Birlik və bərabərliyimizin, mədəni-mənəvi dəyərlərimizin ön plana çıxdığı bu anlamlı günlərimizdə diqqətinizi zamanında bu parlaq ideyaların təməl prinsiplərini çox böyük peşəkarlıqla işləyib hazırlayan ümummilli Liderimiz; Heydər Əliyevin əziz xatirəsinə – Tanrının köməkliyilə qələbədən-qələbəyə addımlayan uğurlu strategiyaların təməl prinsiplərinə yönəltmək istərdim.
Əziz həmvətənlər, biz yaxşı başa düşürük ki, Azərbaycanımızın bütün nailiyyətlərinin, zəfərlərinin təməlində xalqımızın bu günü və gələcəyi üçün yeganə, düzgün yolu nurlandıran Heydər Əliyev siyasəti dayanır. Hələ Sovet rejiminin və Kommunist partiyasının süqutundan sonra, müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Lakin, yaradılan partiyalar və onları təmsil edən liderlər ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilməmiş, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr Respublikamızdakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırmışdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran, xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat etməyə başlamışdı. Beləliklə Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeganə siyasi Liderin – xalqımızın müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşmiş və bununla da yeni quruculuq işlərinin təməlini atmışdılar.
Müstəqilliyimizin və inkişafımızın əbədi rəhni, çırağı kimi bu gün də inkişaf etdirilməkdə olan bu siyasət Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə zəruri ehtiyyacdan yaranmış və zaman keçdikcə necə sağlam təməllərlə meydana çıxdığını hər kəsə isbatlamışdır. Həmçinin, bu siyasi kursun proqramında irəli sürülmüş əsas vəzifələr; dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsidir. Siyasi kursun məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri; dövlətin qarşısında duran əsas vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq, mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirməkdə və beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürməkdədir.
Özünün hərbi-siyasi, sosial-iqtisadi nailiyyətləri ilə bu gün bütün dünyanın diqqət mərkəzində olan müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində və yaddaşında əbədi yer tutur.
Sevimli Vətən və sadiq vətəndaş mövqeyi amalını; yorulmadan, qorxmadan və çəkinmədən, bütün mürəkkəb situasiyalara qarşı qətiyyətli mövqe nümayiş etdirərək, bu müqəddəs vəzifəni şərəflə yerinə yetirən unudulmaz Liderimiz, çətin dönəmlərdə Azərbaycanın haqq səsini bütün dünyaya ən böyük tribunadan son dərəcədə cəsarətlə bildirən nadir siyasətçilərimizdən olmuşdur. O, müstəqilliyimizin ilk illərində “İşğalçı-ermənipərəst” birliklərin ölkəmizə vurduğu ağır təsirlərdən yararlanan bəzi xain qruplaşmaların davamlı təxribatçı hərəkətlərinin qarşısını ala bilmiş, gələcəyə yönəli strateji həmlələri ilə mənfur düşmənlərimizin bütün məkrli planlarını puç etmişdir. Beləliklə, müstəqil vətənimiz üçün xeyli strateji işlər görən müdrik siyasətçi, bu uğurda yorulmaq bilmədən çalışaraq öncə yerli havadarların dəstəyi ilə vətəndaş müharibəsinə sürüklənən ölkəmizi bu ağır təhlükədən xilas etmiş, daha sonra isə onu siyasi böhrandan çıxararaq gələcək uğurlu inkişafına yönəlik, dahiyanə planlarını həyata keçirmiş və vətənimiz üçün parlaq gələcəyin əsas simvoluna çevriləcək; Xalq-Dövlət-Ordu birliyinin təməllərini atmışdır. Bununla yanaşı, ölkəmizin beynəlxalq imicinin artırılması istiqamətində çox böyük işlər görən bu böyük Azərbaycan Oğlu, Türk-Müsəlman dünyasının fəxri, ümumdünya siyasətinin nəhəngi kimi qəbul edilmiş, hətta rəqiblərinin belə heyran qaldığı nüfuzlu şəxsiyyətlərdən olmuş; “şəksiz Lider, misilsiz dünya görüşü və nadir natiqlik istedadına malik bir mütəfəkkir” deyə xarakterizə edilmişdir.
Böyük mütəfəkkirimizin xalqımız üçün ən böyük xidmətlərindən biri də milli dəyərlərimiz – azərbaycançılıq ideyalarıdır. Bu müqəddəs, son dərəcə vacib məqam dövlətçilik ideyalarımızla uyumlu şəkildə inkişaf etdirilərək vətənpərvərlik və milli dəyərlərin qorunub saxlanılması kimi yüksək ali məramların cəmiyyətimizdə daha da inkişaf etdirilməsinə zəmin hazırlamışdır.
