Beyləqan Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Zərifə Məmmədova əmək fəaliyyətinə müəllimlikdən başlayıb. Məktəbin ən ali məkan olduğunu sübuta yetirmək üçün tanınmış ictimai-siyasi xadım, Azərbaycanın müsəlman Şərqində bir çox ilklər, o cümlədən Konstitusiya ilə adı bağlı olan Nəriman Nərimanovun məktəb haqqında dediyi sözləri yada salmaq kifayətdir: "Məktəb! Məktəb! Bizi ancaq məktəb nadanlıqdan xilas edər. Hər xalqın tərəqqi qapısı məktəbdir və hər xalqın tərəqqi tapması xalq müəllimlərinə bağlıdır".
Ömrünün məhz xalqın tərəqqisinə, maariflənməsinə həsr edən Zərifə Məmmədova 1967-ci ildə Beyləqan rayonunda dünyaya gəlib. O, Azərbaycan Dövlət Pedaqoji Universitetin məzunudur. Uzun illərin pedaqoji təcrübəsinə malik olan Zərifə xanımın ilk iş yeri rayonun Eyvazalılar kənd orta məktəbi olub. 2002-ci ildə hazırda rəhbərlik etdiyi UGİ Mərkəzində metodist işləyib. 2014-cü ildə isə Mərkəzə direktor təyin edilib. Zərifə xanım harada çalışmasından asılı olmayaraq həmişə öz işinə olan məsuliyyətli münasibəti, çalışqanlığı, zəhmətsevərliyi, ən əsas isə bilik və bacarığı ilə diqqət çəkib. O, rəhbərlik səriştəsi ilə də ilk gündən özünü təsdiq etməyi bacarıb. Mərkəzdə görülən işlər, inkişaf bunun sübutudur.
Hazırda mərkəzdə 15 adda qrup və 7 dərnək fəaliyyət göstərir. Şagirdlər mərkəzin rəsm, bacarıqlı əllər, biçmə-tikmə, musiqisevərlər, rəqs və s. dərnəklərinə daha çox maraq göstərirlər. Burada əsasən təcrübəli və peşəkar dərnək rəhbərləri çalışırlar. Rəqs dərnəyinin rəhbəri Kəmalə Əliyevanın, bədii qiraət dərnəyinin rəhbəri Mətanət Quliyevanın, musiqisevərlər dərnəyinin rəhbəri İlahə Kərimovanın və başqalarının adını çəkmək yerinə düşərdi. Belə müəllim və dərnək rəhbərlərinin öz işlərinə olan ciddi və məsuliyyətli münasibətlərinin nəticəsidir ki, mərkəzin şagirdləri müxtəlif beynəlxalq, respublika, zona və rayondaxili müsabiqələrdə fəal iştirak edir və uğurlu nəticələr əldə edirlər. Mərkəzin şagirdi Mədətli Munir bu yaxınlarda keçirilən Beynəlxalq rəsm müsabiqəsində II yerə layiq görülüb. Murtuzov Sədi isə rəqs müsabiqəsində və aktyorluqda uğurlu nəticə əldə edib. Onu da qeyd etmək yerinə düşərdi ki, Beyləqan rayon Təhsil şöbəsinin müdiri Suliddin Əsgərov şagirdlərin müxtəlif yarış və müsabiqələrdə iştirak etməsinə xüsusi diqqət yetirir.
Məlumat üçün onu da deyək ki, mərkəzin dərnəkləri Beyləqan şəhər 1, 2, 8 saylı orta məktəblərdə, Mil kənd məktəbində, Aşıqlı 1 saylı məktəbdə fəaliyyət göstərir. İnanırıq ki, yeni qədəm qoyduğumuz il mərkəz üçün də uğurlu olacaq və fəaliyyət tarixinə daha yüksək nəticələr yazmağı bacaracaq.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 17.01.2022 » Oxundu: 161
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!