Deyirlər, insanın adı ilə onun taleyi üst-üstə düşür. Bəzi insanların adları ilə talelərinə baxdıqda bir anlıq bunun həqiqətən də belə olduğunu düşünürsən. Belə unikal hallardan biri də Əbülfəz Rəcəbliyə aiddir. “Əbülfəz” sözünün izahına diqqət etsək, bu adın “fəzlin atası”, “fəzilət sahibi”, “ən ləyaqətli” mənalarında işləndiyini görərik. Həqiqətən də fəzilət sahibi olmaq, ən ləyaqətli insan və alim olmaq yazılıb Əbülfəz müəllimin taleyinə.
İlk baxışdan çox sərt xarakterli bir insan təəssüratı bağışlayan Əbülfəz müəllimi yaxından tanıdıqca onun necə tələbkar, amma tələbkar olduğu qədər də mülayim bir insan olduğunu anlayırsan. Bu tələbkarlıq isə ilk növbədə Əbülfəz müəllimin özünə qarşı hiss olunur. Son illər onun yazdığı onlarla monoqrafiyaya baxdıqda onun özünə qarşı necə tələbkar olduğunun bir daha şahidi olursan. Dilçiliyin ən müxtəlif və ən çətin sahələrinə həsr olunmuş bu monoqrafiyaları nəzərdən keçirdikcə Əbülfəz müəllimdə elmə yeni gələn enerjili bir gənc ruhu olduğu hiss olunur. Məhz bu gənclik ruhu, enerjisi və özünə qarşı onun bu yaşda da bu dərəcədə tələbkarlığı onu təkcə Azərbaycan dilçiliyi üçün deyil, ümumiyyətlə, dünya dilçiliyi üçün əhəmiyyət kəsb edən əsərlər yazmağa sövq edir. Bəlkə də onun elmə bu qədər bağlılığı onun özünün də qeyd etdiyi kimi, elmə bir qədər gec gəlməyi ilə bağlı olmuşdur. Əbülfəz müəllim haqqında “vikipediya”da yazılan çox kiçik həcmli məqalədə oxuyuruq: “Əbülfəz Əjdər oğlu Rəcəbli 1936-cı il mayın 6-da Lənkəran şəhərində anadan olmuşdur. 1954-cü ildə orta məktəbi bitirmişdir. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1959-cu ildə filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1971-ci ildə isə ikinci institutu – Azərbaycan Dövlət Pedaqoji Dillər institutunun ingilis dili fakültəsini bitirmişdir. 1985-ci ildə isə Marksizm-leninizm universiteti ideoloji kadrlar fakültəsinin beynəlxalq münasibətlər şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir”. Göründüyü kimi, Əbülfəz müəllim üç ixtisas üzrə təhsil almış, bu müddətdə isə eyni zamanda namizədlik (1967) və doktorluq (1978) dissertasiyalarını müdafiə etmişdir.
1967-ci ildən bu günə qədər ömrünün 55 ilə yaxın bir dövrünü Bakı Dövlət Universitetinin ümumi dilçilik kafedrasına həsr etmiş və bu zaman kəsiyində 50-dən artıq monoqrafiya, 200-dən artıq elmi məqalə yazmışdır. Bu isə ilə bir monoqrafiyadan artıq deməkdir və bəlkə də dünya elm tarixinə, Ginnesin rekordlar kitabına düşə biləcək fenomenal bir hadisədir. Həqiqətən də professor Əbülfəz Rəcəbli dünya dilçilik və elm tarixinə düşə biləcək bir alimdir. Təkcə ona görə yox ki, onun bu qədər sayda və həcmdə monoqrafiyaları və məqalələri var. Həm də ona görə ki, Əbülfəz müəllim müxtəlif dillərdə və müxtəlif dillərə aid əsərlərin müəllifidir. Məlumdur ki, ikidillilik əksər hallarda birtərəfli olur, yəni dillərdən biri dominant olur. Lakin Əbülfəz müəllimdə bu belə deyil. O, həm də bildiyi dillərdə monoqrafiya yaza biləcək qədər sərbəst danışa və yaza bilir. Bu isə dünyada çox nadir hallarda rast gəlinən hadisələrdəndir. Bu fərqli cəhətləri özündə cəmləyən nadir dilçilərdən olan professor Əbülfəz Rəcəbli bütün yaradıcılığını təhlil etmək əlbəttə bir kiçik məqalə həcminə sığmayacaq. Əminik ki, onun yaradıcılığı ayrıca tədqiqat mövzusu olacaq və bir fenomen kimi onun dilçilik fəaliyyəti öyrəniləcək. Necə ki, onun öz rəhbərliyi ilə Azərbaycan dilçilərinə artıq bir neçə elmi iş həsr olunmuş, özü isə “Azərbaycan dilçiliyi” adlı iri həcmli monoqrafiya hazırlamışdır.
Professor Əbülfəz Rəcəbli hər şeydən əvvəl türkoloq alimdir. Çünki alimin həm namizədlik, həm də doktorluq dissertasiyası qədim türk yazılı abidələrinin tədqiqinə həsr olunmuşdur. Bu tədqiqatdan sonra da onun “Göytürk dilinin fonetikası”, “Göytürk dilinin leksikası”, “Göytürk dilinin morfologiyası” və “Göytürk dilinin sintaksisi” adlı fundamental monoqrafiyaları çap olunmuşdur. Monoqrafiyalar adından da göründüyü kimi, Göytürk dilinin qrammatikasına həsr olunsa da əslində, türk dillərinin qrammatikası sahəsində indiyə qədər yazılmış ən sanballı monoqrafiyalardandır. Çünki müəllif bu əsərdə təkcə türk dillərinin qədim qatını deyil, eyni zamanda müasir vəziyyətini də təsvir edir, türk dilləri üçün orijinal bir “ümumi qrammatika” hazırlayır. Yəni oxucu bu kitablarda türk dilinin həm qədim, həm də müasir fonetik, leksik-semantik, morfoloji və sintaktik sisteminin inkişaf dinamikasını izləyir. Burada biz göytürk işarələrinin (hərflərinin) qanunauyğun yazılış qaydalarının izahı ilə yanaşı, onların işlənmə məqamlarını bütün incəliklərinə qədər izahını verir. Bu monoqrafiyada eyni zamanda göytürk dilinin fonologiyası məsələləri, qrammatik qanun və hadisələr tədqiqata cəlb edilir. Əbülfəz müəllim bu monoqrafiyasında göytürk dili üçün yeni qanun aşkarlayır və bunu “fonetik itələmə qanunu” adlandırır. Monoqrafiyada eyni zamanda göytürk dilinin sait və samitlər sistemi müfəssəl şəkildə tədqiqata cəlb edilir. Mübaliğəsiz demək olar ki, bu əsəri oxumadan türk dillərinin fonetikası barədə tədqiqat aparmaq doğru sayılmaz. Çünki bu əsər son illərdə nəinki göytürk dilinin, ümumiyyətlə, türk dillərinin fonetikasına həsr olunmuş ən sanballı əsərlərdən biri və bəlkə də birincisidir. Əbülfəz müəllimin göytürk dilinin qrammatikası ilə bağlı yazdığı digər üç monoqrafiya da təkcə Azərbaycan dilçiliyi üçün deyil, ümumiyyətlə, türkologiya üçün hadisə sayıla biləcək əsərlərdir. Bunun bir səbəbi əgər Əbülfəz müəllimin həm namizədlik, həm də doktorluq dissertasiyalarının da bu sahəyə həsr olunmasıdırsa, digər səbəbi heç şübhəsiz, onun nəzəri dilçilik üzrə də çox tanınmış bir dilçi olması və dilə ümumi dilçilik baxımından yanaşa bilməsindən irəli gəlir. Çünki Əbülfəz müəllim ümumi dilçilik bazasına sahib olduğundan onun bu əsəri türk dillərinin ümumi nəzəri baxımından öyrənilməsində olduqca mühüm əhəmiyyətə malikdir. Əbülfəz müəllim ənənəvi dilçiliklə yanaşı, bu monoqrafiyalarda müasir dilçiliyin son nailiyyətlərindən istifadə edir. Məsələn, “Göytürk dilinin sintaksisi” monoqrafiyasında mətn dilçiliyi ilə bağlı yazılan bölmə müasir mətnə yanaşma və onun öyrənilməsi metodları, türk dillərinin mətninin öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir. Əbülfəz müəllim Orxon-Yenisey inkişafı dövründə bu dillərdə xəbərlik şəkilçiləri yerində və vəzifəsində (funksiyasında) şəxs əvəzliklərinin işləndiyini qeyd edir ki, bu da türk dillərinin inkişafını izləmək baxımından çox böyük əhəmiyyətə malik bir faktdır. Bu monoqrafiyalarla yanaşı, Əbülfəz müəllimin “Orxon-Yenisey abidələri dilində feilyaratma”, “Orxon-Yenisey abidələrində feilin məna növləri”, “Orxon-Yenisey abidələri dilində feilin tərzləri” və digər əsərləri də onun türkologiya sahəsində yazdığı fundamental və əvəzolunmaz monoqrafiyalardandır.
Bütün bunlarla yanaşı Əbülfəz Rəcəbli Azərbaycan dilçiliyi tarixində bəlkə də daha çox nəzəri dilçiliyin görkəmli nümayəndəsi kimi qalacaq, çünki ömrünün son 55 ilinə yaxın bir dövrünü Bakı Dövlət Universitetinin “Ümumi dilçilik” kafedrasında elmi və pedaqoji fəaliyyətdə keçirmişdir. Professor Əbülfəz Rəcəblinin nəzəri dilçilik sahəsində yazdığı ilk əsər 1979-cü ildə Afad Qurbanovla birlikdə yazdığı “Dilçiliyə girişdən tapşırıqlar” adlı kiçik həcmli kitabdır ki, bu mövzuda 1997-ci ildə 300 səhifəyə yaxın “Dilçiliyə giriş” kursundan praktikum” adlı kitab hazırlamışdır. 1988-ci ildə Əbülfəz Rəcəblinin “Dilçilik tarixi” adlı kitabı nəşr olunub. Bu kitab nəinki Azərbaycanda, həmçinin öz dövrü üçün Sovetlər İttifaqında dilçilik tarixini əhatə etmə baxımından olduqca əhəmiyyətli bir kitab idi. Kitabda Azərbaycan dilciliyinin görkəmli nümayəndələri də daxil olmaqla dünya dilçiliyinin ən görkəmli nümayəndələri haqqında ətraflı məlumat verilir. Əsər 2006-cı ildə daha geniş və yenidən işlənmiş şəkildə iki cilddə çap edilmişdir.
Professor Əbülfəz Rəcəbli dünya dilçiliyinin təməl prinsiplərini müəyyənləşdirən alimlərə ayrıca monoqrafiyalar həsr etmişdir. Onun “Ferdinand de Sössürün dilçilik görüşləri”, “Vilhelm fon Humboldt – ümumi dilçiliyin banisi kimi”, “Uilyam Duayt Uitni – linqvist kimi” adlı iri həcmli monoqrafiyaları bu qəbildəndir. Alim eyni zamanda, Vilhelm fon Humboltun “Bəşər dilləri quruluşunun müxtəlifliyi və bunun bəşəriyyətin mənəvi inkişafında rolu” əsərini də dilimizə tərcümə etmişdir. Onun “Qədim ərəb dilçiliyi” əsəri də ərəb dilçiliyi və onun müxtəlif cərəyanları, ərəb dilçiliyinin azərbaycanlı nümayəndələri və o cümlədən, Mahmud Kaşğarinin dilçilik görüşlərinin öyrənilməsi baxımından çox əhəmiyyətlidir. Bununla yanaşı Əbülfəz müəllim həm də müasir dilçilik cərəyanlarına da ayrıca monoqrafiyalar həsr etmişdir. Onun 2004-cü ildə nəşr etdiyi “Sosiolinqvistika” monoqrafiyası Azərbaycan dilçiliyində hadisə sayıla biləcək əsərlərdəndir. Hətta rus dilində belə bu həcmdə və bu tipdə bir kitab tapmaq çətindir. Əsər müasir dilçilik üçün olduqca əhəmiyyətli olan bir sahəni əhatə edə bilir.
Alimin müasir dilçiliyin əsas cərəyanlarından biri olan strukturalizmə həsr etdiyi “Struktur dilçilik” monoqrafiyası da özünəməxsusluğu ilə seçilir. Məlum olduğu kimi, ideoloji səbəblərdən sovet dilçiliyində qəbul edilməyən bu dilçilik cərəyanı Azərbaycan dilçiliyi üçün də açılmamış bir səhifə idi. Bu mənada Əbülfəz müəllimin monoqrafiyası dilçiliyimizdə bu boşluğu doldurmaqla olduqca vacib əsərlərdən biri hesab edilir. Onun əsas struktur dilçilik cərəyanlarına həsr edilən əsərləri də strukturalizmi Azərbaycanda təbliğ və təşviq edən əsərlərdən hesab edilir. Bura “London struktur dilçilik məktəbi”, “Deskriptiv dilçilikdə fonologiya və qrammatika problemləri” və “Dilin struktur səviyyələri” adlı əsərlərini nümunə göstərmək olar.
Alimin dilçiliyin sırf nəzəri məsələlərinə həsr edilən əsərləri də özünəməxsusluğu ilə seçilir. Bu əsərlərdən danışarkən ilk olaraq 1993-cü ildə nəşr edilən “Dil, şüur, cəmiyyət, tarix” əsərini qeyd etmək lazım gəlir. Əsər özünəməxsusluğu ilə seçilir və müəllif dilin yaranmasına, dil və cəmiyyət, dil və şüur, dil və təfəkkür kimi məsələlərə, dilin yaranmasına öz münasibətini bildirir, bu ümumbəşəri və fəlsəfi problemlərə özünəməxsus şəkildə yanaşır və öz dövrü üçün kifayət qədər innovativ fikirlər irəli sürür.
Bununla yanaşı professor Əbülfəz Rəcəblinin dilçiliyin müxtəlif sahələrinə həsr etdiyi monoqrafiyalar da maraq doğurur. Alimin 2010-ci ildə nəşr olunan “Tipoloji dilçilik”, 2011-ci ildə nəşr olunan “Universalilər dilçiliyi” və 2016-cı ildə nəşr olunan “İnterferensiya” adlı monoqrafiyaları müasir dilçiliyin əsas problemlərinə həsr olunmuşdur. “Tipoloji dilçilik” monoqrafiyasında alim dünya dillərinin tipoloji araşdırmalarının tarixi, dillərin qrammatik quruluşunun tipləri araşdırılır. “Universalilər dilçiliyi” əsəri isə bütün dünya dillərində və ya dillərin böyük əksəriyyətində eyni və oxşar olan universal dil hadisələri – fonoloji, leksik, semantik, morfoloji və sintaktik universalilər araşdırılır, dil dəyişmələrində universalilərin iştirakı nəzərdən keçirilir. Alimin “İnterferensiya” əsəri dillərin qarşılıqlı əlaqəsi zamanı qarşılıqlı əlaqədə olan dillərdə baş verən normadan kənaraçıxma hallarına həsr olunmuşdur. Məlum olduğu kimi, dillərin inkişafı iki amillə bağlı olur: dilin inkişafının daxili və xarici amilləri. Monoqrafiya dilin inkişafında mühüm yer tutan və dil kontaktları nəticəsində meydana gələn interferensiyaya həsr olunmuşdur. Əsərdə interferensiyanın dilin müxtəlif səviyyələrdə təhlili ilə yanaşı, bilinqvizm və diqlossiya hadisələri də şərh edilir.
Bütün bu monoqrafiyalarla yanaşı Əbülfəz müəllimin dilçiliyin nəzəri problemlərinə həsr olunmuş iki iri həcmli monoqrafiyası da vardır ki, bu iki əsəri onun nəzəri dilçiliyə həsr etdiyi monoqrafiyalar içindən fərqləndirmək lazım gəlir. Çünki bu əsərlərdə, xüsusən də “Nəzəri dilçilik” adlı fundamental monoqrafiyada Əbülfəz müəllim müasir dilçiliyin nəzəri problemlərinə öz münasibətini bildirir. Bu monoqrafiyada dilin mahiyyəti və insan həyatında rolu, adların əşya ilə əlaqəsi, dilin və nitqin vəzifələri, dil işarələri, işarənin təbiəti, ixtiyariliyi və şərtiliyi, dil və nitq – şüur və təfəkkür arasındakı münasibətlər, cəmiyyətin yaranması və inkişafında dilin rolu, eyni zamanda digər nəzəri məsələlər öz geniş əksini tapır. Əsər günümüzə qədər dilçiliyimizdə yazılan və bu mövzuya həsr olunan ən sanballı monoqrafiyadır desək yəqin ki yanılmarıq.
Professor Əbülfəz Rəcəblinin “Dilçilik metodları” əsəri də bu sahədə dilçiliyimizdə yazılan ən həcmli və sanballı əsərdir. Əsərdə dilin tədqiqinin təsvir, müqayisəli, tipoloji, coğrafi, struktur və sosioloji təhlil metodları, dillərin sinxron və diaxron təsviri üsulları təhlil edilir.
Professor Əbülfəz Rəcəblinin elmi maraq dairəsi təkcə türk dilçiliyi və nəzəri dilçiliklə məhdudlaşmır. Onun dilçiliklə yanaşı, tarix, linqvokulturalogiya, talış dili və digər sahələrdə yazdığı əsərlər də diqqətdən kənarda qalmamalıdır. Alimin “Ulu türklər” adlı kitabı türk xalqlarının tarixinin araşdırılması, “Uyğurlar” adlı kitabı isə uyğur xalqının tarixini araşdırmaq baxımından əvəzolunmaz mənbə hesab edilir. “Frankodan sonra İspaniyanın xarici siyasəti” kitabında ispan hökümətinin 1975- 1985-ci illər arasında xarici siyasəti təhlil edilir. “S.Vurğunun “Komsomol poeması”nın ilkin variantı” kitabında və “M.F.Axundovun dramaturgiyası”, “M.F.Axundovun fəlsəfi görüşləri”, “Böyük gülüş ustası” və s. məqalələrində Azərbaycan ədəbiyyatı məsələləri, T.Drayzer və onun “Amerika faciəsi” romanı” kitabı və “Amerikanın mütərəqqi yazıçısı”, “Madam Bovari”nin müəllifi” adlı məqalələrində isə xarici ölkə ədəbiyyatı məsələləri, “Linqvistik ölkəşünaslığın əsasları” kitabı və “İngilis dilində önlüklərin omonimliyi”, “Müasir ingilis dili önlükləri haqqında bəzi qeydlər” məqalələrində isə ingilis dili, o cümlədən, ingilisdilli ölkəşünaslıq məsələləri təhlil edilir. Alimin talış dili haqqında “Məktəblinin talışca – azərbaycanca lüğəti”, “Talış dilinin orfoqrafiya lüğəti”, “Talışlar və talış dili”, “Talış dilinin fonetikası” və Ə.Əliyevlə birgə yazdığı IV siniflər üçün “Talış dili” dərslikləri vardır.
Bu günlərdə 85 yaşı tamam olan professor Əbülfəz Rəcəbli, heç şübhəsiz, öz adını Azərbaycan elm tarixinə qızıl hərflərlə yazdırmış əvəzolunmaz alim, böyük ustad və ən əsası tələbələrinin xatirələrində daim yaşayacaq təkrarolunmaz müəllim, gözəl ailə başçısıdır. Biz də öz adımızdan Azərbaycan dilçiliyinin patriarxını bu yubiley münasibəti ilə təbrik edir, can sağlığı və uzun ömür arzulayırıq.

Rasim Heydərov
filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Nəsimi adına Dilçilik İnstitutu

Daxil olundu: 10.05.2021 » Oxundu: 860
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!