Məlumdur ki, “Azərbaycan dilinin orfoepiya normaları” sonuncu dəfə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun 18 iyun 2021-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq olunmuşdur. Azərbaycan dilinin sonuncu orfoepiya normalarında ümumi müddəalarla bərabər, saitlərin, samitlərin, şəkilçilərin, ixtisar və qısaltmaların, eləcə də vurğunun tələffüzünə dair konkret qaydalar əsasən tipik nümunələr əsasında ümumiləşdirilmiş və maddələr şəklində öz əksini tapmışdır. Azərbaycan dilinin orfoqrafiya qaydaları və lüğəti ilə müqayisədə yeni çap olunmuş orfoepiya qaydaları və lüğətinin, demək olar ki, olmaması bu qərarın əhəmiyyətini daha da artırmış olur.
Sevindirici haldır ki, “Azərbaycan dilinin orfoepiya lüğəti”nin hazırlandığı ərəfədə AMEA Nəsimi adına Dilçilik İnstitutu “Azərbaycan dilinin yeni orfoepiya normaları”nın mübahisəli bəndləri ilə bağlı yenidən müzakirə keçirir. Əlbəttə, bu, çox gözəl təşəbbüsdür. Ədəbi dilimizin inkişafı, orfoepik normaların sabitləşməsi, təklif olunan qaydaların saflaşması baxımından belə elmi müzakirələrin təşkil edilməsi hər zaman öz aktuallığını qoruyub saxlayır. Təbii ki, belə məsələlərin vaxtında ictimaiyyətin müzakirəsinə təqdim olunması da, ümumtəhsil məktəblərində, eləcə də ali məktəblərdə bilavasitə tədrislə məşğul olan müəllimlərin, xüsusən də Azərbaycan dili və ədəbiyyat müəllimlərinin fikir və təkliflərinin saf-çürük edilərək nəzərə alınması olduqca mühüm əhəmiyyətə malikdir. Bu mənada AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun bu addımını müsbət qiymətləndirir və dəstəkləyirik.
Biz də həmin təşşəbbüsü yüksək dəyərləndirərək gələcəkdə çap olunacaq “Azərbaycan dilinin orfoepiya lüğəti”ndə və “Azərbaycan dilinin yeni orfoepiya normaları”nda müvafiq qaydaların daha da saflaşması, sabitləşməsi üçün bəzi bəndlərlə bağlı təklif və fikirlərimizi təqdim edirik:
Qaydaların 2.5.3-cü yarımbəndində belə bir məqam var: “ae, ea, eə, əa, eo, üa, üə, au, ua, ue, uə yanaşı saitlərinin işləndiyi sözlər yazıldığı kimi və uzanma hadisəsi baş vermədən tələffüz olunur: aerodrom [aerodrom], aeroport [aeroport], okean [okean], realizm [realizm], teatr [teatr], fəaliyyət [fəaliyət], səadət [səadət], teorem [teorem], müalicə [müalicə], müavin [müavin], müəllim [müəllim], müəllif [müəllif], aktual [aktual], aul [aul], dua [dua], duel [duel], maneə [maneə], məcmuə [məcmuə], mətbuat [mətbuat], pauza [pauza], Rauf [Rauf], taun [taun], Zaur [Zaur] və s.”
Burada ictimaiyyətin daha çox fikir bildirdiyi söz “müəllim” sözüdür. Əvvəlki qaydalara görə, bu sözün yazılışı və tələffüzü fərqlənirdi. Belə ki, həm eliziya hadisəsi, həm də uzanma özünü göstərirdi. Yeni qaydalarda isə yuxarıda qeyd olunduğu kimi, deyiliş və yazılış arasında bir fərq yoxdur. Əslində, Azərbaycan dilinin orfoqrafiya lüğətində müəllim, müəllif sözləri ilə bərabər, “müəssisə”, “müəyyən”, “müəmma” sözləri də var. Ərəb-fars mənşəli bu sözlərdə bir sistem özünü göstərir. Əgər “müəllim” sözü əvvəlki kimi “mə:llim” deyilsə, onda gərək “müəmma” sözü də “mə:mma” olsun?! Ona görə də bu sistemi əsaslandırıb son variantı saxlamaq olar. Bizə görə, uyğun düzəlişdir.
