1936-cı ildən fəaliyyət göstərən Gəncə şəhər Psixiatreya xəstəxanası nəinki şəhər əhalisinin, hətta ətraf rayon sakinlərinin də xidmətindədir. Xəstəxanın baş həkimi Elmira Mirzəyevadır. O, 30 ildən artıqdır ki, bu xəstəxanada çalışır.
Elmira xanım 1982-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini psixiator ixtisası üzrə bitirib. O, bir il Bakı şəhəri 4 saylı xəstəxanada interna keçdikdən sonra daha bir il də 24 saylı tibb müəssisəsində çalışb. 1986-cı ildən Gəncə Psixiatriya xəstəxanasında işləyir. Elmira xanım bu tibb müəssisəsində əvvəlcə həkim-ordenator, daha sonra – 1991-2013-cü illərdə isə şöbə müdiri olaraq çalışıb. 2015-ci ildə xəstəxanaya baş həkim təyin edilib.
200 çarpayılıq nəzərdə tutulmuş bu xəstəxanada hazırda 130 xəstə müalicə olunur. Burada əsasən təcrübəli və xüsusi həkimlik qabiliyyəti olan mütəxəssislər çalışır. Belə nümunəvi həkimlərdən Cavid Qasımovun, Səadət Əkbərovanın, Rafiq Əliyevin, Yaqut İlyasovanın, Türkanə Əkbərovanın, Xəyalə Əkbərovanın adını çəkmək yerinə düşərdi. Buradakı xəstələrə gündə 4 dəfə isti yemək verilir. Bayram və digər xüsusi günlərdə şəhərin imkanlı insanları burada müalicə olunan xəstələrə sovqat gətirirlər. Xəstəxanaya xəstələrin qəbul qaydası isə ya öz istəyi, yaxud da məhkəmə yolu ilədir.
Elmira xanım bir sevindirici faktı da qeyd etdi ki, yaxın vaxtlarda xəstəxana üçün 5 mərtəbəli yeni bina tikiləcək. Yeni binanın otaqları müasir standartlara uyğun şəkildə nəzərdə tutulub. Bu isə müayinə və müalicələrin daha effektli aparılmasına şərait yaradacaq.
Elmira xanım ailəlidir. 2 qızı və 1 oğlu var. Qızı Röya Bakıda işləyir və ixtisasca psixiatordur. Digər qızı Pəri jurnalistdir, oğlu Rahil isə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsidir. Elmira xanımın həyat yoldaşı Əlisahib Aslanov hüquqşünasdır və hazırda təqaüddədir.
Elmira xanım öz söhbətində səhiyyəyə olan dövlət qayğısından da söz açdı: «Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Tam inamla demək olar ki, son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artmışdır.
Azərbaycan səhiyyəsinin 20-25 il əvvəlki və indiki vəziyyətinin müqayisəolunmaz şəkildə dəyişdiyini kimsə inkar edə bilməz. Məlumdur ki, müstəqilliyimizin ilk illərində müharibə şəraitində yaşayan ölkəmiz iqtisadi çətinliklər içində boğulurdu. Xüsusilə səhiyyədə vəziyyət ürəkaçan deyildi. Lazımi tibbi avadanlıqlar, dərman çatışmırdı. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və nüfuzu sayəsində beynəlxalq qurumlar Azərbaycana kömək etməyə başladılar.
Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik. Görülən işlər əhalinin dövlət tibb müəssisələrinə inamını getdikcə artırır».

Gülağa Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 31.05.2019 » Oxundu: 1844
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!