TƏRANƏ NAĞIYEVA
filologiya üzrə fəlsəfə doktoru
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Filologiya fakültəsi
https://orcid.org/0000-0002-5322-2446
terane.nagiyeva.79@mail.ru
“Mən 1993-cü ildə Bakıya gələrkən, bizim əkdiyimiz, becərdiyimiz bəzi ağacların kəsildiyini görəndə, elə bildim ki, məni yaralayıblar. Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir... İnsan qurmalıdır, yaratmalıdır... Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir”.
Heydər Əliyev.
Atmosferin insan həyatındakı müsbət rolu danılmazdır. Lakin bu gün biz bəşəriyyəti, bütün canlıları qoruyan və yaşadan atmosferə necə zərbə vurduğumuzun fərqində deyilik. Anlamırıq ki, təbiətə qarşı etdiyimiz hər bir yanlış addım, hər bir səhv hərəkət və ya hər bir etinasızlıq zərbə olub özümüzə qayıtmaq yolundadır. Sürətli addımlarla bizə qarşı gəlməkdə olan bu əzici zərbələrdən qurtulmaq üçün biz təbiətə qayıtmalı, onun könlünü almalı, ona qarşı humanist rəftar etməklə dünyanı, yaradılışı, həyatı amansız təhlükədən qurtarmalıyıq. Bunun üçün bütün insanlar irqindən, irsindən, dinindən, milliyətindən, sənətindən, tutduğu vəzifədən, yaşından aslı olmayaraq birləşməli, həmrəy olmalı, bir həkimə dönməli yataqda olan, xəstə düşən təbiətimizi sağlamlığına qovuşdurmaq üçün çaba göstərməlidir. Əks halda bu naxoşluq yolxucu xəstəlik kimi hamımıza yoluxar və bəşəriyyətin sonuna səbəb olar.
Alimlər bu təhlükə barədə xeyli vaxtdır ki, məlumat vermiş və planetimizi iqlim dəyişikliyindən qorumaq üçün birgə işləməyin lazım olduğunu dövlət rəhbərlərinə bildirmişlər. Dünya ölkələrini birləşdirən beynəlxalq təşkilat – Birləşmiş Millətlər Təşkilatı – BMT – dövlət başçılarını hər il bir ölkədə toplayır və bu görüşdə insanlar iqlim dəyişikliyinin, hava və suyun çirklənməsinin, bitki və heyvanlara təsirimizin qarşısının alınması məsələlərini müzakirə edirlər. Bu, hamımız birlikdə həyətimizdəki zibilləri necə təmizləyəcəyimizə qərar verəndə olduğu kimidir. Beləliklə, COP (Conference of the Parties) ölkələrin bir araya gəldiyi görüşdür. COP-da ölkələr çirklənməni azaltmaq və təbiəti qorumaq üçün hamının nə edəcəyi barədə razılığa gəlir. Bu, evimizi təmiz saxlamaq üçün hamımızın görməli olacaq işləri etməkdir.
Deməli, bütün insanların iqlim dəyişikliyinə qarşı birgə fəaliyyətə cəlb edilməsi və maarifləndirilməsi yaşadığımız dövr üçün ən vacib məsələlərdən biridir.
Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizəyə hər zaman öz töhfəsini verir. Belə ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prio ritetindən biri “Təmiz ətraf mühit və “Yaşıl artım” ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bər pası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Məhz bu baxımdan iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli 4233 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Həmçinin 2024-cü ildə Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi edəcəkdir.
İqlim dəyişikliyi hər bir ölkəyə təsir edir. Bu, ölkələrin iqtisadiyyatını zəiflədir, insanların rifahına mənfi təsir edir, bir sözlə, həm fərdə, həm də cəmiyyətə bu gün də, gələcəkdə də baha başa gəlir. İnsanlar iqlim dəyişikliyinin, o cümlədən dəyişən hava şəraitinin, dəniz səviyyəsinin qalxmasının və daha ekstremal hava hadisələrininin təsirlərinə məruz qalırlar. İnsan fəaliyyəti nəticəsində istixana effekti yaradan qazların emissiyası (emissiya – çirkli maddələrin ətraf mühitə buraxılması) iqlim dəyişikliyinə təkan verir və qaz emissiyası artmağa davam edir. İndi onlar tarixdəki ən yüksək səviyyəyə çatmışdır. Heç bir tədbir görülməzsə, dünyanın orta səth temperaturunun 3°C yüksələcəyi proqnoz olunur.
