1940-cı il, 26 oktyabr. Adi günlərdən biri. Bu adi gündə Qax rayonunun İlisu kəndində sadə insan, gənc ailə başçısı Bədrəddin Camalovun sevincinin həddi – hüdudu yox idi. Onun ilk övladı dünyaya gəlmişdi. Ailə sevinc içində idi. Oğlanın adını Süleyman qoydular. O vaxt Bədrəddin nə biləydi ki, gəlişi ilə ailəyə sevinc bəxş edən bu uşaq gələcəkdə minlərlə insanın sevimlisinə çevriləcək, onlara Allahın bəxş etdiyi ömrü sağlam keçirməyə, xəstəliklərə qalib gəlməyə kömək edəcək. Bədrəddin nə biləydi ki, öz gəlişi ilə kiçik bir ailəni sevindirən, əmi qızlarının məhəbbəti və nəvazişi ilə əhatə olunan bu uşaq vaxt gələcək çoxlarının hörmət və məhəbbətini qazanacaq. Bədrəddin bunu bilmirdi. Balaca Süleyman isə qayğı və məhəbbətlə əhatə olunaraq böyüyürdü. O böyüdükcə arzuları da böyüyürdü. Gecələr yatağına uzananda gözlərini yumur, xəyalında özünü ağ xalatda, köməyə ehtiyacı olan xəstələrin yanında görürdü. Səhər isə...Səhər isə xəyalında yaratdığı səhnələri reallığa çevirmək üçün çalışır, çalışırdı. Ən yaxın dostları isə kitablar idi. Nəhayət, 1957-ci ildə orta məktəbi bitirən Süleyman arzularının qanadında Bakıya gəldi və N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə profilaktika fakültəsinə daxil oldu. İnstitutu qurtarandan sonra Zaqatala rayonunun Acınohur kənd xəstəxanasında baş həkim kimi fəaliyyətə başlayan Camalov 1970-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş, dəfələrlə Moskva, Stavropol, Leninqrad şəhərlərində müxtəlif kurslarda biliyini artırmış, ürək, qan-damar sistemi xəstəliklərinin müasir diaqnostika və müalicə üsullarını öyrənmişdir. Elmi nəticələri respublika və MDB ölkələrinin bir çoxunda keçirilmiş simpozium, konfrans və qurultaylarda müzakirə olunan Camalov 110-dan çox elmi məqalənin, 3 metodik tövsiyə və bir monoqrafiyanın müəllifidir.
2000-ci ilin 2 noyabrında Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Əməkdar həkim” fəxri adına layiq görülən , 2010-cu ilin 26 oktyabrında isə “Qafqaz Media” İB-nin təsis etdiyi “Qızıl fonendoskop” diplomu ilə təltif olunan Süleyman həkimin oxuduğu mühazirələrdən, elmi-tədqiqat əsərlərindən, terapevt-kardioloq kimi fəaliyyətindən çox danışmaq olar. Ancaq xəstələrin həkimi sevməsinin səbəbi onun elmi əsərləri deyil. Bəs nədir? Süleyman həkimin hər xəstəyə xəstənin psixoloji durumuna görə yanaşma üsulu var. “İnam müalicənin yarısıdır” deyiblər. Yanına gələn xəstələrdə sagalacağına ümid yaradır Süleyman həkim. Söylədiyi duzlu, məzəli lətifələr, atalar sözləri, mehriban davranışı ilə. Bizim ailədə yoldaşım xəstələnəndə yalnız ona müraciət edir. “Onunla danışandan, görüşəndən sonra özümü yaxşı hiss edirəm”,- deyir. Məncə, xəstənin həkimə olan inamı onun sağalmasında əsas rol oynayır. Süleyman həkim həm də gözəl müəllimdir. Söylədiyi mühazirələr, gənclərə xüsusi qayğı ilə yanaşması, bildiklərini onlara sevə-sevə öyrətməsi bu həkimin xeyirxahlığından xəbər verir. Bütün bu gözəl keyfiyyətlərinə görə işlədiyi kollektiv üzvlərinin və tələbələrin hörmət və məhəbbətini qazanan Süleyman həkim sözün əsl mənasında sənətinin vurğunudur və həkim olduğu üçün özünü xoşbəxt sayır.
Əziz həkimimiz! Ailəmizin sizə olan sonsuz hörmət və məhəbbətinin ifadəsi kimi bu məqaləni yazmağı özümə borc bildim. Həmişə fiziki cəhətdən sağlam, ruhən cavan qalmağınızı arzu edirik.

Səhər Rzayeva
Şəki şəhər M.Füzuli adına 3 saylı tam orta
məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Daxil olundu: 20.02.2019 » Oxundu: 3534
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!