Azərbaycan müəllimi illərlə ölkənin gələcəyini yetişdirən, cəmiyyətin təməlini quran şəxs olduğu üçün televiziyalarda, sosial mediada müəllimə «mənəvi sərvət», «ziyalı təbəqə», «xalqın müəllimi» kimi gəlişigözəl, pafoslu ifadələrlə müraciət edilir. Əlbəttə, bu sözlər belə müəllimin ağır əməyinin nəticəsini tamlıqla özündə ehtiva edə bilmir. Lakin reallıq tamam başqadır. Xüsusilə də artıq illərdir Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı adlanan bir qurumun fəaliyyəti müəllimlərin böyük hissəsində ciddi narazılıq və inamsızlıq yaratmış və hər il haqlı iradlara baxmayaraq, heç nə olmamış kimi qaranlıq işlərinə davam etməkdədir. Belə ki, sözügedən qurum illərlə müəllimin əmək haqqından hər ay 2 % üzvlük haqqı tutulur. Bu tutulma elə sistemləşdirilib ki, sanki müəllim buna etiraz edə bilməzmiş kimi bir mühit formalaşdırılıb. Müəllim maaş alır, amma həmin maaşın bir hissəsi avtomatik şəkildə «həmkarlar ittifaqına üzvlük» adı altında kəsilir. Müəllim isə haqlı olaraq soruşur: «Mən illərlə ödədiyimin qarşılığında nə alıram?»
Kağız üzərində cavab hazırdır:
– sanatoriya yollayışı,
– sosial yardım,
– hüquqi müdafiə,
– güzəştlər,
– müəllimin rifahı.
Amma praktikada vəziyyət tamam fərqlidir. Ən ciddi narazılıq doğuran məsələlərdən biri sanatoriya yollayışlarıdır. Müəllimlər tədris ilinin sonunda www.e-ahik.az (e-ahik Elektron rezervasiya sistemi) platforması vasitəsilə müraciət edir, lakin çoxsaylı iddialara görə sistem ya imtina verir, ya da heç bir əsaslandırılmış cavab təqdim etmir. Ən ağrılı məqam isə budur ki, illərlə üzvlük haqqı ödəyən müəllim sonda özünü yad adam kimi hiss edir.
Daha absurd vəziyyət isə qiymətlərlə bağlıdır.
Keçən il müəllimin ala bildiyi yollayış üçün təxminən 300 manat tələb olunurdusa, bu il həmin məbləğin 1200 manata qədər yüksəlməsi barədə narazılıqlar səslənir. Bu necə sosial dəstək – «həmkar qayğısıdır?» Müəllimin maaşı artmayıb, yaşayış yükü artıb, bazar bahalaşıb, kommunal xərclər yüksəlib, amma «güzəştli» deyilən yollayış dörd dəfə bahalaşıb.
Üstəlik, məsələ bununla da bitmir.
Müəllim istirahətə tək getmir. Onun ailəsi, övladları var. Xüsusilə məktəb müəllimlərinin böyük hissəsi tədris ilinin sonunda azyaşlı uşaqları ilə birlikdə istirahətə yollanmağa çalışır. Lakin müəllimlərin haqlı narazılığına səbəb olan məqamlardan biri də budur ki, bu il tətbiq olunan «yeniliklərdən» biri də 12 yaşdan yuxarı uşaqlar üçün ödənişin böyüklərdə olduğu kimi tam şəkildə tələb olunmasıdır. Bu isə vəziyyəti daha da ağırlaşdırır. Çünki onsuz da aşağı və orta gəlirlə yaşayan müəllim:
– il boyu maaşından üzvlük haqqı ödəyir,
– sanatoriyaya getmək üçün yüksək məbləğ verir,
– üstəlik övladı üçün də tam qiymət ödəməyə məcbur edilir.
Buradan da belə məntiqi nəticə meydana çıxır ki, sosial dəstək mexanizmi müəllim ailəsinin yükünü azaltmaq əvəzinə, onu daha da ağırlaşdırır. Əgər həmkarlar ittifaqı doğrudan da sosial müdafiə qurumudursa, o zaman müəllimin ailə vəziyyəti, uşaqları və maddi imkanları nəzərə alınmalıdır. Çünki müəllim cəmiyyətin ən yüksək maaş alan təbəqəsi deyil. Bu gün bir çox müəllim ailəsi onsuz da gündəlik yaşayış xərcləri altında əzilir.
Buradan isə belə bir sual yaranır: İllərlə müəllimin maaşından tutulan vəsaitlər müəllimin həyatını yüngülləşdirmək üçündür, yoxsa sadəcə formal maliyyə sistemi yaratmaq üçün?
Ən təhlükəli məsələ isə şəffaflıq problemidir. Müəllimlərdən toplanan milyonlarla manat vəsaitin:
– necə xərcləndiyi,
– kimlərə hansı əsasla, hansı meyarlarla yollayış verildiyi,
– imtinaların niyə və nə üçün olunduğu cəmiyyətə açıq və hesabatlı formada təqdim edilmir.
Əgər bir qurum müəllimin pulunu alırsa, o zaman müəllim qarşısında hesabat verməyə borcludur. Bu, hüquqi məsuliyyətdən öncə bir mənəvi məsuliyyətdir.
Ən böyük paradoks isə budur ki, müəllimin hüquqlarını müdafiə etməli olan qurumun fəaliyyəti bəzən müəllimin özündə narazılıq və etimadsızlıq yaradır. Müəllim artıq həmkarlar ittifaqını sosial müdafiə mexanizmi kimi deyil, sadəcə maaşından faiz tutan formal sistem kimi görməyə başlayır.
ATİAHİ adlı fəaliyyətsiz qurum artıq anlamalıdır ki, müəllim yalnız bayram günlərində təriflənməməli, onun gərgin və yorulmaz əməyinə, sosial rifahına real münasibət göstərilməlidir. Əks halda «müəllim cəmiyyətin sütunudur» tipli pafoslu şüarlar sadəcə boş ritorikadan başqa bir şey olmayacaq.
Müəllim isə haqlı olaraq yenə eyni sualı verəcək:
«ATİAHİ müəllimə dəstək verir, yoxsa sadəcə üzvlük haqqı toplayır?»

kriteri.az

Daxil olundu: 03.06.2026 » Oxundu: 105
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!