Qazaxda Kamal Əhmədovu hamı keçmiş güləşçi kimi yaxşı tanıyır. Onu tanımayanlar da onunla görüşəndən sonra deyirlər ki, "elə bil onun əl barmaqları dəmirdəndir". Bu yaşda adamın boy-buxununa və yerişinə heyran olursan. Elə bilirsən o, 20-25 yaşda bir cavan oğlandır. Əlbəttə, bu sözləri onun haqqında elə-belə yazı xətrinə demirik. Kamal müəllimi tanıyanlar bunu daha yaxşı bilirlər. O, zamanının çox yaxşı idmançısı olmaqla yanaşı, həm də çox insanpərvər adamdır. Bir insan kimi həmişə xeyirxahlıq etmək onun ən ümdə vəzifəsi olub. O dostları ilə tez-tez çay və yemək sürfəsində göruşür, keçmiş xatirələrindən danışır. Onu da qeyd edək ki, Kamal müəllim 1934-cü ildə Qazaxın Yuxarı Salahlı kəndində dünyaya göz açıb. O hələ orta məktəb illərində oxuyarkən özündə olan gücü hiss edirdi. Ona görə hələ tələbəlik illərində ilk dəfə Ümumittifaq Spartakiadasının qalibi olmuşdur. O, Bakı Dövlət Universitetini bitirib. 1955-ci ildə Bakıda Səməd Vurğun və Osman Sərıvəlli bu çempionata tamaşaçı qismində gəlmişdilər. Kamal Əhmədov yerlilərini görub daha da qürurlanaraq 10 qat Azərbaycan çempionu olan Şamaxılı Nadir Məmmədova qalib gəlir. Səməd Vurğun səhnəyə düşərək gənc güləşçi olan Kamal Əhmədovu qucaqlayıb üzündən öpur və qolundakı əl saatını ona bağışlayır. Həmin ildən etibarən Kamal Əhmədov nə çox, nə də az, düz 7 il çempionluq titulunu qoruyub saxlaya bilmişdir. O həmçinin keçmiş SSRİ yığma komandasının tərkibində dünyanın bir çox mötəbər güləş yarışlarında iştirak edərək 2 və 3 cü yerlərə layiq görülmüşdür. Kamal müəllim deyir ki, yaddaşımda qalan maraqlı hadisələrdən biri də Bolqarıstanda Beynəlxalq yarışların birində türk qızının azərbaycanlı olduğumu bilib məni gül çələngi ilə təbrik edib mənə uğurlar arzulaması oldu. O, deyir ki, 84 yaşım olmasına baxmayaraq bu gün də özümü gümrah hiss edirəm. Kamal müəllim İnstitutu bitirəndən sonra doğma Qazax rayonuna qayıdıb. 1956-cı ildə Bakıdakı dostların sayəsində çətinliklə də olsa, Qazax 1 saylı orta məktəbində güləş məktəbini yarada bilmişdir. Qısa zaman ərzində Kamal müəllimin yetirmələri respublika, həmçinin Ümumittifaq və beynəlxalq yarışların qalibi olaraq SSRİ idman ustalığına layiq görülüblər. Kamal müəllimin qardaşı Sədi kişini istər Qazaxda, istərsə də respublikada tanımayan olmayıb. Kamal müəllim 1961-1972 ci illərdə Qazax Rayon Komsomol Komitəsinin 1-ci katibi XDS İcraiyyə Komitəsinin sədr müavini, 1987-1992-ci illərdə Qazax Rayon İdman Komitəsinin sədri işləyib.
O, SSRİ idman ustası, Azərbaycan fəxri bədən tərbiyyəsi və idman ustası, SSRİ-nin bədən tərbiyyəsi və idman əlaçısı, Əməkdar məşqçi, Respulika dərəcəli hakim Qırmızı əmək bayrağı ordeni, Əmək igidliyinə görə medal, Lenin yubileyi medalı, Fəxri Prezident Təqaüdçüsü, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Əməkdar Bədən Tərbiyəçisi və idman xadimi fəxri adına layiq görülmüşdür. O, ömrünün 84 ilinin 65 ilini idman və idmanın inkişafına həsr etmişdir. Onun yetirmələri keçmiş SSRİ-də və respublikamızda məşqçi, baş məşqçi və digər idman arenalarında işləyirlər.
Biz də Kamal müəllimə Allahdan can sağlığı və 100 il yaşamağı arzu edirik. Qoy həmişə Qazax güləşçiləri onunla fəxr etsinlər!

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyin üzvü

Daxil olundu: 26.11.2018 » Oxundu: 2367
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!