
Sabirabad rayon Ü.Hacıbəyli adına Uşaq Musiqi Məktəbi rayonun qocaman təhsil ocaqlarından biridir. Məktəb 1967-ci ildən fəaliyyət göstərir. Məktəbin direktoru Aynur Rəhimovadır. O, 1972-ci ilin oktyabr ayının 8-də Sabirabad rayonunda anadan olub. Orta təhsilini başa vurduqdan sonra Sumqayıt Musiqi texnikumuna daxil olub. 1992-ci ildə texnikumu musiqi nəzəriyyəsi ixtisası üzrə bitirərək əmək fəaliyyətinə başlayıb. 2019-cu ilin avqust ayında isə Sabirabad rayon Ü.Hacıbəyli adına Uşaq Musiqi Məktəbinə direktor təyin edilib.
Hazırda musiqi məktəbində 285 şagird musiqi təhsili alır. Onların təlim-tərbiyəsi ilə 44 müəllim məşğul olur. Məktəbdə fortopiano, qarmon, tar, nağara, kamança, klarnet və xanəndəlik ixtisasları tədris edilir. Burada təhsilin keyfiyyətinə, şagirdlərin seçdikləri ixtisası dərindən öyrənmələrinə xüsusi diqqət yetirilir. Bunun üçün məktəbdə hər cür şərait yaradılıb.
Məktəb 2019-cu ildə əsaslı təmir olunub və bütün lazımi inventarlarla təmin olunub. Yaradılmış səliqə-sahman, salınmış yaşıllıq yüksək və incə zövqdən xəbər verir.
Məktəbdə əsasən peşəkar və təcrübəli musiqiçi müəllimlər çalışır. Belə nümunəvi müəllimlərindən Afiq Əhmədovun, Əli Bədəlovun, Səkinə Şıxəliyevanın, Nəsibə Əliyevanın, «Muğam» müsabiqəsinin qalibi Səməd Səmədovun, həmçinin «Xalqın artisti» müsabiqəsinin qalibi Sərxan Baxşiyevin adını çəkmək yerinə düşərdi. Məhz belə məsuliyyətli müəllimlərin yüksək tədrisi nəticəsində məktəbin şagirdləri respublika və zona yarışlarında fəal iştirak edir və uğurlu nəticələr əldə edirlər. 4-cü Xalq çalgı alətləri müsabiqəsində məktəbin şagirdi Dilqəm Məmmədzadə nağara, Maxsud Dərvişov qarmon alətlərində gözəl ifalarına görə fəxri fərmanla təltif olunmalarını yada salmaq yerinə düşərdi.
Aynur müəllim öz söhbətində Sabirabad Regional Mədəniyyət idarəsinin rəisi Əhməd Ramazanovun adını xüsusi minnətdarlıq hissi ilə çəkdi və məktəb üçün yaratdığı şəraitə görə minnətdarlığını bildirdi.
«Zəngin mədəni irsə malik olan Azərbaycan sehrkar musiqi diyarı kimi də məşhurdur. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir. Dünya musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Azərbaycan musiqisinin çoxəsrlik ənənələri vardır. Azərbaycan milli musiqisinin təməl daşını, onun bünövrəsini muğamlar təşkil edir. Təsadüfi deyildir ki, 2003-cü ildə BMT-nin ixtisaslaşmış təşkilatı olan UNESCO Azərbaycan muğamını bəşəriyyətin mədəni irs siyahısına daxil etmişdir.
Peşəkar musiqiçilərin yetirməsində musiqi məktəblərinin rolu danılmazdır. Çünki bünövrə məhz burada qoyulur. Bu baxımdan müəllimlərimizin üzərinə böyük məsuliyyət düşür. Fəxrlə deməliyəm ki, məktəbimizin müəllimləri bu şərəfli işin öhdəsindən şərəflə gəlirlər. Onlar istedadların üzə çıxması və təkmilləşməsi üçün əllərindən gələni əsirgəmirlər. Çünki yaxşı bilirlər ki, hər bir istedadlı musiqiçinin təməli məhz burada qoyulur. Onların yetişməsi isə bizim fəxrimizdir» – söyləyir Aynur xanım.
Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü