
Məqalədə Azərbaycan dilinin Qarabağ şivə qrupunun tədqiq olunması tarixi izlənilmiş və bu qrupa daxil olan şivələrin bir çox səciyyəvi xüsusiyyətləri ümumi olaraq göstərilmişdir. Qarabağ şivə qrupu Azərbaycan dilinin qərb ləhcəsinə daxildir. Bu şivə qrupuna daxil olan şivələr hər zaman tədqiqatçıların diqqət mərkəzində olmuş və bir çoxu (Füzuli, Ağdam, Cəbrayıl və b.) monoqrafik və müqayisəli şəkildə tədqiqata cəlb olunsa belə, müəyyən şivələr (Xocalı, Xankəndi, Kəlbəcər, Şuşa və b.) hərtərəfli olaraq araşdırılmasını gözləməkdədir. Qarabağ şivə qrupu barədə nəinki ölkəmizdə, eləcə də xaricdə bu gün də öz dəyərini qoruyub saxlayan (Ceyhun Hacıbəyli, Fransada; Sürəyya Talıbxanbəyli və Erdal Karaman, Türkiyədə və s.) sanballı təqdiqat işləri aparılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 9 aprel tarixli 2837 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planınına mütəmadi olaraq “Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi” bəndi daxil edilmişdir (https://e-qanun.az/framework/25537). Azərbaycan dilçiliyində dialektologiya sahəsi XX əsrin əvvələrindən başlayaraq inkişaf etməyə, elmə sanballı tədqiqat əsərləri bəxş etməyə başlamışdır. Türkdilli xalqların içərisində dialektoloji atlasların tərtibi və nəşri də ilk dəfə olaraq Azərbaycan dialektologiyasında həyata keçirilmişdir. Azərbaycan dili şivələrinin sinxron və diaxron yolla öyrənilməsinə olan ehtiyac bu gün də öz aktuallığını saxlamaqdadır.
Azərbaycan dialektologiyası məktəbinin yaranması, əsasən, akademik Məmmədağa Şirəliyevin adı ilə bağlıdır. Müəllifin “Azərbaycan dialektologiyasının əsasları”(1962, 1968, 2008) adlı tədqiqat əsəri neçə onilliklər ölkəmizin bütün ali məktəblərində tədris olunmuş, eyni zamanda dilçi-alimlərin, türkoloqların ehtiyac olduğu zaman bəhrələnənib istinad elədiyi etibarlı mənbə olmuşdur. Məmmədağa Şirəliyev kitabında Azərbaycan dili dialekt və şivələrinin tədqiqindən, dialektoloji termin və anlayışlardan, Azərbaycan dilinin dialekt təsnifindən və hər bir qrupa məxsus olan dialektlərin səciyyəvi xüsusiyyətlərindən bəhs etmişdir (Şirəliyev, 2008).
Elbrus Əzizov 1999-cu ildə nəşr olunan “Azərbaycan dilinin tarixi dialektologiyası. Dialekt sisteminin təşəkkülü və inkişafı” adlı araşdırmasında Azərbaycan dili dialektlərinin təsnifi məsələsinə yenidən qayıdaraq şivələri üç böyük qrupda birləşdirmişdir: cənub ləhcəsi, qərb ləhcəsi (orta ləhcə), şimal-şərq ləhcəsi. Müəllif hər ləhcədə müəyyən şivələr qrupu ayırmışdır ki, həmin bölgüyə görə Qarabağ şivə qrupu qərb ləhcəsinə aid edilir (Əzizov, 2016: 289). Özündən əvvəlki təsnifdə olan boşluqlar burada nəzərə alınmış və dilimizin dialekt sistemində kənarda qalmış olan bir çox şivələrin yeri dəqiqliyi ilə müəyyənləşdirilmişdir (İrəvan şivəsindən başqa Qərbi Azərbaycanda olan digər şivələr: Zəngəzur, Dərələyəz, Loru, Pəmbək və s.; Təbriz şivəsindən başqa Cənubi Azərbaycanda olan digər şivələr: Zəncan, Xoy, Urmiyə və s.).
