CƏFƏROV AQİL GÜLAĞA OĞLU. Bu ad mənə daha doğma, daha əziz olan bir addır. Onu 1991-ci ildən tanıyıram. O zaman Aqil Lənkəran rayonunun M.Bağırov adına Girdəni kənd tam orta məktəbinin beşinci sinfində oxuyurdu. Həmin sinifdə dərs demək mənə nəsib olmuşdu. Snfə ilk daxil olduğum gün sinif nümayəndəsinin kimliyi ilə maraqlandım. Birinci partada oturub sakitcə gözlərimə baxan bir oğlan uşağı ayağa qalxdı. Çöhrəsində sevgi mimikası ilə gözlərinin dərinliklərində parıldayan mənalı bir işıq sezilirdi. Bu gözlərdə yaşından böyük bir həyat eşqi nəzər-diqqətimi cəlb etdi. Verdiyim suallara aydın cavabları, rəvan danışığı onun elmin sirrlərinə bələd olmaq həvəsindən xəbər verirdi. Dərs zamanı gözlərini belə qırpmadan məni dinləyir, baxışları ilə izahatdan son dərəcə razılığı süzülürdü...
Aqil Cəfərov kimdir? Haqqında söhbət açdığımız bu şəxs 1981-ci ilin iyun ayının 24-də Lənkəran rayonunun Girdəni kəndində dünyaya göz açmışdır. 1987-ci ildə Girdəni kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1998-ci ildə həmin məktəbin 11-ci sinfini əla qiymətlərlə bitirmişdir. Orta məktəb illərində Azərbaycan dili və ədəbiyyatı üzrə rayon olimpiadalarında dəfələrlə iştirak etmiş, ən yüksək nəticələr göstərərək birinci yerə layiq görülmüşdü.1997-ci ildə ULU ÖNDƏRİMİZ H.ƏLİYEVin həyat və fəaliyyətiylə bağlı Ümumrespublika inşa müsabiqəsinin qalibi, 1998-ci ildə isə o, H.Əliyevin həyat və fəaliyyəti ilə əlaqədar ümumrayon yarışmasında Girdəni məktəbi komandasının kapitanı olaraq məktəbimizin rayon məktəbləri arasında birinci yeri tutmasında xüsusi əməyi olmuşdur.
Aqil müəllim 1998-ci ildə Lənkəran Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 2002-ci ildə həmin universiteti müvəffəqiyyətlə bitirmişdir. Oxumaq, təhsilini davam etdirmək həvəsi, ən ümdəsi isə seçdiyi sənətinin fövqündə ucalmaq eşqi onu təhsil aldığı universitetin magistraturasında təhsilini davam etdirməyə sövq etmiş, bu məqsədinə də nail omuşdur. Elm adamları ilə əlaqəsi, bir də daha yüksək nəticə əldə etmək şövqü onu aspiranturada təhsilini davam etdirməyə səsləyir, 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun əyani aspiranturasında oxumaq üçün sənədlərini təqdim edir, bütün imtahanlardan əla qiymətlər alaraq təhsilini davam etdirir.
Aqil müəllim əmək fəaliyyətinə təhsil aldığı doğma məktəbində müəllim kimi fəaliyyətə başlayır. Elmi axtarışlarını davam etdirən gənc müəllim 2010-cu ildə “Nəbi Xəzri əsərlərinin linqvo-poetik təhlili” adlı dissertasiya işini tamamlamış, elmi işini müvəffəqiyyətlə müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülərək gənc alim kimi elm adamları cərgəsinə daxil olmuşdur. O, 2010-2011-ci illər arasında Astara Dövlət Pedaqoji Kollecində ixtisası üzrə müəllim işləmiş, sonra LDU-nun İqtisadiyyat fakültəsində metodist işləmişdir. 16 aprel 2012-ci ildən AMEA Nəsimi adına Dilçilik İnstitutunun "Lüğətçilik" şöbəsində elmi işçi kimi fəaliyyətini davam etdirmiş, hal-hazırda da o, həmin institutun “Tətbiqi dilçilik” şöbəsində aparıcı elmi işçi işləyir, eyni zamanda Azərbaycan Texniki Universitetində ixtisası üzrə müəllim işləyir.
Aqil müəllim elmi fəaliyyətini də davam etdirir. O, "Azərbaycan dili orfofoniyasının nəzəri əsasları" adlı filologiya üzrə elmlər doktorluğu dissertasiyası üzərində tədqiqat aparır, həmçinin 2019-cu ilin aprelindən dekabr ayına kimi AMEA Rəyasət Heyəti Strateji Araşdırmalar Mərkəzinin «Nitq texnologiyaları» laboratoriyasında baş mütəxəssis işləmişdir. Aqil müəllim hazırda "Azərbaycan dilinin izahlı lüğəti”nin müəlliflərindən biri kimi M,N hərflərini hazırlayır. O, həmçinin orta məktəblər üçün kurikulum əsasında yazılmış 1-4-cü siniflər "Talış dili" dərsliyinin həmmüəllifidir.
2018-ci ildə Türkiyə Cümhuriyyətinin Ankara şəhərindəki İhsan Doğramaci adına Bilkənt Universitetində "Türk dili və ədəbiyyatı" kursuna qatılaraq müvəffəqiyyətlə başa vurmuşdur.
Dəyərli seçicilər, yuxarıda verdiyimiz məlumatlar Aqil müəllim haqqında rəsmi xronologiyadır. Biz onu tanıyan bir şəxs, onun müəllimi kimi bəyan edirəm ki, Aqil müəllim VƏTƏN məhəbbəti, sevgisiylə döyünən böyük ürəyə malik insan, sözü ilə əməli vəhdətdə olan mübariz bir gəncdir.
Ölkə rəhbərimiz, həm də Ulu Öndərimizin yadigarı - Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2019-cu il məlum fərmanı bir daha gənclərə göstərdiyi diqqət və qayğının təzahürü kimi dəyərləndirilməli, bu tarixi fürsətdən daha səmərəli istifadə etməli, gənclərə, o cümlədən, gənclər arasında layiqli yeri olan CƏFƏROV AQİL GÜLAĞA OĞLUNA səs verək!

Rövşən Əhəd oğlu Ağayev
Azərbaycan Respublikasının Əməkdar Müəllimi

Daxil olundu: 27.01.2020 » Oxundu: 80
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!