Sofiyevlər ailəsi Qax rayonunun tanınmış ailələrindəndir. Ailə başçısı Məmmədiyyə kişi alicənab, xeyirxah bir insan kimi rayonda hər kəsin hörmətini qazanmışdır. Xanımı Günəş Sofiyeva isə uzun illərdir ki, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qax Rayon Komitəsinin sədridir.
Günəş Sofiyeva 1947-ci il oktyabr ayının 17-də Qax rayonunda anadan olub. 1962-ci ildə Zaqatala Pedaqoji Texnikumuna qəbul olub. Onun fəal tələbə olduğunu görən texnikum rəhbəri Günəş xanımı texnikum komsomol təşkilatının katibi seçib. Günəş Sofiyeva, həmçinin rayon komsomol komitəsinin büro üzvü olub, qurultay nümayəndəsi seçilib. Daha sonra indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində ali təhsil alıb. Əmək fəaliyyətinə isə Qax şəhər 1 saylı tam orta məktəbdə başlayıb.
1982-ci ildə TİAHİ Qax rayon komitəsinin sədri secilən Günəş xanım işlədiyi 37 il ərzində özünü bacarıqlı, məsuliyyətli bir rəhbər kimi göstərə bilib. Komitənin üzvləri ondan həmişə razılıq ediblər. Günəş xanımın əməyi Təhsil Nazirliyi və rayon rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. O, 1986-cı ildə Qabaqcıl maarif işçisi adına, 2018-ci ildə isə əməkdar müəllim adına layiq görülüb.
TİAHİ Qax rayon komitəsi haqında məlumat verən Günəş xanım bildirdi ki, hazırda rayonda həmkarların 3060 üzvü vardır. Komitə tərəfindən milli bayramlarımız böyük təntənə ilə qeyd edilir. Müəllim günündə və 65 yaşda təqaüdə çıxan təhsil işçilərinə komitə tərəfindən xüsusi hədiyyələr verilir. Çətinliyi olan komitə üzvlərinin ərizə ilə müraciəti nəticəsində onlara maddi yardım göstərilir. Həmçinin ehtiyacı olanlara istirahət zonalarına göndəriş verilir. Ötən il 15 nəfər Həmkarlar İttifaqının xətti ilə müxtəlif sanatoriyalara göndərilmişdir.
Günəş xanım ailədə də nümunəvi qadın, fədakar anadır. Həyat yoldaşı Məmmədiyyə kişi ilə gözəl həyat sürüblər. Oğlu Nəcməddin bank sistemində çalışır. Qızı dünya şahmatının tanınmış simalarından olan Aynur Sofiyeva isə Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin sədr müavinidir.
Cünəş xanım hər zaman dövlətimiz, xalqımız ugrunda fədakarcasına çalışan, dövlətçilik ənənələrinə sadiq olan bir mütəxəssisdir. Məhz buna görə də övladlarını da bu ruhda böyüdüb tərbiyə etmiş, onları dövlət, cəmiyyət üçün gərəkli vətəndaşlar kimi yetişdirmişdir. Bu gün Cünəş xanımı bir ana olaraq öz uğurlarından daha çox övladlarının uğurları sevindirir. Bu isə qadın üçün, ana üçün böyük xoşbəxtlikdir.


Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 18.02.2019 » Oxundu: 1126
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!