“Müəllim işi həm şərəfli, həm də çətin işdir. Ali məktəb
müəllimi olmaq, müəllimlər hazırlamaq,
yəni müəllimlər müəllimi olmaq ikiqat
şərəfli və eyni zamanda ikiqat məsuliyyətli işdir”.
H.Əliyev.
İnsan ömrü sürətlə şütüyən bir qatara bənzər. Gedəcəyimiz ünvana qədər dayanmadan, fasilə vermədən şütüyən qatara. Qatar irəlilədikcə biz də onun qoynunda günləri, ayları, illəri arxada qoyarıq. Dönüb arxaya baxanda yaddaşımızda, həyatımızda, təmiz mənəviyyat sahibi olmağımızda rolu olan insanları xoş xatirələrlə xatırlayarıq.
Bu insanların bəziləri ilə sıx münasibətdə olmuşuq, onlar hər saat, hər gün könlümüzə, ruhumuza qanımıza hopan saflığı, təmizliyi, böyüklüyü ilə qəlbimizin, yaddaşımızın ən yüksək zirvəsində özünə olduqca yüksək mərtəbə tutaraq məskunlaşıb. Kimsə onların əleyhinə nə yanımızda söz deməyə cürət etməz, nə də desələr, qəbul etmərik. Çünki onlar bizi dünyaya gətirən valideynlərimiz və maariflənməyimizdə ömrünü şam kimi əridən müəllimlərimizdir.
Bu gün mənə ən əziz, həyatımda, müəllimliyimdə xüsusi yeri olan sevimli, hörmətli müəllimimdən-Məsud Mahmudovdan söz açacağım.
Məsud Mahmudov uzun illərdir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda struktur, tətbiqi və nəzəri dilçilik sahəsində əvəzolunmaz mütəxəssis, gözəl insan və alim kimi fəaliyyət göstərir.
Lakin bu yazımda əsas məqsədim Məsud Mahmudovun elmi yaradıcılığına toxunmaq, onun Azərbaycan dilinin inkişafı və öyrənilməsi ilə bağlı gördüyü işlər haqqında məlumat vermək deyil, əsas məqsədim bir müəllimə xas ola biləcək insani keyfiyyətləri dilə gətirməklə dilimiz, millətimiz, Vətənimiz, xalqımız üçün həm elm, həm də insanlıq fədaisi olan bir şəxsiyyətin, bir müəllimin örnək olası dəyərlərindən bütün müəllimlərin faydalana biləcəyini əks etdirməklə digər müəllimlərin də öz şagirdlərinin, tələbələrinin həyatını müsbətə doğru dəyişdirə biləcəyini ifadə etməkdir.
Yüksək mənəvi keyfiyyətlərə malik, böyük istedad sahibinin tələbəsi olmaq xöşbəxtliyinə nail olduğum üçün qürurluyam.
Ömrünün 70-ci baharını, həyatının müdrik çağını yaşayan, 45 ildir, Azərbaycan elminə töhfələr verən, bu gün də elmi-pedaqoji fəaliyyətini davam etdirən, filologiya elmlər doktoru, professor, tələbkar müəllim, xeyirxah şəxsiyyət Məsud Mahmudov haqqında yazmaq mənim üçün böyük bir şərəfdir.
Doğrusunu desəm, Məsud müəllimlə bağlı qəlbimdəkiləri sözə çevirib vərəqlərə düzmək çoxdankı arzum idi. Lakin nədənsə tərəddüd edirdim. Doğurdan da, həyatda elə insanlar var ki, onlar haqqında söz demək, onlarla bağlı düşüncələrini ifadə etmək, onlarla bağlı xatirələri sətirlərə köçürmək çox çətindir. Çünki onların sənin həyatında, bir insan kimi yetişməyində, təhsil almağında, müəllim kimi formalaşmağında əməyi olub.
Bax elə buna görə də əməyi üzərimdə olan müəllimim-Məsud müəllim haqqında danışmaq, onun özü də hiss etmədən bizə örnək olan davranış və yüksək mənəvi keyfiyyətlərini sözə çevirməyin mümükünsüzlüyünü nəzərə alıb əlimi dəfələrlə bu mövzuda yazmaqdan saxlamışam. Lakin bu gün bu cürəti özümdə tapıb qəlbimdəkiləri müəllimimə söyləməklə kiçik də olsa, (təbii ki, onun əsil simasını əks etdirə biləcəyimdən əmin deyiləm) ona sevgimi bildirmək, onu təbrik etmək, yeni yaşında arzularımı ifadə etmək istəyirəm.
