Ölüm sevinməsin qoy! Ömrünü vermir bada,
                                                                                                                                                                          El qədrini canından daha əziz bilənlər.
                                                                                                                                                                          Şirin bir xatirətək qalacaqdır dünyada
                                                                                                                                                                          Sevərək yaşayanlar, sevilərək ölənlər.
                                                                                                                                                                                                                            S.Vurğun.
Bu gün sizə Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadə, Fətəli xan Xoyski, Qasım bəy Nəbibəyov, Mirzə Fətəli Axundzadə, Əbdüləzzəl Dəmirçizadə, Salman Mümtaz, İsmi bəy Nakam, Bəxtiyar Vahabzadə, Rəşid bəy Əfəndiyev, Lütfəli Abdullayev, İsmayıl Osmanlı və başqa yüzlərlə şair, alim, dilçi, hərbçi, bəstəkar və sənətkarları yetişdirən qədim elm və mədəniyyət ocaqlarından biri sayılan Şəkinin kiçik bir məhəlləsində (Gəncəli məhəlləsi) dünyaya göz açan, adı həmişə hörmət və məhəbbətlə çəkilən, ölümündən 22 il keçsə də, xatirələrdə səmimi, xeyirxah, el qədrini bilən bir insan kimi yaşayan Teymur Xəlilovdan söz açmaq istəyirəm.
Mən Teymur müəllimlə eyni bir məhəllədə yaşadığım üçün onun jurnalist olduğunu bilirdim . Bəzən işə gedəndə onunla rastlaşır, salam verib yoluma davam edirdim. Onu yaxından tanımağım isə bir hadisə ilə əlaqədar oldu. Respublikada inşa müsabiqəsi keçirilirdi. Mənim dərs dediyim X sinifdə istedadlı bir şagirdim vardı. Ədəbiyyatı sevir, şeir yazır, inşa yazılarda fikrini sərbəst şəkildə ifadə etməyi bacarırdı. Mən şagirdimin istedadına arxayın olduğum üçün müsabiqədə iştirak etməyi təklif etdim. O, həvəslə bu təklifi qəbul etdi və inşanı yazmağa başladı. Şagirdim "Heydər Əliyev və Azərbaycan" adlı inşanın əvvəlində özünün Ulu Öndərə həsr etdiyi şeiri yazdı:

Xalqının ən böyük nicat yoludur,
O qartal qürurlu vətən övladı.
O, xalqın ürəyi, vuran qoludur,
Fəxrlə çəkilir hər zaman adı.


O, bizim səmanın sönməz günəşi,
O, bizim ən böyük nemətimizdir.
O, vətən bağrından qopan bir parça
O, bizim susmayan haqq səsimizdir.


İnşa 5-6 günə yazıldı. Mən inşanı oxudum, bir neçə orfoqrafik səhvi düzəltdim və inşanı yenə öz şeiri ilə tamamlamağı məsləhət gördüm:


Vətən! Başındakı qara örpəyi
Sənin o qüdrətli oğlun açacaq.
O dərd ocağında, o Qarabağda
Qələbə bayrağı dalğalanacaq.


Tezliklə analar gözlərində yaş
Sevincdən ümmanlar yaradacaqlar.
Həsrətdən soluxan xarı bülbüllər
Vüsal sevincilə açılacaqlar.


