«Yeni yolların çəkilişinə və istifadə olunan yolların təmirinə, infrastrukturun genişləndirilməsinə gəstərilən dövlət qayğısı hər bir guşədə diqqəti cəlb edir. Yolların üstündə olan körpülərə də yüksək səviyyədə xidmət göstərilir, nəqliyyatın və əhalinin bu körpülərdən rahat istifadəsi və hərəkətin təhlükəsizliyinin təmini üçün tam təminat yaradılır.
Doğrudan da hər bir xalqın mədəniyyəti yoldan başlayır. Bu sözlərdə böyük həqiqət vardır. Yol həm də iqtisadiyyat və həyatdır. Yalnız bunu demək kifayətdir ki, yolun rahat olması insanda xoş ovqat yaradır.
Azərbaycan Avropa və Asiyanı birləşdirən nəqliyyat marşrutlarının kəsişdiyi əlverişli strateji mövqedə yerləşir. Məhz bu amil respublikamızın tranzit əhəmiyyətini xeyli artırır. Ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri dövlətin nəqliyyat sisteminin və beynəlxalq səviyyəli avtomobil yollarının tikintisinə münbit zəmin yaratmaqla yanaşı, ölkənin iqtisadi inkişafına güclü təkan verir. Elə bu səbəbdəndir ki, son illər respublikada görülən yol inşaat işlərinin miqyası ölçüyəgəlməzdir. Xüsusilə də bölgələrdə kənd və qəsəbə yolları əsaslı təmir olunur, yenidən qurulur, hətta uzaq dağ kəndlərinə belə, müasir tipli yollar çəkilir.
Ölkədə yol-nəqliyyat strukturu müasir tələblərə uyğun yenidən qurulur. Hansı bölgəyə, şəhər və qəsəbəyə yol çəkilirsə, həmin ərazidə yeni infrastruktur yaradılır, investisiya cəlb olunur, bir sözlə, bu bölgədə həyat sözün əsl mənasında canlanır. Nahaq yerə demirlər ki, müasir yol dövlətin iqtisadi qüdrətini nümayiş etdirməklə yanaşı, həm də həyatın başlanğıcıdır». Bu sözləri Quba rayonu 9 nömrəli xüsusi təyinatlı MMC-nin sahə rəisi Hüseynağa Xəlilov söylədi.
Hüseynağa Xəlilov 1961-ci il dekabr ayının 10-da Qubanın Xınalıq kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə başa vurduqdan sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. Əmək fəaliyyətinə ali təhsilli mütəxəssis kimi başlayan Hüseynağa müəllim 1992-2007-ci illərdə Xınalıq kənd icra nümayəndəliyində çalışıb. 2007-ci ildən isə 9 nömrəli xüsusi təyinatlı MMC-də işləyir.
MMC-nin hazırda 58 işçi qüvvəsi vardır. Burada orta aylıq əmək haqqı 270-300 manatdır. İdarənin nümunəvi işçilərindən Sübhan Bayramovun, Fəramiz Şıxverdiyevin, Altay Abdullayevin və başqalarının adını çəkmək yerinə düşərdi. İdarənin rəisi İlham Cəbrayılovun işlərin ahəngdar və keyfiyyətli aparılmasında əməyi çoxdur.
İdarə lazım olan bütün texnikalarla təmin olunub. Son vaxtlar idarənin gördüyü əsas işlərdən biri Quba-Qonaq kənd avtomobil yolunun 9 km-nin abadlaşdırılmasıdır. Həmçinin Nöydün-Şuduq yolunun, Amsar-Alıc yolunun 4 km-ə yaxının asvaltlanması da idarənin son vaxtlar gördüyü işlərdəndir.

Gülağa Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 18.11.2019 » Oxundu: 1242
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!