Masallı Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Əlifağa Yaqubov 1960-cı ildə Masallının Ərkivan kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə aldıqdan sonra Azərbaycan Dövlət İdman Akademiyasına qəbul olub. 1985-ci ildə Akademiyanı futbol ixtisası üzrə bitirib və elə həmin il təyinatla Cəlilabad rayonuna göndərilərək UGİM-də əmək fəaliyyətinə başlayıb. O, həmçinin Cəlilabadın «Üzümçü» futbol komandasının oyunçusu olub. Orduda xidmət edən Əlifağa müəllim hərbi xidmətini başa vurduqdan sonra 1987-1988-ci illərdə Qəriblər kəndində, sonra isə Sığdaş kəndində müəllim işləyib.
2018-ci ilin fevral ayında əmək fəaliyyətini Masallı Uşaq Gənclər İdman Şahmat məktəbində davam etdirib və bura direktor təyin olunub. Hazırda məktəbin 885 şagirdi və 35 məşqçi-müəllim heyəti vardır. Məktəbdə futbol, voleybol, yunan-roma güləşi, stolüstü tennis, şahmat idman oyunları fəaliyyət göstərir. Məktəbin müəllimlərindən Şirzad Mehtiyev Azərbaycanın fəxri bədən tərbiyəsi idman işçisi və Famil Fərmanlı isə Azərbaycan Respublikasının Əməkdar məşqçisidir. Belə peşəkar məşqçi-müəllimlərin gərgin əməyi sayəsində məktəbin yetirmələri xeyli uğurlu nəticələrə imza atıblar. 2014-cü ildən məktəbin şagirdi Gülçin respublika olimpiadasında II yerə çıxıb. Qızlardan ibarət voleybol komandası respublika çempionatının final mərhələsində V yerə layiq görülüblər. Məktəbin voleybol komandası isə orta nəticələr əldə etmişdir. İdmanın güləş növü üzrə də məktəbin yetirmələri yüksək nəticələr qazanıblar.
Əlifağa müəllim: «Azərbaycan xalqının fiziki-mənəvi sağlamlığına çalışan ölkə başçısı idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlayır, daim respublikamızın idman imicinin yüksəlməsinə çalışır. İdmana dövlət qayğısı daha da artmış, ölkəmizin iqtisadi inkişafına, artan maliyyə imkanlarına uyğun olaraq onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ciddi işlər görmüşdür. Dövlət başçısı Azərbaycanın bütün rayonlarında idmanla məşğul olmaq üçün müasir tələblərə
cavab verən infrastrukturun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bütün bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir.
Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Dövlət başçısı İlham Əliyevin bu yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi vurğulanmalıdır.
Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, idman da diqqət və qayğıdan kənarda deyil. Bu qayğı və şəxsən dövlət başçısı cənab İlham Əliyevin diqqəti bütün idmançıları yeni qələbələrə səsləyir» – söyləyir.

Gülağa Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 20.09.2019 » Oxundu: 1618
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!