Azərbaycanda müasir tibb ocaqlarının yaradılması üzrə işlərin miqyası ildən-ilə daha da genişlənir. Gəncə Psixiatriya xəstəxanası bunun bariz nümunəsidir. Yeni və müasir standartlara savab verən 200 çarpayılıq 5 mərtəbəli Psixiatriya xəstəxanasının birinci mərtəbəsində Laboratoriya, Stomatoloji kabinet, Şüa diaqnostika şöbəsi, EKQ, Mühasibatlıq şöbəsi, Psixoloq kabineti, Kadrlar şöbəsi və Operator otağı, həmçinin aptek yerləşir. Binanın digər 4 mərtəbəsi xəstələr üçün nəzərdə tutulub.
Psixiatriya xəstəxanasının baş həkimi Elmira Mirzəyeva deyir: «Azərbaycan səhiyyəsinin inkişafı və yenilənməsi dövlət siyasətimizin ən vacib prioritetlərındən biridir. Gəncədə inşa olunmuş belə müasir və bütün lazımi avadanlıqlarla təchiz olunmuş Psixiatriya xəstəxanasının fəaliyyət göstərməsi buna sübutdur. Xəstəxanamıza ən müasir standartlar tətbiq olunub, təzə avadanlıqla təmin olunub, təchizatla bağlı bütün işlər ən yüksek səviyyədə görülub. Xəstəxanada 4 şöbə fəaliyyət göstərir. Onlardan 3-ü kişi, 1-i isə qadınlar üçün nəzərdə tutulub. Xəstələrin yaşaması, mü- ayinəsi, müalicəsi ve reabilitasiyası üçün maksimum şərait yaradılıb. Şöbələrdə ağır xəstələr üçün xüsusi izolyasiya otaqları, hər mərtəbədə sanitar qovşağı, yemək və istirahət otaqları mövcuddur. Xəstələr və personalın rahatlığı üçün xəstəxananın bütün yemək ve istirahət otaqları müasir avadanlıqlarla təchiz olunub. Bundan başqa, yaxınlıqda yerləşən yardımçı binada müasir mətbəx və camaşırxana fəaliyyət göstərir. Psixiatriya xəstəxanasının işçi heyəti hazırda 178 nəfər təşkil edir. Onlardan 8 nəfər həkim, 26 nəfər orta tibb heyəti, 8-i idarəetmə aparatının işçiləri, 25 nəfər təsərrüfat işçiləri, 5-i təsərrüfat bacısı, 106 nəfər isə kiçik tibb işçiləridir. Xəstəxanada saxlanma şəraiti ilə bağlı palata və şöbələrin təmizliyinə, tibbi yardımın təşkilinə, qidalanmaya, xəstələrin gəzinti və yaxınlaqı ilə görüşünə cıddi nəzarət olunur».
Elmira xanım qeyd etdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının İnsan huquqları üzrə müvəkkili (ombudsman), Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun (MPQ) və BMT-nin aidiyyəti qurumları tərəfindən bu tibb müəssisəsinə mütəmadi nəzarət tədbirləri keçirilir. 
Baş həkim rəhbərlik etdiyi xəstəxanada xəstələrin reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün olduqca təsiri olan art terapiyanın tətbiq olunması haqqında da danışıdı. Qeyd etdi ki, burada xəstələr xüsusi ayrılmış otaqlarda tikiş, musiqi, toxuma və rəsmlə məşğul olurlar və bu məşğuliyyət onların sağalmasına çox müsbət təsir göstərir. Xəstələr onlara ayrılmış reabilitasiya otaqlarında bacarıqlarına uyğun işlərə cəlb olunurlar. Binanın həyətinde asudə vaxtlarında şahmat oynamaq üçün xüsusi yer də ayrılmışdır. Xəstəxanaya gələn qonaqlar xəstələrin əl işlərini çox bəyənirlər. Gələcəkdə bu əl işlərindən ibarət olan sərginin də keçirilməsi nəzərdə tutulub. Bu isə burada müalicə alan xəstələrin rifahı üçün böyük təkandır.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Daxil olundu: 07.09.2020 » Oxundu: 1070
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!