Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gündür. Vətənini, xalqını sevənlər, çətin günlərin ağrılarını, dəhşətlərini yaşayanlar, hadisələri görənlər üçün 1993-cü ilin 15 iyun günü əsl Qurtuluş Günü, Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixidir. Bu gün ən yeni tariximizə Azərbaycanın xilası günü kimi daxil olub. Bu tarix yaddaşlarda Azərbaycanın dağılmaq təhlükəsi ilə üzbəüz qaldığı, xalqının təkidi və tələbi ilə hakimiyyətə qayıdan böyük Heydər Əliyevin ölkənin, millətin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürməsi, uzun illər davam edən gərginliyin, qarşıdurmaların aradan qaldırılması, respublikamızın vətəndaş müharibəsindən, parçalanmadan xilas edilməsi kimi taleyüklü tarixi  hadisələrlə qalıb.  Ümummilli liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı. Tarixə Milli Qurtuluş Günü  kimi yazılan 15 iyundan başlanan yol  2020-ci ildə xalqımıza Parlaq Zəfəri ilə tarixə yazıldı.  Düşünülmüş və məqsədyönlü siyasət nəticəsində Azərbaycana möhtəşəm uğurlar qazandıran ulu öndər Heydər Əliyevin söylədiyi «Azərbaycan dünyaya günəş kimi doğacaq» tezisi reallıqda öz əksini tapdı. Azərbaycanın müstəqilliyinin daimiliyi və əbədiliyi təmin edildi. Azərbaycanın dünyaya səs salan bugünkü iqtisadi inkişafının, dünya birliyində söz sahibliyinin, qalib ölkə kimi nüfuz qazanmasının təməlində məhz Ulu Öndərin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı dayanır. Azərbaycanın müstəqilliyini əbədi, dönməz, sarsılmaz edən Ümummilli Lider 2003-cü ildə xalqa müraciət edərək sona çatdıra bilmədiyi işləri, layihələri  özü qədər inandığı cənab İlham Əliyevin tamamlayacağını bəyan etməklə Azərbaycanın gələcəyi üçün növbəti inamın və etimadın ünvanını göstərdi. Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.
Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində Ümummilli Lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanın hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olub. Bu gün Azərbaycan Respublikasının Prezidenti    İlham Əliyev Ümummilli Liderimizin siyasi kursuna sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır.  Bu yol ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Ümummilli lider Heydər Əliyev vaxtilə müdrikcəsinə demişdir: "Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz". Bu inam, bu qətiyyət Qurtuluş Gününün mənası və verdiyi ibrət dərsləridir. Bu onu göstərir ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru yolla, irəliyə aparacaqdır.

Yalçın İsmayılov
Ağstafa Mənzil Kommunal Təsərrüfatı Birliyinin Baş direktoru

Daxil olundu: 13.06.2023 » Oxundu: 125
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!