Xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür. Belə ömür sahibləri xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa xidmətdə görür. Öz xalqının, millətinin mənəvi siması, fəxri olan insanlardan biri də Hacıqabul 20 saylı Yol İstismarı idarəsinin rəisi Zahir Səmədovdur. O, 1958-ci ildə Hacıqabul rayonunda dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İnşaat-Mühəndisləri İnstitutunun yol-inşaat fakultəsinə daxil olub və 1984-cü ildə ali təhsilini başa vuraraq mühəndis ixtisasını alıb. Elə həmin ildən əmək fəaliyyətinə başlayan Zahir müəllim hazırda rəhbərlik etdiyi idarədə müxtəlif vəzifələrdə çalışıb. 1990-1995-ci illərdə baş mühəndis, 1995-2003-cü illərdə müdir, sonra yenidən baş mühəndis işləyib. 2019-cu ildə idarəyə müdir təyin olunub.
Zahir müəllim idarə haqqında məlumat verərək bildirdi ki, burada hazırda 60 işçi qüvvəsi çalışır. Orta aylıq əmək haqqı 300-350 manat civarındadır. İdarənin nümunəvi işçiləri sırasında baş mühəndis Əlinayıb Kərimov, Sənan Həsənov, iş icraçısı Eldar Səlimov, fəhlələrdən Məmmədağa Məmmədov, Şamil Kərimovun və başqalarının adını çəkmək olar. İdarə hazırda Hacıqabula məxsus olan 201 km. avtomobil yoluna xidmət edir ki, bundan da 3 km-i respublika əhəmiyyətli yoldur.
Zahir müəllim öz söhbətində Azəravtoyol MMC-nin rəisi Saleh Məmmədovun adını xüsusi hörmətlə çəkdi və qeyd etdi ki, işlərin daha keyfiyyətli aparılması üçün Saleh müəllimin köməyi danılmazdır. «Ulu öndər çox doğru olaraq demişdir: “Yol mədəniyyət, iqtisadiyyat, bir sözlə, həyat deməkdir”. Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı dövlət strategiyasında yol-nəqliyyat infrastrukturunun yenilənməsinə xüsusi önəm verilməsi heç də təsadüfi deyil. Bu istiqamətdə görülən işlər dövlətin məqsədyönlü şəkildə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olmaqla yanaşı, həm də ölkənin sürətli iqtisadi inkişafı ilə bağlıdır. Yüksək səviyyədə qurulan yol-nəqliyyat infrastrukturu insanlara böyük rahatlıq gətirdiyi kimi, həm də respublikanın iqtisadi potensialının artmasına stimul verən vacib amillərdən biridir. Rahat yollar olmadan Azərbaycanın dinamik inkişafını təsəvvür belə etmək mümkün deyil» – deyir Zahir Səmədov.
Zahir müəllim bir məsələni də qeyd etdi ki, idarənin yeni texnikaya ehtiyacı var və ilin sonuna kimi idarə yeni texnika ilə təmin olunacaqdır. Bu isə işlərin daha keyfiyyətli və sürətli aparılmasına xidmət edəcəkdir.
Yollarınız rahat, səfərləriniz uğurlu olsun!

Gülağa Cəfərov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Daxil olundu: 21.11.2020 » Oxundu: 680
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!