Rayonlararası Salyan Psixiatriya xəstəxanası ətrafda yerləşən 10 rayonun psixiatriya xəstəxanalarını özündə birləşdirir. Ağsu, Kürdəmir, Hacıqabul, Şirvan, Sabirabad, Saatlı, Biləsuvar, Neftçala, Salyan və Göyçay rayonlarına xidmət edən bu xəstəxananın baş həkimi Allahverdi Bəylərovdur. Bu 10 rayonun həkimlərinin psixiater işi məhz burada qiymətləndirilir. Allahverdi həkimin verdiyi məlumata görə xidməti rayonlardan olan xəstələrin sənədləri buraya gətirilir və onlar haqqında «forma 88» yazılıb əlilliyin təyini üçün Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinə göndərilir.
Allahverdi həkim xəstəxananın kadr çatışmazlığından da söz açdı və bildirdi ki, burada 180-ə yaxın tibbi personal çalışır. Onlardan 6-ı həkim, 1-i stomatoloq, digərləri isə tibb və texniki işçilərdir. Xəstəxana uzun illərdir ki, fəaliyyət göstərsə də, 2013-cü ildə müasir standartlara uyğun şəkildə yenidən tikilərək istifadəyə verilib və 150 çarpayılıq üçün nəzərdə tutulub. Xəstəxana bütün müasir tibbi avadanlıqlarla tam təchiz edilib və burada xəstələrə gündə 3 dəfə isti yemək təqdim edilir.
Allahverdi həkim bu xəstəxanaya 2017-ci ilin avqust ayında baş həkim təyin olunub. İlk günlərdən bu təyinatın çox düzgün və yerində olmasını öz fədakar əməyi, bilik və bacarığı ilə təsdiqləyib. O, 1959-cu il may ayının 2-də Ağdam şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra ali həkimlik təhsili alan Allahverdi həkim uzun illərdir ki, xalqın sağlamlığı keşiyində dayanır. Şərəfli bir ömür yolu keçən Allahverdi həkim 22 il Səhiyyə Nazirliyinin Penitensiar xidmətində həkim işləyib, hazırda ehtiyatda olan zabitdir. O, 1984-1992-ci ilə kimi Ağdam Mərkəzi rayon Xəstəxanasında müxtəlif sahələr üzrə həkim işləyib. 1992-ci ildə könüllü olaraq hərbiyə keçib və 1995-ci ilə kimi «N» saylı hərbi hissədə tibb xidmətinin rəisi vəzifəsində çalışıb. 1996-2000-ci illərdə DİN-nin 3 saylı istintaq təcridxanasında həkimlik fəaliyyətini davam etdirib. 2000-2015-ci illərdə Ədliyyə Nazirliyinin Penitensiar xidmətində həkim işləyib.
Allahverdi həkim ailəlidir. Bir qızı və nəvələri var. Qızı Azərlotareyada şöbə müdiri vəzifəsində çalışır.
Allahverdi həkim xaraktercə sadə və çox təvazökar insandır. Müəssisənin nümunəvi tibb işçilərindən söz açarkən Fəridə Axundovanın, Elza Quliyevanın və digərlənin adını qürurla çəkən Allahverdi həkim xəstəxananın əsas yükünü daşıyan həkim Ruhəngiz Novruzovanı xüsusi olaraq qeyd etdi. Bildirdi ki, mən baş həkim olsam da, bu xəstəxananın əsas işlərini şöbə müdirimiz olan və 1992-ci ildən burada qüsursuz işləyən bacarıqlı həkim Ruhəngiz xanım görür və onun əməyini qiymətləndirməmək düzgün olmaz.
Məlumat üçün bildirək ki, Ruhəngiz xanım 1969-cu ildə Neftçala rayonunda dünyaya göz açıb. Rayondakı 1 saylı tam orta məktəbi başa vurduqdan sonra Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub. Artıq uzun illərdir ki, şəfalı əlləri, bilik və bacarığı ilə minlərlə insanın sağlamlığı keşiyində dayanır. O, 32 ildir fasiləsiz olaraq burada həkimlik fəaliyyəti ilə məşğuldur və nəinki kollektivin, bütün pasientlərin də dərin hörmət və rəğbətini qazanıb, hər kəs ondan razılıq edir.
150 xəstə üçün nəzərdə tutulmuş bu xəstəxanada hazırda 128 xəstə müalicə olunur. Allahverdi həkim onu da vurğuladı ki, burada bütün kollektivin iş hədəfi pasientlərin sağlamlığı keşiyində ayıq-sayıq dayanmaq və onların sağlamlığının bərpası üçün gecə-gündüz çalışmaqdır.
Gülağa
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü