Mən həmişə deyirəm: insan ömrünü zaman deyilən sayğacla ölçmək düzgün deyil. İnsan ömrünü, insan yaşını ölçmək, qeydə almaq, qiymətləndirmək üçün fərqli meyarlar, fərqli anlayışlar sistemi, fərqli yanaşma üsulu gərəkdir. Yüz il yaşayasan, bir ağac əkməyəsən, bir ağlayan körpənin göz yaşlarını silməyəsən, ayağı büdrəyən bir xəstənin qolundan yapışmayasan – nəyə və kimə lazım belə faydasız yaşayış, uzun ömür salnaməsi? Təkcə yer üzündə uzun müddət mövcudluğuna görə insanı qiymətləndirmək, şərəfləndirmək, hətta mükafatlandırmaq heç bir məntiqə sığmayan faydasız məşğuliyyətdir.
İnsan ömrü zamanla yox, əməllə, onun cəmiyyətə, xalqa verdiyi fayda ilə ölçülməli, qiymətləndirilməlidir. Həmin meyarla yanaşsaq, bizim əziz dostumuz filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov böyük və səmərəli bir ömür yolu yaşayıb: 300-dən yuxarı elmi əsərin, 24 monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifi, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, fəal ictimaiyyətçi, dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin ölkəmizdə və ölkə hüdudlarından kənarda yorulmaz və fədakar tədqiqatçısı və təbliğatçısı kimi, elmi, pedaqoji, təşkilati fəaliyyəti ilə, doğma torpağını, elini sevən vətənpərvər alim kimi.
Deyirlər insan arzu ilə doğulur, ideallarla yaşayır, həmişə, ömür boyu arzu və ideallarına qovuşmağa can atır. Ancaq arzularına qovuşmaq heç də hamıya nəsib olmur. Arzu və ideallar insanın fiziki və mənəvi imkanları ilə üst-üstə düşməlidir. Arzu və ideallar ilə ona qovuşmaq üçün potensial imkanların üst-üstə düşməsi, uyğunluğu insanın xəşbəxtliyidir. Bu baxımdan Buludxan müəllim dünyanın xoşbəxtidir. Uşaqlıqdan filoloq olmaq istəyi, arzusu olub, bu istəyinə çatıb, indi filologiya elmimizin ön sıralarında inamla irəliləməkdədir – bir-birindən dəyərli elmi əsərləri ilə, elmi-pedaqoji-təşkilati uğurları ilə...
Çox qəribədir ki, mən Buludxan müəllimi başqa fəaliyyət sahəsində təsəvvür edə bilmirəm. Müasir dilçiliyimizi, filologiyamızı da onsuz təsəvvür etmək çətindir. Buludxan müəllim öz zəhməti, səmərəli fəaliyyəti, əməlləri ilə filologiyamızda özünəməxsus yer, mövqe qazana bilmişdir. Çox güman ki, həmin yerdə onun istedadlı tələbələri də öz sözlərini deyəcək, müəllimlərinin elmi axtarışlarını davam etdirəcək, zənginləşdirəcəklər.
Nitq təfəkkürün ifadə vasitəsidir, deyirlər. Təfəkkür aydın, sistemli, məntiqli, elmidirsə, bu sadalanan keyfiyyətlər danışanın nitqində də öz əksini tapır. Bu baxımdan Buludxan müəllim çoxlarına nümunə, örnək ola bilər - aydın, məntiqli təfəkkürü, səlis, anlaşıqlı nitqi, diksiyası ilə. Auditoriya – istər ali məktəb tələbələri olsun, istərsə də radio dinləyiciləri, televiziya tamaşaçıları – nəfəsini belə dərmədən saatlarla onu dinləməyə hazırdırlar.
Elə alim var ki, gözəl yazı qabiliyyəti ilə tanınır, yazısında məntiq, sistem, ardıcıllıq var. Onun yazılarında bir hərf, vergül səhvi belə tapa bilməzsən. Amma yazdıqları səviyyəsində danışığı, nitqi yoxdur. Auditoriya onun danışığını mənimsəyə bilmir, fikir dinləyicilərə çatmır. Eləsi də var ki, gözəl, bəlağətli nitqi var, qısa zaman kəsiyində dinləyənləri valeh edir, amma dediklərini yazıya köçürməkdə acizdir. Xoşbəxt o alimdir ki, onda hər iki cəhət – yazı və nitq qabiliyyəti eyni səviyyədə yüksəkdir. Bu Allah vergisidir və bu vergini ulu tanrı Buludxan müəllimdən əsirgəməyib!
Buludxan müəllim zamanın ömür sayğacına sığışmır, zaman onunla ayaqlaşa bilmir, ona görə də yaşından çox irəli gedib. Yaratdıqlarını, yazdıqlarını, elmi-pedaqoji-təşkilati-ictimai fəaliyyətini nəzərə alsaq çox yaşlıdır, müdrik bir alimdir. Buludxan müəllim, cavanlıq, gənclik ehtirası ilə yazıb-yaradan ağsaqqaldır, dilçiliyimizin zamanca cavan, əməlcə müdrik ağsaqqalı.
Daha böyük nailiyyətlər və uğurlar!
Bu yazını 2016-cı il iyunun 5- də yazmışdım. Buludxan müəllimin 50 illik yubieyinə...
Heç nəyi dəyişmədim...
Allah rəhmət eləsin!
Ruhu şad olsun!

Məsud Mahmudov
filologiya üzrə elmlər doktoru, professor
AMEA Nəsimi adına Dilçilik İnstitutunun
Kompüter dilçiliyi şöbəsinin baş elmi işçisi

Daxil olundu: 08.10.2021 » Oxundu: 1288
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!