Sağlamlıqdan böyük bir sərvət yoxdur.
R.Emerson.
İnsan qəribə məxluqdur. O, əlində olan sərvəti itirəndə elə bil yuxudan ayılır. İndiyə kimi nə qədər xoşbəxt, varlı, güclü olduğunu birdən-birə başa düşür. Başa düşür ki, insanın ən böyuk sərvəti, var-dövləti onun sağlamlığıymış. Bu sətirləri yazanda dahi Şopenhauerin bir kəlamı yadıma düşür: “Sağlam deyilsənsə, yediyin bal da zəhər dadacaq”. Doğrudan da, eləymiş. Biz bunu bəşəriyyəti cənginə alan gözəgörünməz düşmən – koronavirusla (Covid –19) qarşılaşanda başa düşdük. Hər şey gözümüzdə bir heçə döndü. Xəstəliyə tutulduğumuzdan şübhələnən kimi “Könül həkimlə görüşün, o, savadlı həkimdir” deyə məsləhət gördülər. Həkimlə görüşdük. Testin cavabı xəstə olduğumuzu təsdiqlədi. Həkim bizə müalicə yazdı. Ətrafdakılardan təcrid olunmuş vəziyyətdə müalicəyə başladıq. Həkimlə telefonla əlaqə saxlayırdıq. Həkimin qayğısı, tez-tez bizimlə əlaqə saxlaması, “iş saatım olmamasına baxmayın, vəziyyətinizdə dəyişiklik olanda mütləq mənimlə əlaqə saxlayın. Hər şey yaxşı olacaq” deyə təsəlli verməsi bizdə ümid yaradırdı. Bəzən axşam saat 9-da, 10-da çəkinə-çəkinə həkimə zəng edir, temperaturumuzun yüksəldiyini, vəziyyətimizin ağırlaşdığını deyirdik. Həkim lazımi göstərişlər verirdi. Dahilər deyiblər ki, sağlam insan təbiətin ən dəyərli əsəridir. Tomas Morun da belə bir fikri var ki, sağlam olmadan xoşbəxtlik də mümkün deyil. Allahın bizə bəxş etdiyi sağlamlığımızı itirəndə həkimlərdən kömək umuruq.
Nəhayət, çətin günlər arxada qaldı. Allaha şükür edirik ki, bizim qarşımıza öz sənətini həqiqi mənada sevən, gözütox, savadlı, insanlara təmənnasız xidmət göstərən Könül xanımı çıxardı. Sonra eşitdik ki, həkim özü də belə xəstələrlə təmasda olduğuna görə xəstələnibmiş. Onu ağır vəziyyətdə Şəkidən Bakıya çatdırıblar. Müalicə olunub sağalandan sonra o, həyatını riskə ataraq xəstələrin köməyinə çatmaq üçün yenidən işinə qayıdıb. Biz insanları mənfur düşməndən–koronavirusdan xilas etməyə çalışan həkimimizi öz aramızda ağ xalatlı mələyə bənzədirdik. Allahın insana bəxş etdiyi ömrü yaşamağa kömək edən ağ xalatlı mələyimiz Könül Əsədullayeva bu gün də ona pənah gətirən xəstələrdən köməyini əsirgəmir, onların sağalması üçün əlindən gələni edir.
Ailəmizin hörmət və minnətdarlığını ağ xalatlı mələyimizə – həkim infeksionist Könül xanıma çatdırmağı özümə mənəvi borc bildiyim üçün bu kiçik yazını ona olan hörmət və məhəbbətimizin rəmzi kimi təqdim edirəm. Allah onu qorusun. Allah çətin, məsuliyyətli və şərəfli işində daim onun yardımçısı olsun.
Səhər Rzayeva
təqaüdçü müəllim