Gərgin əməyin nəticəsində gözəl bir inşa yazılmışdı. X sinif şagirdi Büllur Məmmədovanın böyük məhəbbətlə, həvəslə yazdığı inşa. X sinif şagirdinin bu inşanı belə gözəl yazmasının bir səbəbi də anasının Ulu Öndərə olan məhəbbəti, ailədə bu barədə olan söz-söhbətlə bağlı idi. İnşanı müsabiqə üçün təqdim etdim. Bir neçə gündən sonra öyrəndim ki, Bakıya bir inşa göndəriləcək. O da 10 saylı orta məktəbin şagirdinin inşasıdır. O dövrdə həmişə hər sahədə birinci yer mütləq 10 saylı məktəbə verilməli idi. Mənim bu “qızıl qayda”nı pozmaq fikrim yox idi. Sadəcə, xahiş etdim ki, bu inşanı da göndərsinlər. Bir neçə yerə müraciət etdim, komissiya tələb etdim. Yazını göndərmədilər, amma məsələ bununla bitmədi. Mənə qarşı təqiblər başladı. “Yaxşı, savadlı müəllim olsam da, düzgün hərəkət etmədiyimi” (onların ifadəsidir) hər iclasda dedilər. Bu inşaya görə nə qədər əsəb gərginliyi keçirdiyimi bir Allah bilir. Belə günlərin birində Teymur müəllimin həyat yoldaşı Afəridə xanımla rastlaşdım. Axir vaxtlar məni kefsiz gördüyünü, nə baş verdiyini soruşdu. Mən hər şeyi ona danışdım. Həmin günün səhəri o, mənə zəng vurub dedi ki, Teymur müəllim sizinlə görüşmək istəyir. Biz onlara getdik. Teymur müəllim inşanı oxudu, Büllurla xeyli söhbət etdi. İki gün sonra onun məktəbimizə gəldiyini, direktorla görüşdüyünü eşitdim. Aradan bir neçə gün keçdi. Mənim şagirdimə olan diqqətimi, qayğımı, tələbkarlığımı, müəllim şagird
münasibətlərindəki yaxınlığı, səmimiyyəti əks etdirən bir oçerk oxundu Şəki radiosunda. Teymur Xəlilovun “Rəfiqələr” oçerki. Bu oçerk üç dəfə yerli radioda, iki dəfə isə respublika radiosunda səsləndirildi. Bəli, istedadlı jurnalist qələmi məni yersiz söz-söhbətdən qurtardı. Bu inşa müsabiqəsi mənə əsəb gərginliyi gətirsə də, sonda saf mənəviyyatlı, bütün gözəl mənəvi xüsusiyyətləri özündə birləşdirən bir insanla tanışlığıma səbəb oldu. Aradan bir müddət keçdi.
1997-ci ildə şair Vaqif Aslanın “Ruhlarla söhbət” kitabı çapdan çıxdı. Mən V.Aslanla görüş keçirməyi qərara aldım. Görüşün ssenarisini yazdım, şagirdləri hazırlaşdırdım. Teymur müəllimi də rəhbəri olduğu şairlərlə məktəbimizə dəvət etdik. (Teymur müəllim Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədri idi.) Görüşün başlanmasına az qalmış məni direktorun otağına çağırdılar. Qonaqlardan biri dedi ki, əvvəlcə Teymur müəllimə söz verməliyəm, sonra qonaqlara, ən axırda isə şagirdlərim şeir söyləməlidirlər. Mən isə mətni başqa cür yazmışdım. Başqa sözlə desək, şeirləri və poemanı səhnələşdirmişdim. Vaqif müəllimi şagirdim B.Məmmədovanın şeiri ilə təqdim edib, kitabdakı şeirlərin təhlilini verib şeirləri şagirdlərə əzbərlədəcək, ikinci hissədə qonaqlara söz verəcəkdim. Mən heç nə demədim. Onsuz da tədbiri özüm planlaşdırdığım kimi keçirəcəkdim. Qonaq sözünü təkrar edəndə Teymur müəllim : “Biz qonağıq, müəllim necə istəyir, elə də etsin”,- dedi. Həmin an mən Teymur müəllimin xarakterindəki bir cəhəti də kəşf etdim. O, qarşısındakı adama qiymət verməyi bacaran, adından və nüfuzundan istifadə edərək öz sözünü yeritməyi xoşlamayan bir adam idi. Tədbirimiz yüksək səviyyədə keçdi. Teymur müəllim də, qonaqlar da kitab haqqında dəyərli fikirlər söylədilər. Eyni zamanda Teymur müəllim qeyd etdi ki, bu gün şablon tədbirlərdən, görüşlərdən tamamilə fərqli bir görüşün şahidi