AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanmış “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası” çapdan çıxıb.
Dialektoloji atlasın məsul redaktoru Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, dialektoloji atlas qrupunun rəhbəri dosent Kifayət İmamquliyeva, rəyçisi dosent Baba Məhərrəmlidir.
Redaksiya heyətində akademiklər İsa Həbibbəyli, Möhsün Nağısoylu, Teymur Kərimli, Nizami Cəfərov, professorlar Nadir Məmmədli, Qəzənfər Kazımov və Kərim Şükürov təmsil olunublar.
Müəllif və tərtibçilər Kifayət İmamquliyeva, Məhərrəm Məmmədov, Kübra Quliyeva, Qüdsiyyə Qəmbərova, Səkinə Şərifova, Güntəkin Binnətova; tərcüməçilər dosent Kübra Quliyeva (türk dili üzrə) və Gülşən Axundova (rus və ingilis dilləri üzrə).
Dörd dildə (Azərbaycan, türk, rus, ingilis dillərində) tərtib olunmuş “Atlas”da Qarabağ dialektini və Şərqi Zəngəzur şivələrini əhatə edən minə yaxın yaşayış məntəqəsinin 692-si kodlaşdırılmışdır. “Atlas”da 278 xəritə, hər xəritə üçün yazılmış xüsusu şərh, atlasın tərtibində istifadə olunmuş proqram, tədqiq edilmiş yaşayış məntəqələrinin və müsahibəyə cəlb olunmuş informatorların siyahısı, informatorların səsi yazılmış kompakt disk ilə yanaşı, ekspedisiya müddətində informatorlarla söhbət zamanı çəkilmiş, həmçinin Qarabağın və Şərqi Zəngəzurun tarixini, etnoqrafiyasını, təbiət mənzərələrini, erməni vandalizmi və saxtakarlığını, I və II Qarabağ müharibəsini, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fəaliyyətini və onun rəhbərliyi ilə qazanılmış tarixi zəfəri əks etdirən şəkillər öz əksini tapmışdır. Atlasda izoqlos yaradan dialekt xüsusiyyətləri şərti işarələrlə verilmiş və onların yayılma arealı müəyyənləşdirilmişdir.

kriteri.az

Daxil olundu: 09.10.2022 » Oxundu: 2237
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!