POLEMİKAYA SÖZARDI, YAXUD ÖYÜNƏ BİLƏCƏYİMİZ ƏDƏBİYYAT

Elçinin son illərin ədəbi prosesi haqqında təsəvvürlərdən hasilə gələn “Söz azadlığı tənqidimizə nə verib?” silsilə məqalələri bəzi məqamlar haqda düşünməyə vadar edir. Bədii təcrübənin müxtəlif təmayüllərindən doğan və elmi-tənqidi düşüncənin mərkəzinə çəkilən bu köklü problemlərin hər biri haqqında ayrıca danışmaq da mümkündür. Ancaq Elçin üslubunun məziyyəti sayəsində prosesə münasibətdə həm əhatəlilik, həm də ciddi elmi-nəzəri qanunauyğunluqdan çıxış edildiyindən bəzi məqamlara fikir bildirməklə kifayətlənmək istəyirəm.

Hərçənd bu məqamlar haqda çox danışmışıq. Müsahibələrdə, sorğularda, məqalələrdə və s. Hələ söhbət ədəbi tənqiddən gedirsə, mövzu daim çağın dövriyyəsindədir. Bir qədər bundan əvvəl “Ədəbiyyat qəzeti”nin müzakirə saatında “Ədəbi tənqidimizin çağdaş durumu və yaradıcılıq problemləri” mövzusunda müxtəlif problemlərə toxunulmuşdu. Predmet çağdaşlıq olsa da, müzakirədə tarixi kontekst qabarıqlığı ilə seçilirdi. Mənim “daha çox bu günün tənqidindən danışaq” dəvətimə hörmətli alim Nizami Cəfərov zarafatla belə cavab vermişdi: “Bu gündə maraqlı nəsə olsa, elə bu gündən danışarıq da”…

Məlumdur ki, müstəqillikdən sonrakı mərhələ ədəbi tənqidimiz üçün yalnız yeni tarixi mərhələnin başlanğıcı deyil, həmçinin nəzəri-estetik keyfiyyət dəyişmələrinin zəminini təşkil edən, bədii fakta və prosesə yanaşmada, tarixi-ədəbi fikrimizin müxtəlif dövrlərinə və şəxsiyyətlərinə münasibətdə obyektiv rəy formalaşdırmağa çalışan zaman vahidi kimi səciyyəvidir. Xatırlayıram, müstəqilliyin ilk illərində Elçin ədəbi tənqidimizin yaradıcılıq problemlərindən bəhs edən silsilə yazılarla çıxış etmişdi və çağın tənqidini təsnif edərkən bu məqama xüsusi vurğu salmışdı: “İndi tənqidin bilavasitə öz işi ilə – bədii-estetik təhlillə məşğul olması qarşısında heç bir maneə yoxdur”. İndi, üstündən on beş ilə yaxın zaman kəsimi keçəndən sonra Elçin bu günün tənqidindən yazır, söz azadlığında yaranan ədəbiyyat və onun tənqiddə dərki problemlərinə toxunur və əslində, səpələnmış, dağınıq olan problemlərin real mənzərəsini verib onlara konkret səciyyə aşılamaqla bərabər, buradan bəşəri və fəlsəfi ümumiləşdirmələrə çıxır.

