Bakı və Ankaranın dünyaya verdiyi əsas mesajlardan biri 44 günlük müharibədən sonra bölgədə yaranan yeni əməkdaşlıq imkanlarından yararlanmaq çağırışıdır. İyun ayının 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi”ni imzalamışlar. 15 iyun 2021-ci il tarixini bundan sonra xalqımız ikiqat bayram kimi qeyd edəcək. Bu mühüm sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. 2021-ci il iyunun 15-də tarixi Qars müqaviləsindən 100 il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi böyük tarixi və strateji əhəmiyyətə malikdir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyi bu Bəyannamə iki qardaş ölkə arasındakı bütün strateji əlaqələri ən yüksək səviyyəyə qaldırır. Azərbaycan–Türkiyə münasibətlərinin bu şəkildə inkişafı dostlarımızı sevindirir, ölkəmizin güclənməsini, rifahını və təhlükəsizliyini istəməyənləri isə məyus edir. Azərbaycanın müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirən Şuşa Bəyannaməsinin mühüm tarixi və strateji əhəmiyyət kəsb edir. Ən vacib məqam isə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə müdafiə addımlarının atılmasıdır. Bu şanlı tarixin şahidi, Azərbaycan vətəndaşı kimi qürur hissi keçirirəm.
Qars müqaviləsinin 100-cü ildönümündə və Azərbaycan xalqının Milli Qurtuluş Günündə imzalanan bu Bəyannamə “bir millət – iki dövlət”in əlaqələrini ən yüksək zirvəyə qaldıran çox mühüm tarixi bir sənəddir.
Gəlin ilk əvvəl Qars müqaviləsinə nəzər salaq. Ankara hökuməti ilə bolşeviklər 1921-ci il Qars müqaviləsini müzakirə edərkən Naxçıvan məsələsi yenidən gündəmə gəlmişdir. Türkiyənin İğdırı ilhaq etməsi və Naxçıvan üzərində Azərbaycanın suverenlyi məsələsində inadkarlığı Azərbaycanla Türkiyə arasında dəhliz açılmasına imkan yaratdı. Belə düşünülürdü ki, Zəngəzur rayonu da Türkiyə və Sovet Azərbaycanını birləşdirən torpaq zolağına daxil ediləcək. Naxçıvan və Şərur rayonlarına erməni iddiaları Türkiyənin qəti mövqeyi və vetosu ilə rədd edildi. Bolşeviklər Ankara ilə yaxşı münasibətlərin qurulmasına çalışırdılar. Nəticədə Moskva və Qars müqavilələrinə görə bu region Sovet Ermənistanına birləşdirilmir, əvəzində Sovet Azərbaycanın protektoratı altında muxtar ərazi yaradılırdı. Qars müqaviləsinin Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi təsbit edən 5-ci maddəsini Sovet Ermənistanı da daxil bütün tərəflər tanıdılar. Başlanğıcda, Naxçıvan Muxtar Respublikası yaradılarkən Naxçıvan və Türkiyə arasında ümumi sərhəd yox idi. Bu, Mustafa Kamal Atatürk İran şahı Rza Pəhləvi ilə Türkiyə ərazisinin Naxçıvana doğru uzadılaraq dəyişdirilməsi üçün ərazi dəyişikliyi barədə razılaşma əldə etdikdən sonra mümkün oldu. Dəyişiklik 1930-cu illərdə Türkiyə ilə Azərbaycan arasında 11 kilometrlik sərhəd xəttinin yaradılmasına imkan verdi. Bu məqsədlə Türkiyə kompensasiya olaraq özünün cənubdakı bəzi torpaqlarını İrana verdi. Beləliklə, 1921-ci ildə bağlanmış Qars müqaviləsi ortaq Türkiyə-Azərbaycan sərhədinin yaradılması istiqamətində ilk addım idi.
