Azərbaycan Dövlət Pedaqoji Universitetində Filologiya fakültəsinin təşkilatçılığı ilə 21 Fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dilimiz ruhumuzun mayasıdır” adlı elmi seminar keçirilmişdir.
Tədbirdə ADPU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov, ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Tədris işləri üzrə prorektor Eldar Aslanov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin müdiri professor İsmayıl Kazımov, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin müdiri professor Sevinc Əliyeva, Azərbaycan Texniki Universitetinin Humanitar fənlər kafedrasının müdiri dosent Həbib Mirzəyev və Filologiya fakültəsinin professor-müəllim heyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə Filologiya fakültəsinin dekanı, filologiya elmlər doktoru, professor Mahirə Hüseynova açaraq qonaqları, professor-müəllim heyətini salamlayıb və 21 Fevral-Beynəlxalq Ana Dili Gününün əhəmiyyətindən, ədəbi dil normalarının qorunması uğrunda mübarizədən danışıb.
Elmi seminarda qeyd olunub ki, 1999-cu ilin noyabr ayında Birləşmiş Millətlər Təşkilatı (BMT) Banqladeş səfirinin təşəbbüsü ilə fevral ayınının 21-ni Beynəlxalq Ana Dili Günü elan edib. Lakin bu günün elan olunması 1999-cu ilə təsadüf etsə də, yaranma səbəbinin baş verdiyi hadisələr daha əvvəlki dövrə gedib çıxır. Belə ki, 1952-ci il fevralın 21-22-də Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz əlaməti olaraq keçirilmiş aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər tələbə şəhid olub. Bununla əlaqədar olaraq, Banqladeş nümayəndələri həmin şəhidlərin xatirəsinə hörmət əlaməti kimi fevralın 21-nin Ana Dili Günü adlandırılması haqqında müraciət ediblər. Nəticədə UNESCO-nun Baş Konfransında 21 Fevral – Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.
Daha sonra ADPU-nun rektoru professor Cəfər Cəfərov ölkədə həyata keçirilən davamlı dil siyasətindən, dövlətin dilə qayğısından danışmış, Cənab Prezidentin Azərbaycan dili ilə bağlı imzaladığı fərman və sərəncamların bu istiqamətdə xüsusi əhəmiyyət daşıdığını qeyd etmiş və belə tədbirlərin milli-mənəvi dəyərlərin təbliğində rolunun böyük olduğunu vurğulamışdır.
ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov bildirmişdir ki, Azərbaycan dövləti ana dilimizin qorunması, inkişaf etdirilməsi, öyrənilməsi sahəsində mühüm addımlar atır. Müasir dövrdə ardıcıl şəkildə Azərbaycan dili ilə bağlı mühüm işlər görülür, konfranslar keçirilir, tədqiqatlar aparılır. Bu baxımdan “Dilimiz ruhumuzun mayasıdır” adlı elmi seminar mühüm praktik əhəmiyyət kəsb edir. Daha sonra professor M.Nağıqızı “Dilimiz ruhumuzdur, onu qorumaq borcumuzdur”, professor B.Xəlilov “Azərbaycan dili: tarixilik və müasirlik müstəvisində”, professor İ.Kazımov “Müasir dil situasiyaları”, dosent H.Mirzəyev “Dil mədəniyyətin güzgüsüdür”, professor M.İsmayılova “Qloballaşan dünyada Beynəlxalq Ana dili Gününün keçirilməsinin əhəmiyyəti”, professor S.Əliyeva “KİV-də Azərbaycan dilinin tətbiqi məsələləri”, professor M.Nuriyeva “Əsrlərin qovşağında ana dili-qayğılarımız”, baş müəllim S.Ağayeva “Ana dili hər bir xalqın kimliyidir” və müəllim İ.Əsgərovun “Mətbuat dilində leksik norma pozuntuları” adlı məruzə və çıxışları dinlənilmiş, müəyyən təkliflər səsləndirilmişdir.

İlkin Əsgərov
ADPU-nun Azərbaycan dili və onun
tədrisi texnologiyası kafedrasının müəllimi

Daxil olundu: 04.03.2021 » Oxundu: 825
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!