Pensər inzibati ərazi dairəsində fəaliyyət göstərən 3 məktəbdən biri olan Astara rayonu Pensər kənd Zülfüqar Əhmədzadə adına 2 saylı tam orta məktəb-lisey rayonun tanınmış təhsil ocaqlarından biridir. Dörd ildən artıqdır ki, liseyə Faiq Həsənov rəhbərlik edir. Liseyə yeni ab-hava gətirən Faiq müəllim ilk gündən işgüzarlığı, işinə qarşı olan məsuliyyəti, ciddiyyəti və rəhbərlik səriştəsi ilə diqqəti cəlb edib.
Şair təbiətli Faiq Həsənov elə ilin ən şairanə bir dövründə – 1972-ci ilin yazın güllü-çiçəkli bir çağı olan may ayında dünyaya gəlib. Doğulduğu rayonun füsunkar təbiəti, göz oxşayan gözəlliyi qəlbindəki torpaq sevgisini, yurd məhəbbətini daha da artırıb. Böyüdükcə yurduna olan sevgisi də böyüyüb və onu öz el-obası üçün gərəkli işlər görməyə, mükəmməl şəxsiyyət olmağa sövq edib, elmli, savadlı insan kimi yetişməyə ruhlandırıb.
1995-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis-alman dili fakültəsini bitirən Faiq Həsənov əmək fəaliyyətinə 1997-ci ildə hazırda direktoru olduğu məktəb-liseydən başlayıb. Eyni zamanda Astara Pedaqoji kollecində də müəllim işləyib. 1997-2003-cü illərdə kollecdə baş müəllim, 2004-2016-cı illərdə rayon Təhsil şöbəsində müdir müavini vəzifələrində çalışıb. 2016-cı ildən məktəb-liseyə direktor təyin edilib.
Hazırda burada 680 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 56 müəllim məşğul olur. «Bu gün təhsil müəssisəmizdə məktəblilərin təlim-tərbiyəsi və onların şəxsiyyət kimi həyata hazırlanmasında fədakarlıqla çalışan, öz fənnini dərs dediyi şagirdlərə dərindən sevdirən müəllimlərimiz çoxdur. Bu müəllimlərin əsas məqsədləri ondan ibarətdir ki, onlar öz şagirdləri ilə əməkdaşlıq edə bilir, onları yaradıcı düşünməyə, tədqiqatçılığa istiqamətləndirməyi bacarır, şagirdlərdə öz potensial imkanlarına inam yaradır. Bütün sahələrdə olduğu kimi, təhsilimizdə də, özünün yüksək peşəkarlıq nümunəsi ilə fərqlənən müəllimlərimiz ölkə başçısının qayğı və diqqətindən kənarda qalmayıb. Məktəbimizin 2 müəllimi – Şəlalə Əliyeva və Sərraf Axundov Respublikanın Əməkdar müəllimi fəxri adına layiq görülüblər. Digər müəllimimiz Həsənağa Məmmədov isə dəfələrlə Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif olunub» – deyir Faiq müəllim.
Faiq müəllim onu da qeyd etdi ki, məktəb ali məktəblərə qəbul faizinə görə də birincilər sırasındadır. 2016-cı ilin məzunları demək olar ki, hamısı ali təhsil məktəblərinə qəbul olunub. 2019-cu ilin məzunlarından isə 56 nəfər muxtəlif ali məktəblərin tələbəsi adını qazanıb.
Məktəbin tarixindən də söz açan Faiq müəllim məlumat üçün bildirdi ki, bu məktəb 1912-ci ildə rus-tatar məktəbi kimi fəaliyyətə başlayıb. 1930-cu ildən sonra orta məktəb kimi fəaliyyətini davam etdirib. Məktəbin 5 məzunu torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Onların xatirəsi hər zaman uça tutulur və vaxtaşırı anım mərasimi təşkil olunur. Məktəbdə şəhidlər üçün xüsusi guşə də ayrılıb.
Şagirdlərin sınaq imtahanlarında və fənn olimpiadalarında əldə etdiyi nəticələr də qənaətbəxşdir. Məktəb kompüter avadanlığı ilə tam təmin olunmuşdur. Bu isə şagirdlərin müasir texnologiya ilə tanışlığını və iş qura bilmək bacarığını təkmil səviyyəyə çatdırmaq imkanı yaradır. Məktəbin idman zalı və nümunəvi idmançıları da vardır. Məktəbin məzunları arasında elmlər doktorundan tutmuş polis polkovnikinə qədər insanlar vardır.
Faiq müəllim bacarıqlı pedaqoq, səriştəli rəhbər olmaqla yanaşı, həm də ruh adamıdır. O, 3 şeir kitabının müəllifidir. Bir neçə şeirinə mahnılar da bəstələnib. 2012-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, «Qızıl qələm» mükafatçısıdır.

Gülağa Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 05.12.2019 » Oxundu: 2650
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!