Prezident İlham Əliyev iki qardaş ölkə arasında bağlanan Şuşa bəyannaməsinin vacibliyini xüsusi vurğulayaraq qeyd etmişdir ki: “ Bu səfərin tarixi əhəmiyyəti var. Çünki, bu gün imzalanmış birgə Bəyannamə – Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır. Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”. Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiyası, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan musiqili kompozisiyaya baxdıqlarını, tədbir zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ən qədim at cinslərindən olan “Zəfər” adlı Qarabağ atı və “Xarıbülbül” kompozisiyası hədiyyə edildi və “Xarıbülbül” kompozisiyasında Qarabağın rəmzi sayılan iki xarıbülbül gülünün birləşərək Azərbaycanla Türkiyə arasındakı əbədi dostluq və qardaşlıq münasibətlərinin təcəssüm etdirilməsi bir daha qardaşlıq və dostluq münasibətlərimizi dünyaya bəyan etdi.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi”ndə deyilir:
1.Ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsi;
2.Müdafiə sənayesi sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri;
3.Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması məsələsi;
4.Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi;
5.Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması;
6.Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur;
7.Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi;
8.Həmçinin hər iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir;
9.Milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər də yer alır;
10. Azərbaycan-Türkiyə media platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyatı qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlıq gücləndirilməli, Türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə TDƏŞ və əlaqədar qurumlar çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan verilməlidir.
Qısa vaxtda Türkiyənin Şuşadakı Baş Konsulluğunun açılışı ən vacib məqam olacaq. Bu gün Ulu Öndərin layiqli siyasi varisi, doğma torpaqlarımızı işğaldan azad edərək əbədiyaşar liderin vəsiyyətini yerinə yetirən Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Qarabağın musiqi beşiyi olan Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsini, şəhərin tarixi–mədəni irsinə və təbiətinə vurulmuş zərərin qısa müddətdə aradan qaldırılması və tarixən mövcud olmuş mədəni ənənələrin bərpa edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini böyük qayıdışın rəmzləri kimi dəyərləndirmək olar. 30 ilə yaxın davam edən erməni işğalı səbəbindən uzun fasilədən sonra Azərbaycan musiqisinin beşiyi olan Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalının keçirilməsi, azərbaycanlı olaraq, hər birimizdə sonsuz fəxarət və böyük qürur hissləri yaratdı. Cıdır düzündə iki gün davam edən və Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə həsr olunan möhtəşəm festival, sözün əsl mənasında, tarixi Zəfərimizdə böyük pay sahibi olan milli birlik və milli həmrəyliyin bayramı kimi qeyd edildi. “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” deyən və bu istiqamətdə qətiyyətli addımlar atmaqda davam edən Prezidentimiz hər birimizdə Şuşanın və doğma Qarabağımızın bütün dilbər guşələrinin dirçəldiləcəyinə, eləcə də həmin torpaqlarda Azərbaycan xalqının əbədi yaşayacağına tam əminlik yaradıb”.
Məqalənin sonunda Türkiyə Prezidenti Sayın Rəcəb Tayyib Ərdoğanın “Şuşa bəyannaməsini” imzalamasından sonra Azərbaycan Respublikasının Milli Məclisinin xüsusi keçirilən iclasındakı çıxışında söylədiyi Azərbaycanın mərhum xalq şairi Bəxtiyar Vahabzadənin şeirinin ilk iki bəndini qeyd etmək istəyirəm:
Bir ananın iki oğlu,
Bir amalın iki qolu.
O da ulu, bu da ulu
Azərbaycan – Türkiyə.
Dinimiz bir, dilimiz bir,
Ayımız bir, ilimiz bir,
Eşqimiz bir, yolumuz bir
Azərbaycan – Türkiyə

Cəmil Quliyev
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və
Aqrar-Texnoloji Kollecin İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi,
tarix üzrə fəlsəfə doktoru, AJB-nin üzvü

Daxil olundu: 18.06.2021 » Oxundu: 510
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!