Xeyirxahlıq insan xarakterinin ən mükəmməl xüsusiyyətlərindən biridir. Bu müsbət keyfiyyət bəzilərində çox, bəzilərində nisbətən az olsa da, insanla bərabər doğulan bu hissi inkişaf etdirib daha da mükəmməlləşdirmək əslində böyük hünərdir. Bu insani keyfiyyət vəzifə borcu ilə birləşəndə, rəsmiyyətə çevriləndə isə daha təkmil olur.

Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin sədri Ülviyyə Vəliyeva məhz öz xeyirxahlığını rəsmiyyətə çevirmiş insanlardandır. O, uzun illərdir ki, Həmkarlar komitəsinin sədridir və insanlara bəxş etdiyi xeyirxahlığını vəzifə borcu kimi təqdim etməyi daha məqsədəuyğun hesab edir. Bu, bir tərəfdən onu haqlı göstərsə də, digər tərəfdən bu etirafın təvazö pərdəsindən özgə bir şey olmadığını görməmək də mümkün deyil. Axı insanın varlığında olmayan bir duyğuya onu kim məcbur edə bilər?! Xeyirxahlıq isə Ülviyyə xanımın qanında, canındadır desək, yəqin ki, səhv etmərik. Əgər belə olmasaydı "Mən daxili rahatlığımı ehtiyacı olan insanın köməyinə çatdığım zaman tapıram" – deyə düşünməzdi.

Ülviyyə Vəliyeva 1973-cü ildə Goranboy rayonunda dünyaya gəlib. 1991-ci il dən ailə quraraq Mingəçevir şəhərinə köçüb. Ziyalı xanım əmək fəaliyyətinə 1997-ci ildən Mingəçevir şəhər Dövlət Həmkarlar komitəsində xəzinədar, 2000-ci ildən baş mühasib, 2011-ci ildən isə DİİXİHİ Mingəçevir şəhər komitəsinin, 2018-ci ildən isə DİİXİHİ Gəncə şəhər komitəsinə sədr vəzifəsinə seçilib.

Gəncə şəhər komitəsində görülmüş işlər barədə ətraflı məlumat verən komitə sədri bildirdi ki, komitənin hazırda 1800-ə yaxın üzvü vardır. Ülviyyə xanım qeyd etdi ki, 44 günlük Vətən müharibəsi zamanı əsgər və zabitlərimizə həmişə dəstək olmuşuq. Şəncə şəhidlərinin hər birinin ailələri ilə görüşüb maddi və mənəvi yardımlar etməyi özümüzə borc bilmişik. Həmçinin Ermənistan tərəfindən Gəncəyə atılan ballistik raketlərdən xəsarət alan mülki şəxslərə komitə tərəfindən köməklik göstərilib, xüsusən də mənzil kirayəsinin ödənilməsinə. Ülviyyə xanım da onu da qeyd etdi ki, birində 2, digərində 3 uşağı olan iki şəhid ailəsini himayəyə götürüblər. Qazilər də unudulmur və vaxtaşırı ehtiyacı olanlara maddi yardımlar edilir.

İttifaq üzvlərindən 54 nəfəri Vətən müharibəsi iştirakçısıdırdır. Bu yaxınlarda böyük təntənə ilə qeyd edilmiş Zəfər Günü münasibəti ilə həmin döyüşçülərin hər biri ittifaq tərəfindən mükafatlandırılıb. Koronavirusla əlaqədar 2 il ərzində ehtiyacı olan ittifaq üzvlərinin 200 nəfərinə müəyyən məbləğlərdə maddi və ərzaq yardımları olunub.

Ülviyyə xanım onu da qeyd etdi ki, təqaüdə çıxan üzvlərə fəxri fərman və pul mükafatları, həmçinin hədiyyələr təqdim edilir. Keçən il 40 nəfər komitə üzvü istirahət üçün müxtəlif istirahət mərkəzlərinə göndərilib. Bu il isə 29 komitə üzvü 1 həftəlik istirahət mərkəzlərinə

yollanılıb. 23 iyun Dövlət Qulluqçuları Günü münasibəti ilə 307 nəfərə qiymətli hədiyyə və fəxri fərman təqdim edilib.

Ülviyyə xanım bütün bu işlərin həyata keçməsində Gəncə şəhər İHB Niyazi Bayramovun komitəyə yaxından köməklik göstərməsini xüsusi qeyd etdi. Bu isə dövlətin birbaşa dəstəyi, diqqət və qayğısıdır.

Hazırda Türkiyə Respublikasının Atatürk Universitetində “Kamu oyun yönətimi” fakultəsindəı ikinci təhsil alır. Ülviyyə xanım həmçinin tanınmış qələm sahibidir. O, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, "Qızıl qələm" media mükafatı laureatıdır

Gülağa Cəfərov

Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 24.01.2022 » Oxundu: 441
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!