«Heydər Əliyevin ölkəmizə hələ birinci rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. O illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün çox iş görülmüşdü.
Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində özünü bütün sahələrdə qabarıq göstərən ideoloji-siyasi, iqtisadi böhran səbəbindən idman siyasəti də bir qədər diqqətdən kənarda qalmışdı.
Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı.
Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, idman da diqqət və qayğıdan kənarda deyil.
Azərbaycan xalqının fiziki-mənəvi sağlamlığına çalışan cənab İlham Əliyev idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini daima diqqətdə saxlayır, respublikamızın idman imicinin yüksəlməsinə ciddi yanaşır. Dövlət başçısı Azərbaycanın bütün rayonlarında idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bütün bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir».
Bu sözləri Şəki şəhər Uşaq Gənclər İdman-Şahmat Məktəbinin direktoru Saniyə Babayeva söylədi. Uzun illər idman sahəsində çalışmış Saniyə xanım 1959-cu ildə Xaçmaz rayonunda anadan olub. 1983-cü ildə Bakı Bədən Tərbiyəsi institutunu bitirib. Əmək fəaliyyətinə idman komitəsində başlayıb. Daha sonra rayonun Şahmat məktəbində 19 il tədris hissə müdiri vəzifəsində çalışıb. 2019-cu ilin sentyabr ayında Şəki şəhər Uşaq Gənclər İdman-Şahmat Məktəbinə direktor təyin edilib.
Saniyə xanım məktəb haqqında məlumat verərək bildirdi ki, məktəbdə şagirdlərin idmanla lazımi səviyyədə məşğul olmaları üçün hər cür şərait yaradılıb. Məktəb bütün lazımi avadanlıqlarla təchiz olunub. Burada hazırda 480 şagird idmanla məşğul olur. Şagirdlər idmanın basketbol, şahmat, voleybol növlərinə daha çox maraq göstərirlər. Məktəbin xeyli sayda ümidverici idmançıları var. Məktəbin 12 yaşlı şagirdi Süleymanlı Süleyman şahmat üzrə Avropa birinciliyində əmsalla əlaqəli uğurlu nəticə əldə edib. 8 yaşlı Kərimli Yusif də Beynəlxalq yarışların layiqli iştirakçılarındandır.
Əməkdar məşqçi-müəllim Gülnarə Süleymanlı, Sadiq Mehtiyev, Tural Babayev, Günel Məmmədova və digərləri məktəbin nümunəvi müəllimlərindəndir. Onu da qeyd edək ki, voleybol üzrə məşqçi-müəllim Murad Abdurəhmanzadənin, basketbol üzrə məşqçi-müəllimlər Rəhman Bəkirovun, Vüqar Musayevin, Vüqar Məmmədovun şagirdləri respublikada və xarici ölkələrdə keçirilən idman yarışlarında daha uğurlu nəticələr əldə edirlər.
İnanırıq ki, məktəbin idmançıları qədəm qoyduğumuz yeni ildə daha uğurlu nəticələr əldə edəcək və məktəbin idman şərəfini layiqincə qoruyacaqlar.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 10.01.2020 » Oxundu: 248
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!