Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə artıq yeddi ildir ki, Şəhriyar Mustafayev rəhbərlik edir. 16 noyabr 1982-ci ildə anadan olan Şəhriyar müəllim orta təhsilini başa vurduqdan sonra Mingəçevir Politexnik İnstitutuna qəbul olub. Daha sonra ikinci ali təhsil olaraq Azərbaycan Dövlət Aqrar Universitetini bitirib. O, 2006-cı ildə "Kapital" bankda əmək fəaliyyətinə başlayıb. Bir müddət sonra Regional Kadastr idarəsində rəis, 2013-cü ildə isə Mingəçevir şəhər Torpaq şöbəsinin müdiri vəzifələrində çalışıb. 2016-cı ildə Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə rəis təyin edilib.
Şəhriyar müəllimin verdiyi məlumata görə hazırda müəssisədə ümumilikdə 600-ə yaxın işçi qüvvəsi çalışır. Orta aylıq əmək haqqı 350 manat civarındadır. Müəssisədə əsasən təcrübəli və peşəkar mütəxəssislər çalışır. Onlardan baş mühəndis Yaşar müəllimin, rəis müavini Cavanşir müəllimin, Yasəf və başqalarının adını çəkmək yerinə düşərdi.
Müəssisə əsasən şəhərin abadlıq və təmir-bərpa işinlərini həyata keçirir. Həmçinin şəhəri sel sularından mühafizə kanallarına xidmət və onların vaxtında təmizlənməsi əsas şərtlərdən biridir. Müəssisənin nəzarətində 14 km. əsas kanal və 6 km. köməkçi kanal vardır. Binaların lift xidməti, şəhərin işıqlandırılması və s. xidmətlər də müssisənin iş fəaliyyətinə daxildir.
Şəhriyar müəllim yüksək ixtisaslı bir mütəxəssis olmaqla yanaşı, həm də maraqlı müsahibdir. O deyir: "Mingəçevir respublikamızın dördüncü böyük sənaye şəhəridir. Burada böyük elektrik stansiyaları yerləşdiyindən Mingəçeviri işıqlar şəhəri də adlandırırlar. Hətta burada mövcud olan parkların, istirahət məkanlarının bolluğundandır ki, parklar şəhəri kimi də tanıyanlar var. Şəhərin Kür çayının kənarında salınması onun hüsnünə bir özgə gözəllik bəxş edib. Məhz bunun nəticəsidir ki, son illərdə şəhərimizə olan turist marağı daha da artıb. Şəhərimizin qonaqları yalnız respublikamızın müxtəlif bölgələrindən deyil, ölkəmizdən kənarlardan da təşrif buyururlar. Onların şəhərimizdən gözəl təəssüratlarla ayrılması üçün biz də əlimizdən gələni əsirgəmirik. Belə ki, hər bir məkanın gözəlliyi ilkin növbədə onun abadlığı, yaşıllıqlarının zənginliyi, xüsusən də təmizliyi, səliqə-sahmanı ilə xarakterizə olunur. Ona görə də bu işlərin görülməsini həyata keçirən bir müəssisə olaraq bizim üzərimizə böyük məsuliyyət düşür. Mingəçevir hər zaman təmizliyi, abadlığı ilə diqqət çəkib. Şəhərimizin daha da abad olması üçün isə var qüvvəmizlə çalışırıq. Əslində insan hansı sahədə çalışmasından asılı olmayaraq ilk növbədə öz işinə qarşı məsuliyyət etməlidir. Bu, işin keyfiyyətinə müsbət təsir göstərən ən vacib amillərdən bəlkə də birincisidir. Şəhərimizə olan sevgimiz məsuliyyət hissimizi daha da artırır.
Bir faktı xüsusi vurğulamaq istəyirəm. Böyük Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində mingəçevirli oğullar da yaxından iştirak etdi, neçə-neçə analarımız torpaqlarımızın işğaldan azad olunması uğrunda övladlarını şəhid verdi, neçə-neçə qizimiz sağlamlığını itirdi. Allah bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, döyüşçülərimizə can sağlığı versin. Bütün bunların fövqündə isə Vətən məhəbbəti, torpaq sevgisi durur. Düşünürəm ki, hər kəs ürəyində bu sevgini hiss etməli, öz işi, əməli ilə Vətəninin, xalqının xidmətində durmalıdır. Bunun hansı sahədə işləməsindən asılılığı yoxdur. Çünki görülən hər bir iş xalq üçündür, onun rahatlığı, firavanlığı üçündür".
Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü
