Hər bir xalqın mədəniyyəti yoldan başlayır. Bu sözlərdə böyük həqiqət vardır. Yol həm də iqtisadiyyat və həyatdır. Yalnız bunu demək kifayətdir ki, yolun rahat olması insanda xoş ovqat yaradır. Azərbaycan Avropa və Asiyanı birləşdirən nəqliyyat marşrutlarının kəsişdiyi əlverişli strateji mövqedə yerləşir. Məhz bu amil respublikamızın tranzit əhəmiyyətini xeyli artırır. Ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri dövlətin nəqliyyat sisteminin və beynəlxalq səviyyəli avtomobil yollarının tikintisinə münbit zəmin yaratmaqla yanaşı, ölkənin iqtisadi inkişafına güclü təkan verir. Elə bu səbəbdəndir ki, son illər respublikada görülən yol inşaat işlərinin miqyası ölçüyəgəlməzdir. Xüsusilə də bölgələrdə kənd və qəsəbə yolları əsaslı təmir olunur, yenidən qurulur, hətta uzaq dağ kəndlərinə belə, müasir tipli yollar çəkilir.
Şahlar Vəliyev 2018-ci ilin mart ayından Yevlax 19 saylı Yol İstismarı İdarəsinə rəhbərlik edir. Çalışdığı sahə üzrə ali təhsilli mütəxəssis olan Şahlar müəllim 1958-ci ildə Yevlax şəhərində anadan olub. O, əmək fəaliyyətinə rayonun komsomol və partiya təşkilatlarında başlayıb. Daha sonra 7 rayona nəzarət edən Yol idarəsinin rəisi, Pivə zavodunun direktoru, 2011-2018-ci illərdə isə Yevlax Telekommunikasiya İdarəsinin rəisi vəzifələrində çalışıb.
19 saylı Yol İstismarı idarəsində orta aylıq əmək haqqı 250 manatdan yuxarıdır. Burada 70 işçi çalışır. Hər biri təcrübəli və məsuliyyətli işçilərdir. İdarə 140 km sahəyə xidmət edir və bu yolun 35 km-i respublika əhəmiyyətli yoldur. İdarə lazım olan bütün mövcud texnikalarla təchiz edilib. Rayonun bir çox kəndlərində asfaltlanma işləri başa çatmışdır. Şəhərdaxili yollarda isə heç bir problem yoxdur. Şahlar müəllim öz söhbətində rayona yeni təyin olunmuş icra başçısı Anar Tağıyevin adını xüsusi minnətdarlıq hissi ilə çəkdi və qeyd etdi ki, icra başçısı yollara xüsusi diqqət yetirir.
«Dövlətimizin həyata keçirdiyi iri layihələr yol infrastrukturunun yaxşılaşdırılması, həmçinin beynəlxalq standartlara uyğun qurulması işində öz bəhrəsini verməkdədir. Ölkəmizin avtomobil yolları şəbəkəsinin saxlanılması, təmiri, yenidən qurulması və tikintisi layihələrinə xüsusi diqqət göstərilir.
Yol tikintisi və genişləndirilməsi bu gün dövlətimizin qarşısında duran aktual məsələlərdən biridir. Çünki mürəkkəb nəqliyyat şəraiti, avtomaşınların sayının günbəgün artması, tıxaclar yol problemlərinin həllini zəruriyyətə çevirmişdir. Yol tikintisi işlərinin keyfiyyətlə görülməsi prosesində inşaat və yol texnikasının tətbiqindən çox şey asılıdır. Lakin ən yaxşı texnika belə, yüksək səviyyəli, müasir texnikanın sirlərini mükəmməl bilən peşəkar kadrlarsız mümkün deyildir. Odur ki, yüksək keyfiyyətli yol-inşaat işlərini başlıca olaraq ən qabaqcıl texnika və kadr potensialına malik olmaqla yerinə yetirməyə çalışırıq.
Nahaq yerə demirlər ki, müasir yol dövlətin iqtisadi qüdrətini nümayiş etdirməklə yanaşı, həm də həyatın başlanğıcıdır» – deyir Şahlar Vəliyev.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 26.06.2020 » Oxundu: 1008
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!