Öncə ondan başlayaq ki, tənqidi ədəbi proseslə qarşılıqlı əlaqə müstəvisində təhlilə çəkəndə onun yaşarılığının göstəricisi sayılan cari ədəbiyyata nüfuzu məsələsinə toxunmaq zərurəti yaranır. Gerçəklərsə bunu deyir: bu gün həmin müdaxiləni realizə etmək üçün tənqidin müəyyənləşdirdiyi meyarlar sıradan çıxıb. O hansı işlə məşğul olmalıdır, predmeti ilə necə və hansı səviyyədə ilgilənməlidir – missiyası fənaya uğramaqdadır artıq. Bu barədə narazılıq səsləndimi, kara gələn ilk bəraət belə olur: bu gün professional tənqid yerini ədəbiyyat tarixçiliyi ilə bağlı məsələlərin həllinə yönəldib. Ona qalsa, Axundovdan beləsinə tənqidlə ədəbiyyat tarixçiliyi məsələlərinin tədqiqi sinxron şəkildə reallaşıb. Bu, təbii ki, əsas səbəb deyil. Səbəb hazırda ədəbi tənqidimizdə hökm sürən meyarsızlıqdır. Bunu müzakirədə də qeyd etmişəm. Hər şeydən – istedadlı və istedadsız mətndən eyni tonda, eyni həvəslə yazan tənqidçilər həmin meyarın itməsində birbaşa günahkardır. Çağın tənqidi qazandığı ədəbi bilikləri üzərində daha çox spekulyasiya etməklə məşğuldur. İndi kimi ədəbiyyat tarixçisi kimi çalışır, kimi dünya ədəbiyyatının təbliğinə güc verib, kimi tənqidi təftişlə səhv salıb, kimi də layiq olmayan imzaları göyə qaldırmaq missiyasını götürüb üzərinə  və s. Situasiya dağınıq təsir bağışlayır deyə tənqidin obrazı prosesdən yavaş-yavaş itməyə doğru gedir. Hələ bir-birinin ardınca sıralanan mənasız, söz yığınından ibarət kitablar bizi o qədər ağrıtmır ki (onlar onsuz da zamanın tozanağında itib-batacaq!), onlara yazılan ön sözlər, o ön sözlərin müəllifləri olan tənqidçi imzaları ağrıdır.

Tənqid etiraf edək ki, o qədər də ürəkaçan ifadə deyil. Hərdən düşünürəm ki, bu peşənin adının tənqid olması ona qarşı olan xoş münasibəti bəri başdan kölgə altına salır. Çünki adındakı mənaya sadiq qalıb tənqid edəndə “yaxşı adam” olmaq statusunu itirir, tərif edəndə missiyasının mötəbərliliyini. Bəs nə etməli? Tənqidin yaşarılığını göstərən amillərdən digəri onun kollektiv zəka kimi görünə bilməsidir. Bu söz bir qədər qıcıq yarada bilər. Amma mənzərə bunu diktə edir. Bir əsər ardıcıl şəkildə bədii-estetik düşüncənin predmetinə çevrilmirsə, ona müxtəlif rakurslu yanaşma meydana qoyulmursa, əsər haqqında yazılan tək-tük yazılar seyrəklikdə itib-batmış kimi görünür, proses yaratmır. Bu meyarsızlığı bu gün bütünlükdə ədəbi prosesin özünə də şamil etmək olar. On il, iyirmi il əvvəl bu meyarsızlığın hardasa bəraəti vardı. Amma indi nəfəsdərim üçün kifayət qədər zaman adlatmışıq. Bu yerdə digər məqama diqqət çəkməyi vacib bilirəm. Ötən həftə “Söz azadlığında düşən dolu və ya ədəbi sətəlcəmlik diaqnozu” məqaləsində Qan Turalı Elçinin məqaləsindəki bəzi nüanslara diqqət çəkərək qeyd edir ki, “Elçin məqalənin bir yerində Elnarə Akimovanın “Ədəbiyyatımız Şərqlə Qərb arasında qaldı” fikrini sitat gətirib onunla həmrəy olduğunu bildirir. Lakin mənə elə gəlir ki, Elnarə xanımın mövqeyinin müəyyən yozuma ehtiyacı var. O mənada ki, biz nə Şərqi doğru qavrayırıq, nə də Qərbi, hətta öz milli irsimizi belə, doğru-dürüst qavraya bilmirik. Bu mənada, “arada qalmağımız” doğrudur, lakin harda qalmağımız heç özümüzə də aydın deyil. Və lap dərindən baxsaq, bu gün ədəbiyyatda mən heç bir Şərq və Qərb fərqi görmürəm, xüsusilə də Yeni dövrdən etibarən ədəbiyyat xalis Qərb hadisəsidir, bu mənada Şərqi gətirib Qərbə calaq etmək, onları az qala, bərabərhüquqlu ədəbiyyat məkanı kimi təsnif etmək insafsızlıqdır”.

