
İmişli rayon Təhsil şöbəsinin müdiri Ələmdar Quliyev ömrünün çox hissəsini pedaqoji fəaliyyətə sərf edib. O,1962-ci ildə İmişli rayonunun Çaxırlı kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji institutunun məzunudur. 1989-1997-ci illərdə İmişli rayonunun Çaxırlı kəndində müəllim, 1997-2003-cü illərdə həmin məktəbin direktoru, 2004-2006-cı illərdə isə aparıcı məsləhətçi vəzifəsində işləyib. Bilik və bacarığı, ictimai fəallığı yüksək qiymətləndirilərək 2019-cu ilin may ayında İmişli rayon Təhsil şöbəsinə müdir təyin edilib.Hazırda İmişli rayon Təhsil şöbəsinin tabeliyində 62 ümumtəhsil məktəbi, o cümlədən 57 tam orta, 3 ümumi orta, 2 ibtidai məktəb fəaliyyət göstərir. Nümunəvi məktəb direktorlarından Şahsuvar Əmirov, Famil Fərəcov, Validə Zülfüqarova, Telman Quliyev, Bikə Məmmədova, Ramil Möhbalıyev və Əlibarat Ataşovu göstərmək olar.Ələmdar müəllim məlumat üçün bildirdi ki, 2019-cu tədris ilində rayonun Qızılkənd, Aranlı 2 saylı tam orta məktəblərinin açılışı olub. Muradxanlı tam orta məktəbi üçün 2 mərtəbəli məktəb inşa edilib. Məktəb müasir tədris avadanlıqları ilə tam təchiz edilib. Məktəbin açılışında RİH başçısı Vilayət Hacıyev və rayon ictimaiyyəti iştirak edib və yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar. Tədbirdə RİH başçısı Vilayət Hacıyev ölkə başçısı cənab İlham Əliyevə təhsilə yaradılmış şəraitə görə minnətdarlıq müraciəti ünvanlayıb.
Rayonun məktəblərinə 118 ədəd noutbuk və onlara aid müxtəlif aksesuarlar verilib. Gələcəkdə də rayonun ümumi təhsil məktəbləri informasiya-kommunikasiya texnologiyaları (İKT) avadanlıqları ilə təmin ediləcəkdir.Rayonun məktəbləri respublikada keçirilən yarış və müsabiqələrdə fəal iştirak edirlər. Bu yaxınlarda Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Muğan Regional Mərkəzin əhatə etdiyi rayonların təhsil müəssisələrində «Gənc xilasedici və yangınsöndürən» yarışlarının zona birinciliyi keçirilib. Yarışda İmişli rayonunun Bəcirəvan kənd tam orta məktəbin komandası II yerə layiq görülüb.Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə keçirilmiş «Ən yaxşı təqdimat» müsabiqəsinin qalibi Kürdmahmudlu kənd orta məktəbin XI sinif şagirdi Dilarə Səmədova olmuşdur. O, tərifnamə ilə təltif edilmişdir.
Ötən il İmişli rayon Şahmat məktəbində «Nəsimi ili»nə həsr olunmuş intellektual oyun üzrə regional məktəb çempionatı keçirilib. Bu çempionatda İmişli, Ağcabədi, Saatlı, Ağdam, Laçın və Xocavənd məktəblərinin 8-10-cu sinif şagirdlərinin komandaları iştirak etmişlər. Oyunun yekununda İmişli rayonunun komandası 23 xal qazanaraq intellektual oyunun qalibi olub. Qalib komandanın üzvləri Təhsil Nazirliyi tərəfindən hədiyyələrlə mükafatlandırılıb.Onu da xatırladaq ki, İmişli Təhsilinin məzunları həmişə yüksək bal toplayıblar. Belə məzunlardan biri də İmişli şəhər 1 saylı məktəb-liseyin məzunu Turqut Ağaşov Dövlət İmtahan Mərkəzinin I ixtisas qrupu üzrə imtahanında təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə – 400 bal toplayıb. Onu da qeyd edək ki, Turqut buraxılış imtahanlarının və ali məktəbə qəbul imtahanının nəticəsinə görə 690 bal toplayıb. O, orta məktəbi qızıl medalla bitirib.Ötən ilin xoş günlərindən və yadda qalan məqamlarından biri də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İmişli RTŞ-nin müdir müavini Vahid Tağıyevin «Tərəqqi» medalına layiq görülməsidir.Ələmdar müəllim həm də qayğıkeş ailə başçısıdır. 2 övlad atası olan Ələmdar müəllim övladlarını da cəmiyyət üçün gərəkli şəxsiyyətlər kimi yetişdirib.
Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü