
Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.
Qədim və keşməkeşli tariximizdə 28 May – Respublika Gününün özünəməxsus yeri vardır. Ümummilli lider Heydər Əliyevin təbirincə desək, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının dövlətçilik salnaməsinin parlaq səhifələrindəndir. Xalq Cümhuriyyətinin yaradıcıları Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstəriblər. Onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.
Xalq Cümhuriyyətinin yaranması xalqımızın azadlıq uğrundakı mübarizəsinin nəticəsi idi. 1918-ci ilin may ayının 28-də müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda respublika idarəçilik forması bərqərar olundu.
1918-ci ilin may ayından sentyabr ayınadək Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Gəncə şəhəri olmuşdur. 23 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximiz üçün misilsiz xidmətlər göstərmişdir. Ölkədə ilk ordu, prokurorluq, polis, milli təhlükəsizlik və sair hüquq-mühafizə orqanlarının, eləcə də parlamentin əsası qoyuldu, əsaslı dövlətçilik islahatları, konstitusiyanın qəbul olunması üçün müvafiq əməli tədbirlər həyata keçirildi. Müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda 1918-ci ildə qadınlara seçki hüququ verildi. Məlumat üçün qeyd edək ki, qadınlara seçki hüququ demokratiyanın vətəni sayılan ABŞ-da 1920, insan hüquq və azadlıqlarının beşiyi hesab edilən Fransada 1944, İtaliyada isə 1946-cı ildə verilmişdir.
Qısa müddətli fəaliyyət dövründə Azərbaycan Xalq Cümhuriyyəti hüquq, təhsil, dini etiqad azadlığı, aqrar sahələrdə islahatlara başladı. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə parlamentin yaradılması da dövlətçiliyin mühüm atributlarından idi. Parlamentin qəbul etdiyi qanun və qərarlar milli istiqlaliyyətin möhkəmləndirilməsinə, ölkənin siyasi və iqtisadi inkişafına, mədəniyyət və təhsil sahəsində sürətli irəliləyişə, xarici dövlətlərlə diplomatik münasibətlərin yaradılmasına, Azərbaycan Xalq Cümhuriyyətinin dünya dövlətləri tərəfindən tanınmasına böyük töhfə vermişdir.
Ölkənin qanunvericilik orqanı ana dilimizi Azərbaycanın dövlət dili elan etmiş, dövlət rəmzlərini – respublikanın himnini, bayrağını təsdiq etmiş, dövlət gerbinin yaradılması işinə başlamışdır. Lakin az müddət sonra Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə bolşevik ordusu tərəfindən son qoyuldu. 28 aprel 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti quruldu.
Ümummili lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki roluna xüsusi önəm vermişdir.
Ümummili lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki roluna qiymət verərək demişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin öz dövlətçilik atributlarını qəbul etməsi, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımlar xalqımız üçün taleyüklü əhəmiyyət kəsb etmişdir. Cümhuriyyətin böyük uğurlarından biri Paris sülh konfransında 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqil dövlət kimi tanınması olmuşdur.
1920-ci il aprelin 28-də ikinci respublika – Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı. İki il ərzində öz müstəqilliyini qoruyub saxlamağa nail olan respublika 1922-ci ildə SSRİ-nin tərkibinə daxil olduqdan sonra öz müstəqilliyinin ancaq formal atributlarını saxlaya bildi.
Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizdə bərqərar olmuş sabitlik və inkişaf, çoxşaxəli beynəlxalq münasibətlərdəki uğurlar müstəqil dövlətimizin suverenliyinin möhkəmlənməsinə xidmət edir. Cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində işğal altında olan torpaqlarımızın azad olunması ən böyük uğurumuzdur. Müstəqilliyimizin isə əbədi, daimi və dönməz olacağına əminik.
Ölkədə həyata keçirilən uğurlu daxili və xarici siyasət, demokratik qanunvericiliyin hazırlanması hüquqi dövlət quruculuğuna mühüm təsir göstərir, müstəqilliyimiz və suverenliyimizin əsaslarını möhkəmləndirir.
Sanif Həsənov
Ağsu rayonu, iş adamı