olduq. Tədbirin təşkili, şagirdlərin şeirləri duya-duya söyləməsi, V.Aslana verdikləri suallar sübut edir ki, bu məktəbdə ədəbiyyata güclü maraq var. Bu da bizi sevindirir. Mən bu görüşün tamamilə fərqli, yüksək səviyyədə keşirilməsinə görə Səhər müəllimə xüsusi təşəkkürümü bildirirəm. Teymur müəllimin bu sözləri mənim üçün ən böyük mükafat idi. Bu tədbirdən bir neçə gün sonra V.Aslan “Vaqif Aslan, nə istərsən?” adlı şeir yazdı. O, bu şeirdə tədbirdə iştirak edən müəllim və şagirdlərin adlarını qeyd etmişdi. Həmin şeir şairin “Oğuz elinə salam” kitabında çap olunub.
Teymur müəllim B.Vahabzadə ilə dost idi. Şair Şəkiyə gələndə onlar görüşürdülər. Belə günlərin birində Teymur müəllim bizə dedi ki, sizi Bəxtiyar müəllimgilə aparmaq istəyirəm. Tarixdən, ədəbiyyatdan söhbət edərik. Biz razılıq verdik. Amma bu görüşün nə məqsədlə olduğunu başa düşmədik. Əlbəttə, türk dünyasının böyük şairi V.Bahabzadə ilə görüşmək, həmsöhbət olmaq ürəyimizcə idi. Biz- həyat yoldaşım və mən Bəxtiyar müəllimgilə getdik. Şairlə tarixdən, ədəbiyyatdan xeyli söhbət etdik. Axırda şair Bəşarət müəllimə dedi ki, istəyirəm nəvəm Bəxtiyara Azərbaycan tarixini mükəmməl öyrədəsiniz. Mənim nəvəm Azərbaycan tarixini- öz tarixini, mənim tariximi mükəmməl bilməlidir. Bizə hər şey aydın oldu. Şair özü tarixi yaxşı bildiyi və həddindən artıq tələbkar olduğu üçün Teymur müəllim bu görüşün nə məqsədlə olduğunu deməyi lazım bilməmişdi. Əgər şair onun məsləhət bildiyi müəllimi bəyənməsə, həm Teymur müəllim özü, həm də Bəşarət müəllim pərt olacaqdı. Bəşarət müəllim şair Şəkidə olduğu müddətdə onun nəvəsi ilə məşğul oldu. Teymur müəllim belə həssas adam idi. Afəridə xanımdan öyrənmişdim ki, Teymur müəllim orta məktəbi gümüş medalla, jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. O həm də partiya məktəbini əla qiymətlərlə bitirmişdi. Ona görə də onu 1998-ci ildə Şəki şəhər İcra Başçısının müavini vəzifəzinə təyin etdilər. Təəssüf ki, Teymur müəllim bu işdə çox işləyə bilmədi. 1999-cu il sentyabrın 2-də amansız ölüm qəflətən onu aramızdan apardı. İndi o hadisədən 22 il keçsə də, Teymur müəllimin əziz xatirəsi onu tanıyan və sevənlərin qəlbində yaşayır. Elə olmasaydı, Teymur müəllimi sevənlər hər il onun anım gününü qeyd etməzdilər. Belə anım günlərindən biri də bu il B.Vahabzadənin ev muzeyində muzeyin müdiri Elşən Zəkəriyyəbəylinin təşəbbüsü ilə keçirilən anım günü oldu. Bu tədbirin B.Vahabzadənin ev muzeyinin geniş həyətində keçirilməsi də rəmzi xarakter daşıyırdı. Tədbirdə iştirak edən qohumlar, tanışlar Teymur müəllim haqqında xoş xatirələrini danışdılar.
El üçün yanan, elini- obasını sevərək yaşayan insanlar cismən ölsələr də, onları tanıyanların xatirələrində həmişə yaşayırlar. Teymur Xəlilov kimi.

                                                                                                                                                                                                                Səhər Nəsib qızı Rzayeva
                                                                                                                                                                                                                 təqaüdçü müəllim

Daxil olundu: 12.11.2021 » Oxundu: 1840
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!