2019-cu ildə Məhərrəm Məmmədlinin dövrün müasir tələblərinə cavab verən və bu sahədə olan bütün son yenilikləri özündə əks etdirən “Azərbaycan dialektologiyası” kitabı işıq üzü görmüşdür. Müəllif Azərbaycan sərhədləri xaricində Qarabağ dialekti barədə aparılan tədqiqat işləri haqqında bəhs edərkən göstərmişdir: “Qarabağ dialekti həmişə alimlərin diqqət mərkəzində olmuşdur. Ceyhun Hacıbəylinin “Qarabağ dialekti və folkloru (Qafqaz Azərbaycanı)” əsəri 1933-cü ildə Fransada çap olunmuşdur. Sürəyya Talıbxanbəyli Türkiyədə “Azərbaycan yurd bilgisi” məcmuəsində 1933-cü ildə nəşr olunmuş silsilə məqalələrində Qarabağ və İstanbul şivələrinin fonetik xüsusiyyətlərini müqayisəyə cəlb etmişdir (Məmmədli, 2019: 29).
2005-ci ildə Türkiyə Cümhuriyyəti Mərmərə Universitetinin doktorantı Erdal Karaman prof.dr.Emine Gürsoy-Naskalinin elmi rəhbərlyi altında “Karabağ ağızları (Qarabağ şivələri)” mövzusunda dissertasiya işi üzərində öz tədqiqatlarını aparmışdır. Daha sonra həmin araşdırma monoqrafiya kimi də işıq üzü görmüşdür. Tədqiqat işində Qarabağ sözünün etimoloji təhlili, ərazisinin coğrafi mövqeyi, əhalisi, siyasi tarixi və s.barədə də əhatəli məlumat verilmişdir. Tədqiqat işinin sonunda müəllifin bu şivəyə aid topladığı çoxsaylı mətnlər də öz əksini tapmışdır (Karaman, 2005: 76-142):
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsi əməkdaşlarının tərtib etdiyi “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası” çapdan çıxmışdır. Atlas 2022-ci il Azərbaycan Respublikasında “Şuşa ili” nə həsr olunmuşdur. 2015-2019-cu illərdə minə yaxın yaşayış məntəqəsindən dialektoloji atlasın tərtibi ilə bağlı material toplanmış, fonetik, leksik, qrammatik cəhətdən izoqlos verə bilən 692 yaşayış məntəqəsi kodlaşdırılmışdır. Azərbaycan, türk, rus, ingilis dillərində təqdim olunan “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nda regionun spesifik dialektoloji xüsusiyyətləri əks olunmuşdur.
Fonetik xüsusiyyətlər:
o>u səsdəyişməsi. Qarabağ şivə qrupunda bu səs keçidinə sözün ilk və son hecalarında rast gəlinir. Belə ki, bəzi dialektizmlərin tələffüzü zamanı o səsinin yerini özü kimi qalın, dodaqlanan u səsi tutur. Qeyd edək ki, bu səs hadisəsi, əsasən, Azərbaycan dilinin şimal-şərq ləhcəsinə aid olan Quba şivəsi üçün səciyyəvidir. Məs.: zoğal<zuğal, telefonu< telfunu, corablar < curaflar və s.
v>y səsdəyişməsi. Bu səs keçidinə həm alınma, həm də türk mənşəli sözlərdə rast gəlinir. Ədəbi dildə bəzi sözlərdə v səsinin istifadə olunduğu mövqedə Qarabağ şivə qrupunda y səsi işlədilir. Məs.: dovğanı>doyğanı, övladdı>öyladdı, dövlətdi>döylətdi və s.
c>j səsdəyişməsi. Bu səs əvəzlənməsi Qarabağ şivə qrupunda həm söz köklərində, həm də şəkilçilərin tərkibində geniş şəkildə yayılmışdır. Məs.: olacaq>olajax, qıracaqlar>qırajaxlar, qoca>qoja, tapmaca>tapbaja, balaca>balaja, bucağı>bujağı və s.
b>v səsdəyişməsi. Qarabağ şivə qrupunda ən çox söz ortasında baş verən geniş yayılmış səs hadisələrindəndir.Məs.: çoban>çovan, çubuq>çuvux, xəbər>xavar, araba>arava, babam>bavam, qabağına>qavağına və s.
Qarabağ şivə qrupunda bir çox fonetik hadisələr yayılmışdır. Səs uyuşması (assimilyasiya) hadisəsi geniş şəkildə müşahidə olunur:
-rl>-rr səsuyuşması. Qarabağ şivə qrupunda geniş şəkildə yayılmış fonetik hadisələrdəndir. Belə ki, r səsi özündən sonra gələn l səsini öz məxrəcinə uyğunlaşdırır. Məs.: hərlənib>hərrənif, əsgərlərə>əsgərrərə, kədərli>kədərri, fırlanırdı>fırranırdı və s.