Əvvəla, qeyd etməyi vacib bilirəm ki, Elçin bu yerdə mənimlə həmrəy olmur. Nəinki mənimlə, hətta bu kontekstdə mənim fikrinə əsaslandığım İlqar Fəhmi ilə belə mübahisə edir: “Elnarə Akimova İlqar Fəhminin belə bir fikri ilə razılaşdığını deyir: “Doxsanıncı illərin poetik ab-havası, məncə (İlqar Fəhmiyə görə – E.), indikindən daha dərin, daha energetik idi. Hərçənd ki, həmin vaxtlar ölkənin vəziyyəti çox ağır idi. Sonra elə bil ki, o enerji sərf olundu və müasir ədəbiyyatımız Şərqlə Qərbin arasında qaldı… Yavaş-yavaş şair təbiətinin mahiyyəti dəyişdi, şeirdən ideya, fəlsəfə itdi”.

Doğrusu, İlqar Fəhminin ideyanı, fəlsəfəni “itirmiş” şeirin aqibəti ilə bağlı mülahizəsi mənə xeyli dərəcədə şübhəli göründü, çünki ideyasız, fəlsəfəsiz (yəni bəsit) şeir (ya hekayə, roman, pyes) Şərqdə də zəif yazıdır, Qərbdə də, bu məsələdə Şərq də, Qərb də ayrı-ayrı qütblərdə deyillər, müttəfiqdirlər və bəsit bir yazı nə üçün onların arasında itib qalmalıdır? Elnarə Akimova isə başqa fikirdədir: “Bəli, çağdaş şeirdə gələcəyə yollar aranmır”. Düzdür, istisnalar var (həm də ciddi istisnalar!), ümumilikdə isə bu yerdə Elnarə haqlıdır, ancaq ardınca oxuyuruq: “Qərblə Şərqin arasında azıb qalmışıq, səmti müəyyən edə bilmirik”. Səmti, təmayülü istedad və dünyagörüşü müəyyən edir, nəticəsi də ya epiqon bir yazı, ya da modern bir şeir (hekayə, roman, pyes) olur və bunu sövq-təbii, intuitiv olaraq elə Elnarə Akimovanın özü də hiss edir: “Əsl sənət nə Şərqdir, nə Qərb. Əsl sənət dünyadı, kainatdı”.

Əslində, Elçinin ümumbəşər dəyərlər sorağında fikir yönümləri özünün yaradıcılığında daim ön plandadır və Qərb-Şərq qarşılaşdırılmasının müqayisə zəmini yerini daha çox Qərblə bir sırada duran Şərq probleminin həllinə verib. Mən bu yerdə öz fikrimə qayıdıb çağdaş ədəbiyyatın “Şərqlə Qərbin arasında qalması” məsələsinə bir qədər aydınlıq gətirmək istəyirəm. Niyə arada qalıb? Çünki oxundan çıxıb, klassik ədəbiyyatını tanımır, dünyada isə yerini tapa bilmir. Əvvəllər vahid ədəbiyyat sistemi var idi, hər şey ordan idarə olunurdu. İndi isə təfəkkür azaddı, dünyanın apogey bədiiyyatına canatımı öndədir. Bəli, məhz canatım. Ədəbiyyatımız sistem olaraq özü-özünü yaratmaq, qurmaq məramı uğrunda savaşmır. Qərb çağdaşlaşmağın, yeni dünyaya çevrilməyin ehtişamını çoxdan gerçəkləşdirib. Biz də bu hədəfə Qərbin keçdiyi yolla addımlamaqla çatacağımızı güman edirik, daha öz folkloru, mədəniyyəti olan bir sistem üzərində yetişdiyimizi nəzərə alıb həll variantlarını axtarmırıq. XX əsrin əvvəllərində bu proses ən azı ona görə sağlam təməl üzərində yetişdi ki, meydanda onun həlli yollarını nişan verən fədai ziyalıları oldu. Axundov, Ə.Hüseynzadə, C.Məmmədquluzadə Ə.Ağayevin düşüncə modeli başdan-başa bu xətt üzrə kök saldı, pöhrələndi. Onların xidmətləri sayəsində dünya Azərbaycan ədəbiyyatına daha yaxın idi – düşüncə, söz, əməl kontekstində, təbii.