Müasir və müstəqil Azərbaycanımızın qurucusu, dövlətçilik ənənələrimizin möhkəmlədirilməsi, iqtisadi inkişafın gücləndirilməsi, vacib ordu quruculuğuna çox böyük önəm verilməsi, həmçinin gələcəkdə daha qüdrətli ölkəyə çevrilməsi yolunda fədakar əməyi və mübarizliyi xalqımızın yaddaşında unudulmaz izlər buraxmış, dahi şəxsiyyətin adının qızıl hərflərlə tariximizə həkk olunmasına əsas vermişdir. Onu da qeyd etmək lazımdır ki, vaxtilə - 1993-cü ilin iyun ayında, xalqımızın istək və tələbləriylə hakimiyyətə gətirilən Ümummilli Liderimiz gəlişiylə Azərbaycan cəmiyyətini siyasi təfəkkür məhdudluğundan xilas edərək azad və uğurlu gələcəyə yönəltmişdir. Onun müxtəlif zamanlarda BMT Baş Assambleyasından, beynəlxalq təşkilatlardan, dövlətlərarası görüşlərdən və həmçinin çoxsaylı yüksək tribunalarından səsləndirdiyi dünyəvi fikirləri, bəşəriyyət üçün sülh, barış, yüksək əməkdaşlıq missiyası daşıyır, dövlətçilik ənənələrimizin yoluna isə qlobal miqyaslı bir işıq saçırdı.
Ümummilli Liderimiz, bu quruculuq təməlini elə düzgün, dəqiq və biçimli şəkildə icra etmişdir ki, zaman keçdikcə onun necə böyük düha sahibi olduğu heyranlıqla izlənilməkdə, təməl memarı olduğu müasir Azərbaycan modelinə valeh olunmaqdadır. Təsadüfü deyildir ki, dogma Azərbaycanımız bu gün regionun bütün siyasi və iqtisadi məsələlərinin həllində əvəzolunmaz rol oynayaraq, bu istiqamətdə də əsas söz sahibi olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Ulu Öndərin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəmizin daha da inkişaf etməsi yolunda uğurlu və qətiyyətli addımlarıyla, bu təməl prinsiplər daha üst arenaya – beynəlxalq müstəviyə ən yüksək keyfiyyətlərlə nüfüs etdirilməkdədir.
Vurğulamalıyıq ki, xalqımızın unudulmaz Liderinin uzaqgörən siyasəti, misilsiz idarəçilik qabiliyyəti, çox gərgin əməyinin məhsulu olan bu inkişaf meyarları, bu gün ölkəmizin bütün sahələrdə davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratmışdır. Uzun illərdən bəri dünyanın imperialist siyasətçilərinin çeşidli maraqlarıyla yaranan tale yüklü problemlərimiz bir-birinin ardınca həll olunmaqda, milli-mənəvi dəyərlərimizə kütləvi dönüş yaradılmaqda, mədəni kimliyimiz dünyaya daha əsaslı reallıqlarla nümayiş etdirilməkdədir. Bu gün işğal altında olan Vətən torpaqlarımız azad olunaraq xalqımızın firəvan həyat şəraitini bir qədər də yaxşılaşdıracaq; sosial-iqtisadi layihələrin, müvafiq Dövlət Proqramlarının işgüzar tələblərilə daha da genişləndirilməkdədir. 44 günlük Vətən müharibəsindəki Xalq-Dövlət-Ordu birliyimiz isə bu təməl prinsiplərin layiqli şəkildə həyata keçirilməsinin bir növ sübutu, parlaq ideyaların xoşbəxt sonluğu, şərəf və ləyaqətimizin baş tacı, hədəflənən bütün strateji planların yönləndirilən məntiqi yekunudur. İnaniriq ki, böyük Liderimizin qurucusu olduğu bu siyasi kurs fədakar əməklər, yorulmadan icra edilən vətən xidmətləri, dəyərlərimizə dəyər qatan misilsiz mədəniyyət hamiliyi ilə qədirbilən xalqımızın könlündə daim var olacaqdır.

Dəyanət Əsgərov
Lənkəran Dövlət Universitetinin nəzdində
Sosial və Aqrar-Texnoloji Kollecin şöbə müdiri
Yeni Azərbaycan Partiyasının üzvü

Daxil olundu: 09.05.2022 » Oxundu: 573
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!