-pm>-pb səsuyuşması. Qarabağ şivə qrupunda p səsindən sonra gələn m səsi özü kimi cingiltili b səsi ilə əvəzlənir. Məs.: tapmaca<tapbaja, yapmaca<yapmaja, tapbadı<tapmadı, öpməmişdi< öpbəmişdi və s.
Səslərin yerdəyişməsi (metateza) fonetik hadisəsi də bu şivələrdə geniş şəkildə izlənilir. Bu hadisə, əsasən, r səsinin bir çox sözlərdə v, f, h samitləri ilə yerdəyişməsi nəticəsində baş verir:
r>v yerdəyişməsi. Məs.: kirvə<kivrə və s.
f>r yerdəyişməsi. Məs.: süfrə<surfa və s.
r>h yerdəyişməsi. Məs.: sərhəd< səhrəd və s.
Səsdüşümü (eliziya) fonetik hadisəsinə Qarabağ şivə qrupuna daxil olan şivələrdə tez-tez rast gəlinir. Sözlərdə samit səslərin düşümünün baş verməsi sait səslərin uzanmasını əmələ gətirir. Bu hadisə ən çox söz ortasında, bəzi hallarda isə söz sonunda özünü göstərir:
V səsdüşümü. Bu halın baş verməsinə həm söz ortasında, həm də söz sonunda rast gəlinir. Məs.: dövlətin<dö:lətin, övladt<ö:lat, pilov<pilo: və s.
Y səsdüşümü. Bu hadisənin baş verməsi nəticəsində Azərbaycan dilinin qərb ləhcəsində istifadə olunan bir qrup sözlərin ədəbi dildən fərqli olaraq ı səsi ilə başlamasının şahidi oluruq (ıldırım, ılxı, ılıx və s.). Belə ki, protürkcədə bu sözlərin əvvəlində y samiti olmuş, sonrakı dövrlərdə baş verən səsdüşüşmü nəticəsində bu səsin artıq müəyyən sözlərin əvvəlində işləkliyini itirdiyini görürük. Qədim türk yazılı abidələrinin dilində (VIII əsr, ən qədim türk dövrü) bu cür vahidlərin y samiti ilə başlayaraq (yılan, yılkı və s.) ahəng qanununa uyğun şəkildə işlənməsini izləyirik (Rəcəbov, Məmmədov, 1993: 361). Artıq Kaşğarinin lüğətində (XI əsr, qədim türk dövrü) y səsdüşümü ilə bağlı qeydlərə rast gəlirik: “Digər türklər yolçuya “yəlkin”, oğuz və qıpçaqlar isə “əlkin” deyirlər. Onlar ilıq suya “yılığ suw”, bunlar “ılığ suw” deyirlər (Kaşğari, 2006: 105).
Y səsdüşümü hadisəsinə hazırda Qarabağ qrupuna daxil olan şivələrdə söz ortasında və söz sonunda rast gəlirik. Bu hadisənin baş verməsi ilə həm milli, həm də alınma sözlərdə sait səslərin uzanması yaranır. Məs.: göy<gö:, qoydum<qo:dum, böyrək<bö:rəx', meyvə<me:və və s. Maraqlıdır ki, qərb şivələrində Azərbaycan ədəbi dilindən fərqli olaraq protürkcədəki və digər türk dillərində işlədilən (Türkiyə türkçəsi, qaqauz dili və s.) formasına uyğun olaraq söz əvvəlində y səsartımı hadisəsi izlənilir. Əzizxan Tanrıverdi göstərmişdir ki, «ulduz» sözü qərb ləhcəsində həm «Kitabi-Dədə Qorqud»a qədərki (yıldız), həm də «Kitabi-Dədə Qorqud»dakı formasına (ıldız) uyğun işlənməkdədir (Tanrıverdi, 2006: 164).
ŋ səsdüşümü. VIII əsrdə Orxon-Yenisey ümüumtürk abidələrinin mətnlərində istifadə olunan velyar ŋ səsi Azərbaycan dilinin qərb ləhcəsində öz möhkəmliyini qoruyub saxlamışdır. Qarabağ şivə qrupunda bu səsə həm də düşərək burunda tələffüz olunması xüsusiyyətini özündən əvvəlki və sonrakı saitlərə verməklə müşahidə olunur. Məs.: so:ra, sa:, go:şularımdı və s.