Qan Turalının fikrinə gəlincə, heç kim Şərqlə Qərbi bərabərhüquqlu ədəbiyyat məkanı kimi xarakterizə etmir. Onları bərabərhüquqlu ədəbiyyat məkanı kimi təsnif etməyin metodoloji yanlışlığını Qan Turalı xatırlayırsa, 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində başlanan nihilist dalğada iştirak etməklə elə özü sərgiləyirdi. O zaman milli arsenala münasibətdə ifrat radikallığı ilə seçilən, savaş açan yazılarla çıxış edən Qan Turalı niyə unudurdu ki, Qərblə Şərqin fərqli inkişaf qanunauyğunluğu olub və sovet dövrünün xərabələri altından çıxan bir ədəbiyyatı müəyyən  fəlsəfi-ideoloji, sosial-ictimai kökləri olan cərəyanlar kontekstində inkişaf yolu keçən Qərb ədəbiyyatı ilə eyni müstəviyə qoyub müqayisəyə cəhd etmək, üstünlüyü Qərbə verib milli dəyərləri aşağılamaq səmərəsiz yoldur? Bir də əgər “Yeni dövrdən etibarən ədəbiyyat xalis Qərb hadisəsidir”sə, o zaman islam düşüncəsinə refleksiya kimi meydana gələn, sufizmin kodları üzərində qurulan, etiologiyası sufizmə söykənən arxetiplərlə zəngin, təsəvvüf kosmoqoniyasının hərəkət göstəricilərini ehtiva edən romanlar – Kamal Abdullanın “Sehrbazlar dərəsi”, Orxan Fikrətoğlunun “Ölü mətn”, Aydın Talıbzadənin “Əbuhübb”, elə Qan Turalının özünün yazdığı “Fələk qırmancı” və s. əsərlər necə olsun? Şərq düşüncə poetikasından çıxış edən, həmin paradiqmanın hüdudlarında gəzişən bu mətnlər yeni minillikdə Şərq dəyərlərinin dünyəviləşməsi istiqamətində atılan addımlar deyilmi?

O ki qaldı Qərbi Şərqə calamaq məsələsinə, ortada belə bir calaq işi varsa da, bu mənzərəni yaradan yazıçılardı. Söz azadlığını qazandığımız müstəqillik dönəmindən bu yana bizdə ümumilikdə düşüncə sistemimizin təsnifatı ənənəvi ədəbiyyatla modernizə axtarışlarının qarşılıqlı, yaxud bir-birini inkar edən mənzərəsi üstə əyaniləşir. Bəs müstəqillik illərinin estetik mündəricəsi hansı təbəddülatlara uğradı, bəhs edilən modernist cərəyanların ədəbiyyatda ifadəsi mətnlər üstə əyaniləşdi, reallaşdımı, yoxsa yalnız manifestasiya kontekstində danışmağa rəvac verdi?!  Bu suala cavab daha geniş məqalənin predmeti olduğundan yalnız bunu deməyi vacib bilirəm. Son iyirmi ildə bizdə həm klassik irsə, həm də Qərb ədəbiyyatına münasibətdə ifrat metodoloji yanlışlıq təzahür etdi. Uzun müddət qapalı münasibətlərdə olduğu universal baxış sistemlərinin düşüncə strukturumuza mexaniki tətbiqi və ya süni imitasiya kimi meydana çıxması milli “mən”in təsdiqinə, təhrif olunmuş tarix, milli-mədəni dəyərlərin bədii təfəkkürün yeni tematikasına çevrilməsinə imkan vermədi. Ədəbiyyatda bu proses hələ də  varlığını davam etdirir, yeni inkişaf məcrasına çıxılmır, postmodernizmin çərçivəsində qapanıb qalmışıq. Həqiqi ədəbiyyatsa Qərblə Şərqin sərhədini mətnində əridən yazıçının intellektual düşüncəni milli dillə ifadə etmək bacarığındadır.

Məncə, məsələyə münasibətin metodoloji yanlışlığı da məhz bu istiqamətdədir. Biz klassik irs dedikdə nədənsə ona ya savaş açmaqla seçilirik, ya da kor-koranə qapılmaqla. Elçin qənaətində haqlıdır: “Ciddi çatışmazlıqlardan biri, birincilərdən biri budur ki, tənqidimiz klassikləri – həm də yalnız milli klassikləri yox – ədəbi prosesin faktına çevirə bilməyib və siz saytların, mətbuatın cürbəcür ədəbi sorğularına, cürbəcür “top”lara fikir verin, klassiklər o siyahılarda axırıncı yerlərə düşürlər, ya da heç düşmürlər. Klassiklər və ədəbi proses – onların bir-biri ilə əlaqəsi, hətta düşünürəm ki, bir-birini tamamlaması ən mühüm amillərdən biridir, bizim ədəbi proses isə bunun fövqündədir.”. Qan Turalı da eyni fikirdədir, hətta bir qədər irəli gedib 60-cılar nəsrinin ədəbi sələflik məsələsinin düzgünlüyünü çağımıza nümunə belə göstərir: “60-cılar ədəbi nəsli özünü Mirzə Cəlilə varis elan etdi. İndi onların Mirzə Cəlil irsini nə qədər davam etdirməsinin özü də mübahisələndirilə bilər, mövzumuz bu deyil. Mövzumuz budur ki, həmin o dolu şəraitində belə, 60-cılar nəsli ən azı, demonstrativ mənada özünü Mirzə Cəlilə varis elan etmişdi, eləcə də milli mövzulara, bir çox hallarda millətçiliyə meyillənmişdi (Hərçənd, Mirzə Cəlili siyasi platforması etibarı ilə heç bir vəchlə millətçi adlandırmaq olmazdı) və zənnimcə, 60-cıların uğurlarını şərtləndirən amillərdən biri də bu idi. Çox təəssüf ki, bu gün biz bu mənzərənin tamamilə əksini müşahidə edirik.”

60-cılar XX əsrin əvvəllərində yarıda qalmış, qırılmış bir ədəbiyyatın varisi olmaq missiyasından çıxış etdilər. Ağrı ədəbiyyatını, “böyük kiçik insan”ın ədəbiyyatını yaratdılar. Mən də bu fikirlə razıyam ki, milli ədəbiyyata yanaşmada biganəlik hakimdir. Dünyaya çıxışı stimullaşdırmağın yolu milli ədəbiyyatın “həzm”indən keçir. Amma bizim çağdaş ədəbiyyat nəinki klassikini ədəbi dövriyyəyə gətirə bilmir, hətta ədəbiyyatın müxtəlif mövzularına münasibətdə sakrallığı itirməklə elə bil ki, bütün məhrəm qatlarla öz arasına qalın bir örtük çəkir.

Digər bir məsələ. Bütün  məqamlarda klassik irs yeni ədəbi və mədəni quruculuq, yeni ədəbi-estetik dəyərlərin təşəkkülü üçün mühüm əhəmiyyət kəsb edir. Klassiklərin toxunduqları böyük həqiqətlər, əks etdirdikləri ideya və dəyərlər sistemi hər dəfə, hər gələn dövrdə onlara yenidən qayıtmağı, çağın müstəvisinə proyeksiya edib aktuallandırmağı zəruri edir. Cəlil Məmmədquluzadə bizi özümüzə daha yaxşı anlatdığı üçün əbədi sərvətimiz sırasında qərarlaşıb. Amma bu qədər zaman fasiləsindən sonra müasir ədəbi-mədəni durumun yenidən Mirzə Cəlil nisgili yaşamasına, müstəqilliyə adlayan, müharibə acılarından çıxan bir nəslin ədəbiyyatda yaşanan iki Mirzə Cəlil dönəmindən sonra üçüncünü təkrarlamasına ehtiyac yoxdur. XXI əsrin birinci yarısının texnogen kəşfləri ilə silahlanmış dünya oxucusunu nicatı maariflənməkdə, tənqiddə görən bir estetik dalğanın təzahürləri ilə ödəmək mümkün deyil. Biz daha əvvələ qayıtmalıyıq, məncə. Nizami dövründən bu yana olan ədəbiyyatımızın faktlarını tanımalıyıq. Bu ədəbiyyatın ehtiva etdiyi dəyərlər sisteminin nədə olduğunu özümüz üçün müəyyənləşdirməliyik. Çünki tarixi-dialektik məntiq sübut edir ki, ilahi və dünyəvi bağların mövcudluğu etibarilə o dövrün ədəbiyyatı daha çox dünyəviləşmə xətti üzərindədir.