Sonu müxtəlifcinsli ft, xt, st, şt samitləri ilə bitən sözlərin (3.9.) tələffüzü ilə bağlı qaydalar aşağıdakı kimi verilmişdir:
3.9.1. belə sözlərdən sonra samitlə başlayan şəkilçi və ya söz işləndikdə, t hərfi tələffüz olunmur: behiştdən [behişdən], behişt müjdəsi [behiş müjdəsi], xoşbəxtsən [xoşbəxsən], xoşbəxt tale [xoşbəx tale], neftdən [nefdən], neft quyusu [nef quyusu], turist bazası [turis bazası], turistlər [turisdər] və s.;
3.9.2. belə sözlərdən sonra saitlə başlayan şəkilçi və ya söz işləndikdə, t hərfi [d] kimi tələffüz olunur: behiştin [behişdin], behişt arzusu [behişd arzusu], xoşbəxtin [xoşbəxdin], xoşbəxt adam [xoşbəxd adam], neftin [nefdin], neft axını [nefd axını], turistin [turisdin], turist avtobusu [turisd aftobusu] və s.
“T” samitinin onun cingiltili qarşılığı olan “d” samiti ilə əvəz olunması bütün sözlərdə özünü doğrulda bilmir. Burada verilmiş xoşbəxtin [xoşbəxdin], xoşbəxt adam [xoşbəxd adam], neftin [nefdin], neft axını [nefd axını], turistin [turisdin], turist avtobusu [turisd aftobusu] söz və birləşmələrinin özləri belə uyğun gəlmir, dilə yatmır. Bəs onda t samitinin tələffüzü göstərilən məqamda motarist, realist, artist, yumorist, jurnalist, taxt, sərbəst və s. kimi sözlərdə necə olur?! “Atam motarist işləyir” cümləsini [Atam matorisd işdiyir.] şəklində demək lazımdır?! Realist ədəbiyyatının görkəmli üzvlərindən biri də odur cümləsini [Realisd ədəbiyatının görkəmli üzvlərinnən biri də odu.] şəklindəmi deyək?!
Bu qaydanı yenidən nəzərdən keçirib üzərində işləmək lazımdır.
3.12.5-ci maddədə Azərbaycan mənşəli təkhecalı sözlərin sonundakı k samitinin tələffüzünə aid qaydada nümunə kimi verilmiş “türk dövlətləri” birləşməsinin tələffüzü [türk dövlətdəri] şəklində olmalı idi. Qaydada [türk dövlətləri] şəklində gedib.
Şəkilçilərin tələffüzü bölməsində 4.6.6-cı yarımbənddə verilmişdir ki, -lar,-lər şəkilçisi [-dar,-dər], [-rar,-rər], [-nar,-nər] kimi tələffüz olunur: alətlər [a:lətdər], atlar [atdar], buludlar [bulutdar], dənizlər [dənizdər], əsgərlər [əsgərrər], qızlar [qızdar], mislər [misdər], narlar [narrar], oğlanlar [oğlannar], sərhədlər [sərhətdər], səslər [səsdər] və s.