Səsartımı (proteza) fonetik hadisəsi bu şivələrdə geniş şəkildə müşahidə olunur. Bu hadisənin sözün hansı mövqeyində daha çox baş verməsini izləsək, görərik ki, daha çox söz əvvəlinə y və h səslərinin artırılması ilə özünü büruzə verir. Məs.: üzə<yüzə, inirsen<yenirsəñ, amma<hamma, elə<heylə, asan<hasand, əlbət<həlbət və s.
Qarabağ şivə qrupunda sözlərin əvvəlinə i və u səslərinin artırılmasının da olduqca yayılmış hadisə olduğunu müşahidə edirik. Bu hal ən çox s və r səsi ilə başlayan alınma kəlimələrdə izlənilir. Məs.: stol<isdol, rayon<irayon, stansiyalarını<istansiyalarını, stəkan<istəkan, rəvan<irəvan razıyam<irazıyam, ruslarla<urusdarnan, rəngi<irəngi, və s.
Qarabağ şivə qrupunun özünəxas fonetik xüsusiyyətləri ilə yanaşı, zəngin, xarakterik leksik tərkibi də vardır. Biz burada qarabağlıların məişəti, məşğuliyyəti, adətləri və s. bağlı olan bir çox ad, əlamət və keyfiyyət, hərəkət adları bildirən dialektizmlərə rast gəlirik:
Adax-adax (Ağdam)-addım-addım, yavaş-yavaş. Məs.: -Ay irəhmətdiyin oğlu, birəz yeyin tərpənsənə, adax-adax havağa gedif gələjəx'sən (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 12).
Adax-çiçə (Füzuli)-uşağın ilk addımları. Məs.: -Afi adax-çiçə açıf (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 12).
Adar-madar (Cəbrayıl)-yeganə, tək, bircə. Məs.: -Adar-madar bir qoyunum varıdı, öldü o da (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 12).
Alaçöhrə(Kəlbəcər)-gilas ağacına oxşar cır meyvəli ağac. Məs.: - Alaçöhrə odunnuxdu (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 18).
Aladağ (Qubadlı)- yarıyanıq (çörək və s.). Məs.: -Bu çörəyi niyə aladağ pişirirsən? (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 18).
Aznour (Kəlbəcər)-qarınqulu. Məs.: -Möysün çox aznour adamdı, heç nəynən doymur (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 32).
Bayı (Cəbrayıl)-ana (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 44).
Baxyalamax (Ağdam, Şuşa)-xırda və seyrək tikişlə tikmək. Məs.: -Munu əlində tez baxyala ver ma: (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 36).
Bedahat (Cəbrayıl)-çətin, əlacsız. Məs.: - Bedahat dərdə düşəsiz sizi (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 45).
Bedana (Ağdam,Cəbrayıl,Füzuli,Şuşa)-1.iri tut ağacı (Cəbrayıl).Məs.:-Şirinnix'də bedananın yerin heş nə verməz; 2.toxumsuz tut, üzüm (Ağdam, Füzuli, Şuşa) (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 45).
Boze (Kəlbəcər)-sıyıq xörək. Məs.:-Nənə, bir boze bişir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 63).
Canaxlamax (Kəlbəcər)-çatlamaq, yarılmaq (qoza aiddir). Məs.:-Təzə vaxdı qozun üsdə gəzəl olur, soŋra o canaxlıyır, ağzı açılır (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 71).
Canarxalığı (Şuşa)-canlıq (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 71)..
Cojaxor (Ağdam)-davakar (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 80).
Çırt (Cəbrayıl)-bərk (tütün). Məs.: -Seydəli kişi çırt təmbəki becərir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 100).
Çisəngi (Ağdam)-çisək, narın yağış. Məs.: -Bu çisəngi laf məni təngə:tirif (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 103).
Güzəmləndirməx' (Kəlbəcər)-yununu çoxaltmaq, artırmaq (qoyuna aiddir). Məs.: -Yağışın qoyuna olduxca xeyri var, güzəmləndirir dayna, yunun artırır (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 191).
Həllav (Ağdam) –yuxarı. Məs.: -Həllavdan gəl (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 200).
Həjət (Cəbrayıl, Laçın)-1.alət; 2.balta. Məs.: - Həjət yaman itidi (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 199).