Qan Turalı çağdaş ədəbiyyatda, lap elə “Ədəbiyyat qəzeti”nin səhifələrində Mirzə Cəlil Kafkaya uduzdurulur” yazır. Guya əksinə olsa, bununla nə dəyişəcək ki? Yeni Mirzə Cəlilləri yetişdirməyin zamanı gəlməyibmi? Bu gün hər ədəbiyyat ünvanında Mirzə Cəlil də olmalıdır, Kafka da. Amma məncə, daha çox öz yeni ədəbiyyatımız olmalıdır. Öz çağdaşımızın şeiri, hekayəsi, romanı əksini tapmalıdır. Nəinki “Ədəbiyyat qəzeti”ndə, digər sayt və qəzetlərdə uduzan bütünlükdə milli ədəbiyyatımızdı. Bu mənada, qəzetdə çıxan tərcümə, esse, araşdırma tipli yazıların çoxluğundan şikayət edənlərə demək lazım: əzizi-mən, sənin yazıçın, şairin nə zaman gözəl bir mətn yazıb göndərdi ki, qəzet (inanıram ki, bütün digər yazılı və elektron ədəbiyyat orqanları) onu əlinin tərsi ilə geri çevirib sadaladığın bu çoxluğu çap elədi? Qan Turalı bunun səbəbləri üzərində düşünərkən, bu məqamda haqlıdır əslində: “Zənnimcə, ən mühüm problem üstümüzə dolu kimi yağan tərcümələrdir, bu tərcümələrin yaratdığı mədəni mühit oxucuların da fikrini qarışdırıb, yazıçı və tənqidçilərin də. Bu mənada, əslində, hamımız bu doludan çıxmalıyıq və diqqətimizi öz ədəbiyyatımıza verməliyik, xarici ədəbiyyat qarşısında duyduğumuz dərin heyrət hissini adlayaraq onu dərk etməyə çalışmalıyıq”. Niyə belədir? Çünki istedadı, potensialı çatan yazarlarımızın əksəriyyəti indi daha çox tərcümə ilə məşğuldur. Yazıçılıq onun stixiyası olmaqdan çıxıb artıq, tərcüməçilik ədəbiyyatdan səmərə götürə biləcəyi sahə kimi daha çox sərf edir. Ona görə məsələn, oxucu “Ədəbiyyat qəzeti”ndə Salam Sarvanın gözəl şeirlərini gözlədiyi yerdə onun Bodlerdən gözəl tərcüməsini oxumaq feyzini yaşayır. Zahid Sarıtorpağın bədii mətnləri olmalı yerdə  Xlebnikovdan etdiyi tərcümələrlə tanış olmalı olur. Başqa problemlərin də mövcudluğunu istedadlı şairə Cavidanın “Su üstündə yerimək” adlı yazısı anladır: “Bir həqiqəti anlamaq: Serial ssenaristi olmaq yazıçını məhv edir. Sənin bütün fəaliyyətin prodüserin, rejissorun, aktyorların, reklam olunacaq məkanların, reytinq qazandıracaq tamaşaçı kütləsinin sözün həqiqi mənasında köləsinə çevrilməkdən başqa bir şey olmur. Və sən “nə qədər şanslısan, burdan yazırsan, ordan efirə verilir, bütün ölkəyə imzan hər gün ən baxımlı kanaldan nümayiş etdirilir” kimi parlaqlıqların fonunda o qədər çarəsiz bir hala düşürsən ki… özünə yazığın gəlməyə belə halın qalmır.”

Elçin “Bu müddətdə biz tənqidimizdə “Söz azadlığı”nın yaratdığı imkanlardan tam istifadə edə bilməmişik və ədəbi prosesimiz bunu aydın şəkildə göstərməkdədir”, – yazır. Qan Turalı “indi söz azadlığı var, biz ondan istifadə edirik də, bəs sözün özü necə, o varmı ki?” – deyir. Cavanşir Yusifli də tənqidlə bağlı müzakirədə belə bir fikir səsləndirmışdi: “Olmayan bircə ədəbiyyatdı”. Mən daha kəskin deyərdim: bizdə bu gün fövqəl amala xidməti ilə seçilən yazıçı qıtlığı yaşanır. Dürüst ədəbi mövqeyi, proseslərə, situasiyalara fövqəl münasibət bildirən yazıçıların sırası seyrəlir. Əksəriyyət “dəymə mənə, dəyməyim sənə” prinsipi ilə yaşayır. Yalnız özünün olduğu ədəbi müstəvini mükəmməl sayır, yalnız özünün adı keçən yazını bəyənir, tənqidçi onun adını çəkən yazıçını, yazıçı ondan yazan tənqidçini qəbul edir. “Özünü ədəbiyyatda sevmək”… mərəzi üst ədəbiyyata gedən yolu əngəlləyir.