Çox təəssüf ki, insan fəaliyyətinin çox hissəsi atmosferə əlavə karbon qazı buraxır ki, bu da iqlim dəyişikliyini sürətləndirir. Biz nə edə bilərik? Mənim atmosferə nə zərərim var ki? Qoy bunu dünyanı idarə edənlər düşünsün. - deyib yaxamızı kənara çəkməməliyik.
Əslində bu həmrəyliyi hər birimiz öz ailəmizdən başlamalıyıq. Bacardığımız qədər suya və elektrik enerjisinə qənaət etməliyik. Hər birimiz çalışmalıyıq ki, müəyyən məsafələrə piyada, ictimai nəqliyyatla (avtobus, metro) və ya velosipedlə hərəkət edək. Şəxsi və ictimai istifadədə olan əşyalardan səliqəli və qənaətlə istifadə edək. Alış-veriş zamanı zəruri məhsulları alaq, düşünülməmiş addımlar atmayaq. Boşqabımıza yeyə biləcəyimiz qədər xörək qoyaq, qida tullantılarını azaldaq. Plastik qablardan istifadəni minimuma endirək.
Uzaqgörən siyasətçi İlham Əliyev humanist fikirlər və əməllərlə dünya liderlərinə örnək olan bir prezidentdir. Onun heç bir mübaliğəyə və tərifə ehtiyacı yoxdur. Təkcə onu qeyd edə bilərik ki, ölkəmizə prezident olduğu bu 21 ildə Azərbaycanın inkişafı, çiçəklənməsi, torpaqlarının bütövlüyü, xalqımızın əmin-əmanlığı naminə nə qədər mübarizə aparıbsa, təbiətinin qorunması və bərpası üçün də o qədər çalışıb. Təsdiqləmək üçün deyə bilərik ki, Heydər Əliyev Fondunun ekologiyanın və ətraf mühitin qorunmasına xidmət edən “Ağac əkək” layihəsi bu sahəyə böyük töhfədir. Fondun prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə də həyata keçirilən layihə çərçivəsində ölkəmizdə yüzlərlə hektar ərazi yaşıllaşdırılıb. 2019-cu ilin noyabr ayında dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü işin davamlılığının misilsiz təsdiqi sayılır.
Azərbaycan dövlətinin bu yöndə göstərdiyi çoxsaylı səylərdən biri də işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonaları elan edilib. Bu gün sadalanan ərazilərimizdə vandal düşmənin izlərinin təmizlənməsi yolunda tikinti-quruculuq işləri sürətlə aparılır. Lakin erməni terrorçuları tərəfindən sahələr minalandığından yaşıllaşdırma prosesi kütləvi deyil, tədricən həyata keçirilir. Dövlətimizin tədbiri, sözsüz ki, bununla yekunlaşmır, gələcəkdə də Zəngilanda və meşə fondu olan digər rayonlarda tinglik təsərrüfatlarının yaradılması nəzərdə tutulur.
Bütün görünən və görünməyən təhlükələrə rəğmən Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Yaşıl Azərbaycan” uğrunda çoxsaylı səyləri davam etməkdədir: BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi barədə yekdil qərarın qəbul edilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimad əlamətidir, o cümlədən ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin mühafizəsi onun iqlim dəyişikliyinin qarşısının alınmasına verdiyi töhfənin qiymətləndirilməsinə ən bariz nümunədir.
Gəlin, evimizi, ailəmizi, vətənimizi, dünyamızı, gələcəyimizi qoruyaq. Həmrəy olub təbiətimizi təhlukədən xilas edək. Bizi həyatda saxlamaq üçün fədakarçasına hər çətinliyə sinə gərən Ana təbiətimizə laqeyd olmayaq. Hər birimiz “Yaşıl dünya naminə” israfçılıqla, biganəliklə, təbiətimizə qarşı ögəyliklə mübarizə aparaq. Bizi sevib qucağında bəsləyən bu gözəlliyin qədrini bilək, onu cənnətə döndərək!
ƏDƏBİYYAT:
1.https://president.az/az/articles/view/62737
2.https://kualalumpur.mfa.gov.az/en/news/3267/2024-cu-il-azerbaycandayasil-dunya-namine-hemreylik-ili-elan-edilib
3.https://www.trims.edu.az/noduploads/book/yasil-dunya-naminahamraylik-darslari-1725868257-752.pdf
4.https://sosial.gov.az/media/iller/2024-yasil-dunya-namine-hemreylikili/2024-cu-ilin-yasil-dunya-namine-hemreylik-ili-elan-edilmesihaqqinda-azerbaycan-respublikasi-prezidentinin-serencami