Həni (Füzuli)-danışqan. Məs.: -Ay həni, ta bəsdi (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 201).
Həmgəl (Kəlbəcər, Laçın)-yaxın, yanaşı. Məs.: -Aşıxlar həmgəl oxuyullar (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 200).
Hulumçax (Cəbrayıl)-yellənçək. Məs.: -Vəli çinarda hulumçax asdı (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 212).
Xamro:uz (Şuşa)-xəmir mayası. Məs.: -O xamro:uzu ver maŋa, xamır qatıram (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 215).
Xaşalqardaş (Füzuli)-yemək dostu. Məs.: -Aydın mənnən xaşalqardaşdı (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 217).
Xəkirizdənməx' (Kəlbəcər)-yatmaq. Məs.: -Axşam olmamış xəkirizdənirsən (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 218).
Xəkrizdəməx' (Ağdam, Füzuli, Şuşa)-oğurlamaq. Məs.: -Qorxuram bunnarı bırda qoyam gedəm, gejə:lif xəkrizdiyələr (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 218).
Xonsa (Kəlbəcər)-fərsiz, bacarıqsız. Məs.: -O da mənim kimi xonsanın biriymiş, təkə çıxıf qavağına, ata bilmiyif (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 227).
İmqa (Füzuli)-dəstə. Məs.: -İmqa qayırıllar (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 233).
İrəlləri (Cəbrayıl, Füzuli)-əvvəllər, keçmişdə. Məs.: -İrəlləri bizdə belə ədət yoxudu (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 235).
Kunal (Ağdam, Cəbrayıl, Zəngilan)-tut ağacı zoğlarının yarpaqlarını baramaqurdu yedikdən sonra qalan ağac hissə. Məs.: -Qurd kunalda da barama sarıyıb (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 264).
Künətax (Cəbrayıl, Zəngilan)- baramaqurduna verilmək üçün qırılmış tut ağacı çubuğunun kəsilib atılan yarpaqsız hissəsi. Məs.: -Səlim bağdan bir şələ künətax yığdı (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 267).
Koraqıpıx: koraqıpıx eləməx' (Füzuli, Cəbrayıl)-gözüqıpıq eləmək. Məs.: -Qaynənəm gədəni koraqıpıx eliyif (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 258).
Kortum (Ağdam, Ağdərə, Kəlbəcər)-dəvədabanı. Məs.: - Kortumu at, bir də əlix' yaxşı ye:r (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 259).
Kumpul (Cəbrayıl)-ağır çəkic, gürz. Məs.: -Kumpulnan daş sındırıllar (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 264).
Qabalaxlamax (Füzuli)-cücərmək. Məs.: -Toxum qabalaxlıyır, onnan so:ra yığılır qola, bir qarış qol sürür çiçəx'liyir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 272).
Qafçardağı (Cəbrayıl)-qab-qacaq qoyulan yer. Məs.: -Mən taxtadan bir qafçardağı bağlatmağ isdiyirəm (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 273).
Qıylı (Ağdam)-ətəyi qaytan ilə tikilmiş (paltar). Məs.: -Mənim köynəyim qıylıdı (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 304).
Qərəmət (Cəbrayıl)-bəxtiqara. Məs.: -Sən çox qərəmət adamsan, heş baxdın gətimir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 293).
Urvatdı (Laçın, Şuşa)-hörmətli. Məs.: -Əli hamının yanında urvatdıdı (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 520).
Usdulup (Cəbrayıl)-ehtiyatlı, yavaş. Məs.: -Usdulup tərpən, taxt xarabdı (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 520).
Ustufca (Ağdam, Şuşa)-ehtiyatla, yavaşca. Məs.: - Ustufca gedif qulağınnan tutajam, gör nə tə:r çığırajax (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 520).
Qarabağ şivə qrupuna aid olan şivələrin qrammatik yarusunda da bir çox səciyyəvi cəhətlər (morfoloji və sintaktik səviyyələrdə olan şivə xüsusiyyətləri) özünü göstərməkdədir. Bir çox hallarda cümlələrdə söz sırasının pozulması halları müşahidə olunur. Qarabağ şivə qrupuna aid səciyyəvi xüsusiyyətləri əks etdirən nümunələr Erdal Karamanın qarabağlılardan toplamış olduğu çoxsaylı mətnlərdən seçilmişdir. Məs.: -Təsadüf tuturdun mə:lumatları, mə:lumatları elə məraqlı deyildi. Ama fırlayanda dalğa tuturdu, uje görürdüx' bizim dile oxşuyur; -Biz hammız bu boyda yerdə məsgunnaşmışıx bir balaca yerdə; -Nəfəs getmədi, rəngim oldu sapsarı, yıxıldım qaldım düzdə (Karaman, 2005: 163, 174, 185).