Böyük qəhrəman yaratmaq üçün milləti böyük görmək lazımdır. İndi bəzi saytlarda olduğu kimi aşağılamaq, istehza predmetinə çevirmək deyil, məhz dəyərlərinə tapınıb ona doğru hədəflənmək. Bu olmalıdır böyük ədəbiyyatın qayəsi. Biz isə hələ də oxuduqlarımızın təsiri altında nəyi “döyüb”, nəyi öyməyimizin mahiyyətinə vara bilmirik. Çukçalarla bağlı məlum lətifəni yəqin ki, çox adam xatırlayır: “Filan əsərləri oxumusan sualına Çukça belə cavab verir: Çukça oxucu deyil, yazıçıdı”. Amma indi ədəbiyyatın problemi elə yaxşı oxucu olmaq, intellektual görünmək mərəzidi deyəsən. Bəli, bu gün Şərqlə Qərb arasında ona görə qalmışıq ki, Şərq dəyərlərinin dünyalaşması prosesi ləng gedir. Qərbə açılan yollar, get-gəllər isə dünyaya şərqli kimi inteqrasiya olunmağımızın Yolu deyil. Şərqi Qərbə daşımağın yolu əsərlərdən keçir, Şərq fəlsəfi fikrinə etina etməyən Hegelin bu fikirləri ilə razılaşmamaq olmur doğrudan da: “Mədəniyyət tərcümə olunmur, məhz yaradılır!..” Həm də öz kimliyimizə istinad kontekstində. Belə bir nümunə varmı? Müstəqillik insanının yaşamları, keçib gəldiyi gerçəklər, fəci yaşantılar sırası, içinin təbəddülatları, əzabları ədəbiyyatımıza gətirilmir. Hələ milli həyatımızın Qarabağ kimi gerçəkliyi varkən… 25 illik söz azadlığı həm də 25 il Qarabağsızlıq deməkdir. Bu 25 ildə bizdə milli problematikanı bəşəri səviyyədə ifadə edən hansı əsər yazılıb? İstinadlar həmişə var təbii. Mövlud Süleymanlıdan Şərif Ağayara qədər Qarabağ mövzusuna həssas bir neçə yazıçının adını sıralamaq olar. Amma söhbət milli nəsrin bütün komponentlərində – problematikasından poetikasına qədər bəşəri səciyyədə bərqərar olmasından gedir. Bəs poeziya? Hələ də Vətən anlayışı ilə bağlı məqamlarda karımıza XX əsrin birinci yarısının hürr duyğularının uca vurğusunu özündə ehtiva edən şeirlər gəlirsə… bunu hansı yeni ədəbiyyatın adına yazaq bəs? Bəli, bu gün ədəbiyyat Şərqlə Qərb arasında qalıb. Yazılan, bəh-bəhlə təriflənən, orijinal kimi oxucuya sırınan, təbliğ olunan şeirlərin əksəriyyəti bir az J.Prevertdir, C.Sürəyyadır, bir az Sipehri və daha kimlər… Bu isimləri tanıyan və sevən dünya oxucusunun yanına onları təkrar istehsal etməkləmi getmək istəyirik? Ahəngdən, musiqidən məhrum bu şeir müəlliflərinin və onların araşdırıcılarının “bu şeirlər oxunmaq üçündür yalnız” qənaətləri isə ancaq təbəssüm doğurur. Məgər V.Səmədoğlunun, V.Bayatlının şeirləri səsləndirilmək üçünmü yazılmışdı? Bəs niyə poetik yaşamı bu qədər güclü idi, görəsən?

Nə isə… “Yazalım, özümüzü öyməyəlim”… Tənqidin problemləri ilə bağlı ötən il yazdığım məqaləni belə adlandırmışdım. İndi də o fikirdəyəm. Yazalım… Öyünə və öyə biləcəyimiz yeni ədəbiyyatımızı yarada bilənə qədər. Çünki “Mədəniyyət yaradılır”!

 

ELNARƏ AKİMOVA

filologiya üzrə elmlər doktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir