Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Ağstafa rayon Poylu kənd mədəniyyət evinin və Ağstafa rayon MKS-nin Poylu kənd kitabxana filialının birgə təşkilatçılığı ilə həmin kənddə yaşayıb-yaratmış görkəmli el şairi, pedaqoq Valeh Haxlının “Məh Haxlıyam - dost əhliyəm” adlı xatirə gecəsi keçirilib. Tədbirdə Ağstafa Regional Mədəniyyət İdarəsinin kollektivi, rayon ziyalıları, kənd ictimaiyyəti, şairin qələm yoldaşları, ailə dostları və mədəniyyət işçiləri iştirak edib.
H.Arif ədəbi birliyinin sədri, şair Saqif Qaratorpağın aparıcısı olduğu tədbirdə ilk söz Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirova verilib. Dövlətimizin yaradıcı insanlara diqqət və qayğısından bəhs edən idarə rəisi, Valeh Haxlı kimi şəxslərin insanların qəlbində həmişəyaşar olduğunu vurğulayıb və kənd müəssisələrində bu tipli tədbirlərin davamlı xarakter almasını arzulayıb.
Tədbirdə çıxış edən əməkdar jurnalist, Ağsaqqqallar Şurası Ağstafa rayon şöbəsinin sədri Firdovsi Heydərli, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəis müavini Gülgün Kərimov, şairin yaxın dostu, qələm yoldaşı Aydın müəllim, Poylu kənd orta məktəbinin direktoru Xatirə Həsənova, həmin məktəbin ədəbiyyat müəllimi, poeziya həvəskarı Xəyalə Qəzənfərqızı və digərləri şairlə bağlı xatirələrini bölüşüb, müxtəlif mövzulu şeirlərini səsləndiriblər. Həmçinin tədbirdə Valeh Haxlının sözlərinə bəstələnmiş mahnılar ifa olunub.
Tədbirin sonunda şairin qardaşı Vaqif Haxıyev, şairin ömür yoldaşı Nigar xanım tədbir iştirakçılarına və təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Xəyal Nağıyev
Ağstafa Regional Mədəniyyət İdarəsinin
KİV və sosial şəbəkələrlə iş üzrə məsul əməkdaşı

Daxil olundu: 21.09.2019 » Oxundu: 2420
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!