Qarabağ şivə qrupunda halların bir-birinin mövqeyində işlədilməsi məqamları izlənilir. Qarabağlılardan toplanılmış mətnləri tədqiq edərkən yiyəlik halın təsirlik hal mövqeyində çıxış etməsi hallarının şahidi oluruq. Məhərrəm Məmmədli bu barədə yazmışdır, yiyəlik hal digər hallardan fərqli olaraq, isimlərlə ifadə olunur. Xüsusilə birləşmə daxilində təzahür etməsi digər halların mövqeyində çıxış etməsini məhdudlaşdırmışdır. Lakin şivələrdə az da olsa, yiyəlik halın digər halları əvəz etməsinə rast gəlinir (Məmmədli, 2003: 98). Məs.: -Bu Gasım belə baxır görür at aralaşır, aralaşanda ayağın direyir yerə; -Gətirir üç dənə küpün için doldurur; -Bu qış imiş, qışda ġazlar houzuñ ġırağında ayağın birin tügün içinə ġoyur; de:yir ki, ay molla bu ġazın qılçasın biri hanı (Karaman, 2005: 230).
Qəti gələcək zamanın ifadəsi Azərbaycan dilinin şivələrində müxtəlif formalarda təzahür edir. Məmmədağa Şirəliyev göstərmişdir ki, -acax, -acağ, -əcək, -əcəx' şəkilçiləri dialekt və şivələrimizin əksər qismini (B., Q., Ş., Mər., İsm., S., Şir., Sal., Nax., İr., O., Təb., Z., Qax) əhatə edirsə, -ajax, -əjəx' şəkilçiləri ancaq bir sıra dialekt və şivələri (Qaz., Qar., A., G., ayrım və s.) əhatə edir. Bu iki şəkilçidən başqa dialekt və şivələrimizdə bunların bir sıra variantlarına da təsadüf edilir. Bu variantlar gələcək zamanın şəxslər üzrə təsnifində özünü göstərir (Şirəliyev, 2008: 226). Məs.: -İndi biz harda ġalajeyıx, harda durajeyıx; -Dedim nə gədər ġazanaja:m, indi hərəniñ bir müşdərisi var, məni tanıyan yoxduku; -Bu dedi yox, mən ġorxuram çıxammiyaja:m. (Karaman, 2005: 171, 173).
Ədəbi dildən fərqli olaraq, Qarabağ şivə qrupuna daxil olan şivələrdə qəti gələcək zaman şəkilçisinin ikinci hecası qapalı saitlərlə işlənən variantına da rast gəlinir. Məs.: -Ə, dedim öləjiyix' burda, ikimiz də ġalajıyıx burda, heş kimin xəbəri olmıyajax (Karaman, 2005: 187).
Azərbaycan dilinin qərb ləhcəsinə daxil olan Qarabağ şivə qrupunun bir çox özünəməxsus səciyyəvi fonetik, leksik və qrammatik xüsusiyyətləri vardır. Bu şivə qrupu hər zaman yerli və xarici tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Qarabağ şivə qrupu həm sinxron, həm diaxron şəkildə tədqiqata cəlb olunsa da, zamanın, elmin müasir tələblərindən çıxış edərək yenə əhatəli şəkildə araşdırılmasını gözləməkdədir. Çünki geniş və zəngin bir ərazini əhatə edən bu şivə qrupu bitib tükənməyən bir xəzinədir, öyrənildikcə yeni qatları, yeni inciləri kəşf olunub elmə qazandırıla bilinər. Hazırda bu mövzu xüsusi aktuallıq kəsb etməkdədir, çünki 30 illik həsrətdən sonra qarabağlılar ali baş komandanımız İlham Əliyevin uğurlu siyasəti nəticəsində müzəffər ordumuzun düşmən tapdağından azad elədiyi dədə-baba torpaqlarına qovuşmuşlar.
Sevinc Qəmbərova
filologiya üzrə fəlsəfə doktoru