Yevlax Şirvan Meşə Meliorasiya İdarəsinin rəisi Telman Əsədov 1960-cı ildə Yevlax rayonunun Aran qəsəbəsində anadan olub.
1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri institutunu meliorasiya ixtisası üzrə bitirib. Elə həmin il təyinatla Yuxarı Qarabağ Kanal İstismar idarəsində əmək fəaliyyətinə başlayıb. 1993-cü ilə qədər burada çalışan Telman müəllim daha sonra əmək fəaliyyətini Melioservis idarəsində baş mühəndis olaraq davam etdirib. 1996-2002-ci illərdə Yuxarı Qarabağ Kanal İdarəsində mexaniki dəstənin rəisi, 2003-cü ildə Melioservis idarəsinin rəisi vəzifələrində çalışıb. 2004-2015-ci illərdə Yevlax Suvarma İdarəsinin rəisi, 2015-2016-cı illərdə Yuxarı Şirvan Kanal İstismar İdarəsinin rəisi işləyib. 2016-cı ildən isə Yevlax Şirvan Meşə Meliorasiya idarəsinə rəis təyin olunub.
İdarənin hazırda 292 işçi qüvvəsi vardır. Burada orta aylıq əmək haqqı 150-200 manat civarındadır. Bütün lazımi texnikalarla təmin olunun idarəyə son illərdə 4 ədəd Hundayi markalı texnika da verilmişdir. İdarənin 2014 km kollektor ərazisi, həmçinin 2455 hektar meşə ərazisi vardır. Onlardan 600 hektarı süni, 1955 hektarı isə təbii meşə ərazisidir.
Meşə ərazisində əsasən çinar, nar, heyva, qovaq, iydə və sair ağaclar üstünlük təşkil edir. Bu il ərazidə 100 min ədəd ting əkilib. İdarənin 1 hektar tinglik ərazisi vardır.
Telman müəllim öz işini sevən, tutduğu vəzifəyə böyük məsuliyyətlə yanaşan peşəkar bir mütəxəssisdir. Çalışdığı sahədə əldə etdiyi uğurlar dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmiş və müxtəlif mükafatlarla mükafatlarlandırılıb. O, 2009-cu ildə isə ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə «Tərəqqi» medalına layiq görülüb.
Telman müəllim söhbət zamanı idarənin nümunəvi işçilərindən olan baş mühəndis Zülfüqar Babayevin, Ağdaş sahə rəisi Elmar müəllimin, həmçinin Adil, Fəti, Vaqif, Elşən, Şah, Kamal və başqalarının adını çəkməyi özünə borc bildi. Həmçinin qeyd etdi ki, məhz belə zəhmətkeş və məsuliyyətli işçilərin sayəsində respublika ərazisindəki yaşıllıqların, meşə zolaqlarının sahəsini artırmaq heç də çətin deyildir. Ümumiyyətlə, insan başa düşəndə ki, gördüyü iş vətəninin, xalqının rifahı, sağlam həyat tərzi, gələcəyi üçün çox gərəklidir, onda işləməyə də böyük həvəsi, marağı yaranır. Bu isə vətənpərvərlikdən, el-oba təssübkeşliyindən xəbər verir.
Telman müəllim ailəlidir. 2 oğlu, 2 qızı və nəvələri var. Qızları müəllimlik sənətini seçiblər. Oğlu Cavid Əsədov isə respublikanın tanınmış idmançılarındandır. O, karate üzrə Avropa və dünya çempionudur. Azərbaycan Dövlət Aqrar Universitetinin meliorasiya ixtisası üzrə məzunu olan Cavid hazırda Aran İdman Məktəbinin kinqboks üzrə məşqçi-müəllimidir.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 20.02.2019 » Oxundu: 2118
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!