Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Böyük Zəfər xalqımızın 30 illik həsrətinə son qoydu. İllərlə çəkdiyimiz ağrı-acılar, torpaq həsrəti, yurd nisgili Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzun şücaəti nəticəsində sona yetdi. Bu səadəti bizə yaşadan 44 günlük Vətən müharibəsinin qələbə müjdəsi oldu.
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistanın geniş¬miq-yaslı təxribatı nəticəsində cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan ordusu bütün cəbhə boyu əks-hücuma keçdi. Bununla da II Qarabağ müharibəsinə start verildi. Ermənistanla 44 gün davam edən müharibə ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı… nəhayət Şuşa işğaldan azad edildi. 44 günlük Vətən müharibəsinin zirvəsi heç şübhəsiz ki, Şuşanın düşməndən azad edilməsi oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər Xiyabanından Azərbaycan xalqına müraciət edərək 30 ilə yaxın gözlədiyimiz müjdəni verdi: «Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!».
Vətən müharibəsinin başladığı ilk gündən cəsarətli, prinsipal və ardıcıl mövqeyini ortaya qoyan möhtərəm Prezidentimiz Şuşasız bizim işimiz yarımçıq qalar - söyləmişdi və verdiyi bütün vədlər kimi, bu vədini də ən qısa müddətdə yerinə yetirdi; işimiz yarımçıq qalmadı, şəhidlərimizin qanı ilə boyanan müqəddəs bayrağımız Şuşa qalasına sancıldı.
Prezident İlham Əliyev öz müraciətində xüsusilə vurğuladı: «Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!».
Bəli, həqiqətən də, dövlət başçımızın da dediyi kimi düşmənin başını dəmir yumruğumuzla əzdik və uzun illər düşmən tapdağı altında inləyən torpaqlarımızı işğaldan azad etdik. Artıq ikinci ildir ki, Zəfər tariximizin qüruru yaşayır və bu günü bizə yaşadan qəhrəman şəhidlərimizin ruhuna dualar edir, qazilərimizə Allahdan şəfalar diləyir, döyüşçülərimizə çox sağ olun deyirik. Artıq 8 Noyabr tarixi əlamətdan bayram günlərimizin ən önəmlisinə çevrilib. Bu sevinci, bu bayramı bizə yaşadan müzəffər Ali Baş Komandana, rəşadətli Ordumuzun hər bir əsgər və zabitinə sonsuz təşəkkürlərimizi bildiririk.
Qarabağ Azərbaycandır!

Çingiz NƏCƏFOV

Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru

 

Daxil olundu: 05.11.2022 » Oxundu: 1979
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!