Lakin bu qayda da –lar,-lər şəkilçili bütün sözlərdə özünü doğrultmur. Belə ki, dilimizdə -lar,-lər morfemli sözlərin ədəbi tələffüzə uyğun olaraq yuxarıda verilmiş variantlarla bərabər, həm də fonetik prinsip əsasında yazıldığı kimi tələffüz olunduğu hallar da var. Məsələn:
Kölgə düşür bağ arası cığırlara, izlərə
Çökür axşam sərinliyi təpələrə, düzlərə. (A.Cəmil)
Burada cığırlar, izlər, düzlər sözündən fərqli olaraq, təpələr sözündəki cəmlik şəkilçisi yazıldığı kimi də tələffüz edilir. Yaxud da analar, atalar, bacılar, dərələr, çaylar və s. kimi onlarla sözdə belə hal özünü göstərir. Ona görə də qaydada redaktə xarakterli düzəliş etmək lazımdır: -lar,-lər şəkilçisi ədəbi dildə [-dar,-dər], [-rar,-rər], [-nar,-nər] və [-lar,-lər] kimi tələffüz olunur.
4.6.7-ci yarımbənddə göstərilir ki, -laq şəkilçisi [dax] kimi tələffüz olunur. Nümunə kimi də duzlaq [duzdax], qışlaq [qışdax], otlaq [otdax] sözləri verilir. Bəs onda yaylaq, udlaq, çaylaq və s. kimi sözlər necə tələffüz olunur? [yaydax], [uddax], [çaydax] ?! Bu bəndi də yenidən nəzərdən keçirmək lazımdır.
4.15-ci yarımbənddə bir cür yazılan ərəb-fars mənşəli -stan şəkilçisi dördvariantlı -ıstan, -istan, -ustan, -üstan şəkilçiləri kimi verilmişdir. Əslində, həmin şəkilçinin əvvəlinə müvafiq qapalı saitlərin əlavə olunmağı sözün sonuncu hərfinin sait və samit olmağına görədir. Ona görə də onu dörd variantlı verməyə ehtiyac yoxdur.
İxtisarların və qısaltmaların tələffüzü bölməsində 5.1.1-ci və 5.1.3-cü yarımbəndlərində bir-birlərinə zidd olan məqamlar var. 5.1.1-ci yarımbənddə qeyd olunur ki, ixtisarlar yalnız sait və ya samit hərflərdən ibarət olduqda, onlar hərflərin əlifbadakı adlarına uyğun tələffüz olunur: Elmlər Akademiyası – EA [E-A], Dövlət Təhlükəsizliyi Xidməti – DTX [De-Te-Xe], Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası –BŞTTTYS [Be-Şe-Te-Te-Te-Ye-Se] və s.
5.1.3-cü yarımbəndə isə göstərilir ki, tərkibində L, M, N, R hərfləri olan ixtisarlarda, həmin hərflərdən əvvəl gələn digər samit hərfin adındakı sait səs nisbətən uzun tələffüz olunur: Birləşmiş Millətlər Təşkilatı – BMT [Be:M-Te], AFR [A-Fe:R], Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – ƏƏSM [Ə-Ə-Se:M-eN], Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi – BŞMŞBİ [Be-Şe:M-Şe-Bİ] və s.
BMT-də hərflərin hamısı samit deyil?! Burada süni uzanmadan başqa, M samitinin tələffüzündəki fərqli məqam nədən qaynaqlanır?!
Ümumiyyətlə, yaxşı olar ki, ixtisarların və qısaltmaların tələffüzü bölməsində maddələr daha da aydın şəkildə qruplaşdırılsın, ixtisarlar və qısaltmalarla bağlı şəkilçilərin yazılış və tələffüzünə dair konkret bəndlər əlavə edilsin.
İnanırıq ki, sistemli, ardıcıl müzakirələrdən sonra “Azərbaycan dilinin orfoepiya normaları”nın təsdiq olunacaq gələcək variantında müəyyən bəndlərdəki dəyişiklik və düzəlişlərin aparılmasında geniş şərhə ehtiyac duymadan təqdim etdiyimiz bu fikir və təkliflərin də müəyyən qədər köməyi olacaq.

İlkin Əsgərov
filologiya üzrə fəlsəfə doktoru İlkin Əsgərov
ADPU-nun Azərbaycan dili və onun
tədrisi texnologiyası kafedrasının müəllimi

Daxil olundu: 22.11.2022 » Oxundu: 469
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!