Bütün insanlar Tanrı tərəfindən yaradılmışdır, amma Allah məqamında məqamı uca insanlar var ki, onların içərisindən İlahidən müəllim olaraq yaradılmış seçilmiş İnsan - mənə əziz, doğma, dəyərli olan Rövşən müəllimim də vardır. Nə xoş mənim halıma ki, sizin kimi İnsanın, müəllimin şagirdi olmağı Uca Rəbbim nəsibim etdi. Çünki 1991-ci ildə ibtidai sinifdən 5-ci sinifə keçdiyim bir dönəmdə artıq gələcəyimi və kim olacağımı müəyyənləşdirmək üçün məhz Tanrı mənə və kəndimizin mənim kimi yüzlərlə şagirdinin gələcək həyat yolunun müəyyənləşdirməsində XİLASKAR olaraq Sizi göndərdi. Təbii ki, Tanrı sizi bizə bəxş etməyənə qədər az sayda da olsa, kəndimizdə gənclərimiz ali məktəblərə qəbul olunublar. Lakin danılmaz faktdır ki, Tanrı Sizi bizə göndərəndən sonra Lənkəran rayonunun Girdəni kəndində və eləcə də ətraf kəndlərdə xüsusi bir elmi mühit, sizin usta müəllim kimi bizdə oxumağa, xüsusilə Azərbaycan dili və ədəbiyyatı ixtisasına yaratdığınız həvəs sayəsində təkcə kəndimizdə qısa zaman ərzində onlarla şagirdiniz Azərbaycan dili və ədəbiyyatı müəllimi olmağı özünə gələcək həyat yolu seçdi. Və bu gün mən də həmin dediyim onlarla şagirdinizdən biri olaraq seçdiyim sahədə nə uğur qazanmışamsa bunu ilk növbədə Sizə borcluyam, mənim əziz müəllimim. Hətta vaxt, məqam o yerə çatdı ki, Sizin yetirdiyiniz həmin onlarla şagirdləriniz müəllim kimi yetişib sizinlə çiyin-çiyinə eyni məktəbdə işlədilər və bu keçmiş şagirdləriniz, hazırki həmkarlarınızın sayının çoxalması sayəsində hər il dərs saatlarının azalmasına səbəb oldu. Düşünürəm ki, bir USTAD müəllim üçün bundan böyük XOŞBƏXTLİK, UĞUR ola bilməz həyatda. Şükürlər olsun ki, siz səmərəli fəaliyyətinizə görə dəfələrlə "İlin müəllimi" və nəhayət Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adına da illər bundan öncə layiq görüldünüz.
Əziz və dəyərli müəllimim, bu gün sizin 70 illik yubileyinizdir. Yaşadığınız bu şərəfli ömür payınızda sizə Allahdan yalnız və yalnız can sağlığı, könül xoşluğu, hər zaman ürəyinizdən keçən arzularınızın çin olmasını arzulayıram.
Aqil Cəfərov
filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Nəsimi adına Dilçilik İnstitutunun
Tətbiqi dilçilik şöbəsinin aparıcı elmi işçisi
