Məclisdə komitə sədri Ziyafət Əsgərov, siyasi elmlər doktoru, professor Hadi Rəcəbli, yazıçı-dramurtq Hüseynbala Mirələmov, Xalq artistləri Eldost Bayram, Möhlət Müslümov, Alim Qasımov, Əməkdar həkim Xaqani Hüseynov və başqaları Canəli Əkbərovu xoş xatirələrlə yad etdilər, ruhuna rəhmət oxudular.
Tələbələrindən Sərxan Mirzəyev, Bəhruz Usubov, Məhəmməd İbrahimov, Anar Abbasov, Məhəmməd Babayev, Əlisafa Qasımzadə, Əflatun Pirizadə, Gəray Qarayev səslərini muğama kökləyib, Füzulidən, Seyid Əzimdən, Natəvandan qəzəllər oxumaqla ustadlarının ruhunu şad etdilər.

Sevda Əlibəyli

Daxil olundu: 26.10.2022 » Oxundu: 1283
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!