Ta qədimdən istər dini, istərsə də vətəndaşlıq baxımından əl tutmaq, yardım etmək ən ali insani keyfiyyət hesab edilib. Milliyyətindən, dinindən asılı olmayaraq bütün dövrlərdə xeyriyyəçi insanların xalq arasında xüsusi hörməti olub. Deyirlər əl tutmaq Əlidən qalıb. Amma tarixə nəzər salsaq görərik ki, xeyriyyəçiliyin tarixi İslam dinindən də qədimdir. Həqiqətən də yaxşı iş, savab əməl hər zaman təqdir olunmalıdır. Çünki insanlar, sadə vətəndaşlar dövlətinə, ölkəsinə sığınmaqla yanaşı, xeyriyyəçi insanlara da daha çox güvənir, ən çətin məqamlarında onların xeyir əməllərindən bəhrələnməyə çalışırlar.
Belə xeyriyyəçi insanlardan biri də Yadigar Dadaşovdur. Xalq arasında böyük nüfuz və hörmətə malik olan Yadigar müəllim 1961-ci ilin 22 iyununda dünyaya göz açıb. 1992-ci ildə Azərbaycan Politexnik İnstitutunu iqtisadçı-mühəndis ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə Azərkabel zavodunda baş anbardar kimi başlayıb. Daha sonra İdman komitəsində metodist işləyib.
Yadigar müəllim bir müddətdən sonra şəxsi biznesini qurmaq qərarına gəlib və o, 2007-ci ildə «Yaşar» firmasını yaradıb. Burada 200-dən artıq insan çalışır. Bu isə 200-dən artıq ailənin gündəlik ruzi ilə təmin olunması deməkdir. O, burada çalışan işçilərə əməkhaqqından əlavə olaraq xüsusi günlərdə, bayramlarda, həmçinin hər hansı gözlənilməz hadisələr zamanı maddi yardımlar edir, lazımi anlarda mənəvi dəstək olmağa çalışır. Qurban bayramında qurbanlıq kəsdirib bütün işçilərinə, imkansız ailələrə paylayır. Ən əsası isə gördüyü xeyirxahlıqlar haqqında danışmağı sevmir.
Bu haqda elə işçiləri də söylədilər. Dedilər ki, Yadigar müəllim haqqında nə qədər xoş söz desək, yenə də azdır. Çünki o, bütün xoş sözlərə layiq olan insandır. O hər zaman kasıb ailələrə kömək olub. Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri isə Yadigar müəllimi doğma qardaşları hesab edirlər. Hər zaman çətinə, dara düşəndə kömək üçün onun yanına gəlir, mənəvi və maddi dəstəyindən yararlanırlar.
Yadigar müəllim gələcəkdə öz şəxsi biznesi hesabına xeyirxahlıq missiyasını bir az genişləndirmək fikrindədir. «Harada çalışıb işləməyimdən asılı olmayaraq hər zaman dövlətimə və xalqıma xidmət etməkdən mənəvi zövq alır, daxili rahatlıq duyuram», – söyləyir Yadigar müəllim.
Bizim isə: «Tanrı qəlbinizə görə versin, Yadigar müəllim» – deməkdən başqa sözümüz yoxdur.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 20.02.2019 » Oxundu: 1658
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!