Düşünürəm, “Görən, Məsud müəllimi olduğu kimi təsvir etməyə qələmimin, sözlərimin gücü çatarmı? Fikirlərimi sözə çevirib mənəvi təmizliyi sözlərə sığmayan bu böyük şəxsiyyəti olduğu kimi ifadə edə bilərəmmi?” “Görən, dilimizin lüğət tərkibini qarşıma qoysam, içərisindən bütün gözəl sözləri seçib götürsəm, Məsud müəllimin yüksək insanlığının tərifini verə bilərəmmi?” Sonra da öz-özümə cavab verirəm: “Təbii ki, sözlərimin kasadlığı Məsud müəllimi tanımayanların demirəm, tanıyanların diqqətindən yayınmayacaq”.
Hörmətli müəllimim, bəlkə də, Siz mənə hər hansı bir elmi işi yazmağı tapşırıq versəydiniz, mən gecəmi gündüzümə qatıb, Sizin tapşırığınızı qısa zaman ərzində yerinə yetirərdim. Amma Sizin insanlıq mücəssəmənizi sözlər vasitəsi ilə dilə gətirmək üçün mənim özüm də, qələmim də, mübaliğə olmasın, dilimizin lüğət tərkibi də acizdir.
Cəmiyyətimizin hər zaman vicdanlı müəllimlərə ehtiyacı vardır. Vicdanlı müəllimlər xalqın, dövlətin, cəmiyyətin dayağıdır, sütunudur. Cəmiyyəti inkişafa aparan əsas qüvvədir. Çox təəssüf ki, bu gün qeyri-insani hərəkətləri ilə dillərdə, ağızlarda gəzən müəllimlər də az deyil. Bəlkə də, vicdanlı və dürüst olmaq başqa sənət sahiblərində o qədər də qabarıq görünən keyfiyyət deyil. Lakin müəllim bütün sənət və peşə sahiblərini yetişdirdiyi üçün onun əsas amalı vicdanlı olmaqdır, öz şəxsi nümunəsini başqalarına öyrətməkdir . Vicdanlı və dürüst müəllimdən dərs alan 100-də bir şagird, tələbə insanlıqdan uzaq ola bilər. Bunu da həmin insanın düşüncə ilə əlaqədər tutulduğu xəstəliklə bağlamaq olar. Ona görə də müəllim başqa insanları yetişdirdiyi üçün daha sağlam, daha dürüst, daha mükəmməl vicdana, əxlaqa və ağıla sahib olmalıdır.
Mən əminliklə deyə bilərəm ki, Məsud Mahmudovdan dərs alan, onun tələbəsi olan insanların hər biri işlədiyi məkanda, kollektivdə yüksək insani keyfiyyətlərinə, vicdani dürüstlük və xeyirxah əməllərinə, cəmiyyətə, dövlətə sədaqətinə, millətə və onun övladlarına qayğı və diqqət sahibi olduğuna, vətənə bağlılığına görə başqalarından bir addım (bəzilərinin yanında zirvədədir) öndədir. Belə bir müəllimin, belə bir şəxsiyyətin tələbəsi olduğum üçün şanslıyam.
Yadımdadır, 2001-ci il iyul ayı idi. Universitetin bakalavr pilləsini bitirdiyim gün- diplom işi müdafiəsi günü. Yazdıqları diplom işini müdafiə edib auditoriyadan dəhlizə çıxan hər bir tələbənin ağzından çıxan sözlər eyni idi: ”İmtahan komissiyasının sədri çox ciddi, diqqətli və tələbkar insandır”. Növbəsini gözləyən tələbələrin üzündə həyəcanqarışıq bir qorxu hissi var idi. Mən isə təvazökarlıqdan uzaq da olsa, özümə arxayın idim. Çünki beş aydan artıq idi ki, mövzum üzərində çalışırdım. Növbə mənə çatdı. Auditoriyaya daxil oldum. Stol arxasında baxışlarında ciddilik olan, oturuşunda və davranışında əsl ustad görünüşü olan bir müəllimlə qarşılaşdım. Bu, Məsud müəllim idi. Məsud müəllim mənə “Danış” deyə müraciət edəndə mən yüksək nitqlə çıxışıma başladım. Həmin gün diplom işindən beş qiymət aldım.
Sonra magistraturaya sənəd verdim. Magistraturaya qəbul imtahanında da Məsud müəllim komissiyanın tərkibində idi. Magistraturaya qəbul oldum və orada təhsil aldığım müddətdə Məsud müəllim mənim müəllimim oldu. Magistraturada təhsil müddətində Məsud müəllimi daha yaxından tanıdım. Bu iki il ərzində biz tələbələr Ondan təkcə Azərbaycan dilinin qayda-qanunlarını öyrənmədik, həm də insanlıq dərsi öyrəndik, özünəhörmət öyrəndik, vicdani təmizlik öyrəndik. Məsud müəllimdən dərs alan bütün tələbə, magistr və doktorantlar təsdiq edə bilər ki, O ən yüksək insani keyfiyyətlərə malik bir müəllimdir. Sözündə, əməlində bütöv bir şəxsiyyətdir. Yaxşılıq etmək, insanlarla səmimi rəftar onun həyat devizidir.
Sonra mən aspirantura pilləsinə qəbul olanda Məsud müəllimin elmi rəhbərim olmasını xahiş etdim. Dekanlıq şərait yaratdı, Məsud müəllim də sağ olsun, etiraz etmədi.
Mənə dərs dediyi bu illərdə Məsud müəllimi bütün müsbət keyfiyyətləri ilə tanımasam da, ən azından daxilən zəngin olan bu şəxsiyyətin nə qədər yüksək mənəvi keyfiyyətlərə malik olduğunu şəxsi nümunəsində, əməl və hərəkətlərində görmüşdüm. Gələcək həyatım üçün bu şəxsiyyətdən öyrənəcəyim dəyərlərin çox olduğunu bildiyim üçün ondan asanlıqla uzaqlaşmaq istəmirdim. Desəm ki, aspirantura təhsili (indiki doktorantura) almağım göydə Allah, yerdə Məsud müəllimin sayəsində olub, daha doğru olar. Çünki magistraturada təhsil aldığımız müddətdə zəng çölə vurulanda hər zaman eyni sözlərlə bizdən ayrılırdı: “Əziz tələbələrim, siz savadlısınız. Təhsilinizi davam etdirin. Azərbaycan üçün, Vətənimiz üçün istedadlı alim olacağınıza əminəm”. Bu sözlər mənim həyatımı dəyişdirdi. Çünki Məsud müəllimi tanıyana qədər mən yalnız orta məktəbdə müəllim olmaq haqqında düşünürdüm. İxtisasımla bağlı arzularım ondan irəliyə getmirdi. Amma Məsud müəllimin tövsiyə, nəsihət, motivə edən fikir və məsləhətləri həyatımı, düşüncəmi dəyişdirən bir stimul oldu. Bax burda Qədim Yunanıstanın ən görkəmli filosofu, dünya şöhrətli mütəfəkkir Aristotelin məşhur kəlamı yada düşür: “Atam məni bu dünyaya gətirib, amma müəllimim isə mənə bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərib”.
Doğurdan da, Məsud müəllimin tövsiyə və fikirləri məni səadətə gedən yola çıxardı və bu kəlmələr bu yolda mənim üçün işıq saçan bir çıraq oldu və mən o çırağın işığında büdrəmədən addımlaya bildim. Necə minnətdar olsam, necə təşəkkür etsəm, Sizə layiq olar?
Məsud müəllimin rəhbərliyi ilə elmi tədqiqat işimi müdafiə etdim və filologiya üzrə fəlsəfə doktoru adına layiq oldum.
Əvvəlki illərdə olduğu kimi müdafiədən sonra da pedaqoji fəaliyyətimi orta məktəbdə davam etdirdim. Arada-ən çox da bayramlarda Məsud müəllimə zəng vurub hal-əhval tuturdum. Hər zəngimdə eyni ifadələri deyirdi: “Əgər orta məktəbdə müəllim kimi qalacaqdınsa, niyə təhsilini davam etdirdin?” Yenə də müəllim müqəddəsliyi, müəllim tələbi və sənə olan inamı köməyimə gəldi. Məsud müəllim kimi bir tələbkar ustad sənin savadından razıdırsa, niyə də ali məktəbə baş vurmayasan. Ali məktəbə yollandım və sonrakı pedaqoji fəaliyyətimi ali məktəbdə davam etdirməyə başladım. Bu gün hazırda pedaqoji fəaliiyətimi ADPU-da davam etdirirəm. Bu səviyyəyə çatmağımın səbəbkarı Sizsiniz. Siz mənim müəllimim olmasaydınız, mən bu mərtəbəyə ucala bilməzdim. Siz məndə özünə inam, özünə əminlik yaratmasaydınız, mən irəli getməyəcək, müəyyən bir pillədə dayanacaqdım.
Görüşərkən dediyiniz qiymətli kəlamlardan birini xatırlamaq istəyirəm: “Tələbə müəllimindən çox bilməlidir. Əgər belə olmasa, cəmiyyət, elm inkişaf edə bilməz”. Düzdür, elmdə, istedadda Sizin kimi ola bilməsək də, insani keyfiyyətlərinizi öyrənib tətbiq etməyə, həyatım üçün əsas amala çevirməyə hər zaman çalışdım. Əsil müəllim necə olmalıdır?- sualının cavabı Sizsiniz.
Bu gün də öz müəllimlik missiyanızı yerinə yetirməkdən yorulmursunuz, usanmırsınız. Məni və digər doktorantlarınızı elmi iş götürüb müdafiə etməyə, elmlər doktoru olmağa həvəsləndirirsiniz. Elə Sizin məsləhətləriniz məni bir də o ünvana AMEA-ya gətirdi. Təhsilimi davam etdirməyə həvəsləndirdi. İnşallah, nəsib olarsa, bu yola yenə Sizinlə başlamaq istəyirəm. Çünki mənəvi keyfiyyətlərinizi hələ də tam kəşf etməmişəm. Hər görüşümüzdə əsil müəllim simasının bir müsbət cəhətini də aşkarlamış oluram. Demək ki, hələ öyrənəcəklərim çoxdur.
Çox əziz və hörmətli Məsud müəllim! Mən Sizdən təkcə elmin, müəllim olmağın sirlərini öyrənmədim. Həm də vicdanlı olmağı, insanlarla dürüst rəftar etməyi, nəinki müəllimə, insana yaraşmayan pis əməllərdən-başqalarını aldatmaq, kələk gəlmək, sərt rəftar etmək, 5-10 manatdan ötrü qürurunu sındırmaq, vicdanını ləkələmək kimi mənfilikdən uzaq olmağı da öyrəndim. O qədər mükkəmməl bir daxili aləmə maliksiniz ki, hərdən düşünürəm: “Görən dilimizin lüğət tərkibində öz əksini tapan bəzi sözlərdən-paxıllıq, saxtakarlıq, acıgözlük və b. bu kimi kəlmələrdən Məsud müəllimin xəbəri varmı? ” Təbii ki, yoxdur, Allah Sizi ən sevimli bəndələrindən biri kimi yaratdığı üçün Siz bunlardan xəbərsizsiniz.
Siz bu 70 mərtəbə ucalığında olan ömür sarayınızda hər cür dəbdəbədən və şan-şöhrətdən uzaq bir paklığa, təmizliyə, düzlüyə sığınmaqla yanaşı, həm də bu dəyərləri şəxsi həyatınızla bizlərə də öyrətməyə nail ola bilmişsiniz.
Allahın Sizə nəsib etdiyi 70 mərtəbəli sarayın hər kərpicini, hər daşını təmizlikdən, mənəvi saflıqdan, insanlıqdan hördünüz, həmçinin bu daşların, kərpiclərin tükənməz işığına bizləri də toplaya bildiniz.
Sizi tanıdığım üçün çox xoşbəxtəm. Sizin rəhbərliyinzlə elmi iş yazıb müdafiə etdiyim üçün çox qürurluyam. Sizi tanıyanların yanında “Mən Məsud müəllimin aspirantı (doktorantı) olmuşam” demək kifayət edir ki, məni də savadlı (təvazökarlıqdan kənar da olsa) bir alim kimi tanısınlar. Elmi rəhbəri Məsud müəllim olan hər bir alimin tədqiqatı onun öz əməyinin, öz zəhmətinin məhsulu olduğuna heç bir şübhə yaratmır.
Sizin kimi bir müəllimim olduğu üçün Allahıma sonsuz təşəkkür edirəm.
Xeyirxah əməlləri, səmimi münasibəti, vicdani təmizliyi, daxili paklığı, diqqətli davranışı, qayğıkeş rəftarı ilə insanlıq adını uca tutan böyük ürək sahibi, biz tələbələrinə və bütün cəmiyyətə daim örnək olan əziz Məsud müəllim, 70 yaşınız mübarək! 70 yaşınızın tamam olması münasibətlə Sizi ürəkdən təbrik edirəm! Sizə istək və ehtiramımı bildirirəm! Ən gözəl günlər, işlərinizdə tərəqqi və can sağlığı arzulayıram! Qoy bundan sonra da həyatınızın normasına çevirdiyiniz vicdani saflıq, kamillik, düzlük, halallıq, Vətən üçün fədakarcasına çalışmaq, Ana dilimizin saflığını qorumaq və inkişaf etdirmək yollarında daha böyük uğurlar Sizin olsun! Əziz müəllimim, qoy ömrünüzün hər gələn yaşı Azərbaycan Respublikasına, Azərbaycan Milli Elmlər Akademiyasına, Sizi sevənlərə, ailənizə böyük sevinc, xöşbəxtlik və uğur gətirsin!
TƏRANƏ ADİL QIZI NAĞIYEVA
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
“Azərbaycan dilçiliyi” kafedrasının baş müəllimi,
filologiya üzrə fəlsəfə doktoru
