«1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Konstitusiya Aktı respublikamızı rəsmi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi və müstəqil elan etmişdir. Həmin aktda, həmçinin Azərbaycan xalqının idarəetmə formasını seçmək, başqa xalqlarla münasibətlərini müəyyənləşdirmək, siyasi, iqtisadi və mədəni həyatını tarixi və milli ənənələrinə, ümumbəşəri dəyərlərə uyğun sürmək hüququ təsbit olunmuşdur.
1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyini elan etməsinə baxmayaraq, respublikanın müstəqilliyi deklarativ xarakter daşıyırdı. Dövlətçiliyin iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını sarsıdan bir çox sosial-mənəvi problemlər də məhz müstəqilliyin bu səciyyəvi cəhəti üzündən meydana çıxmışdı.
Respublikada qanunçuluğun, hüquq qaydalarının son dərəcə zəif olması, dövlət idarəçiliyinin iflic vəziyyətə düşməsi, ayrı-ayrı siyasətçilərin qanunsuz silahlı dəstələr yaratması nəticə etibarilə hakimiyyətdə olan qüvvələrin iflasını daha da sürətləndirirdi. Bir tərəfdən ayrı-ayrı məmurların özbaşınalıqları və dövlətin o zamankı rəhbərinə tabe olmamaları nəticəsində hakimiyyət böhranının dərinləşməsi, digər tərəfdən isə ölkənin cənubunda və şimalında separatçıların məkrli niyyətlərlə baş qaldırması ölkədə gərgin vəziyyət yaratmışdı.
Belə bir böhranlı və ağır vəziyyətdə xalqın çıxış yolunu yenə də müdrik rəhbərin - ulu öndər Heydər Əliyevin hakimiyyət sükanı arxasına keçməsində görməsi obyektiv reallıq idi. Xalq başa düşürdü ki, yaranmış ekstremal şəraitdə ölkədə ictimai-siyasi gərginliyi aradan qaldırmaq, qiyamı yatırmaq, qanunsuz silahlı qüvvələri zərərsizləşdirmək, dövlət təsisatlarının normal fəaliyyətini təmin etmək bacarığına malik yeganə, alternativsiz lider məhz Heydər Əliyevdir!»
Bu sözləri Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Lerik rayon Komitəsinin sədri Cəlil Abbasov söylədi. Dərin siyasi düşüncə və biliyə malik olan Cəlil müəllim bu vəzifəyə 2014-cü ildə təyin edilib. O, 1984-cü ildə Lerik rayonunda dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra Gəncə Dövlət Universitetinin tarix-ictimaiyyət fakültəsinə qəbul olub. 2007-ci ildə universiteti bitirərək Lerik rayonunun Lüləkəran kənd tam orta məktəbində müəllimlik fəaliyyətinə başlayıb. 2007-2009-cu illərdə Murovdağda zabit kimi xidmət edib. 2013-2014-cü illərdə təhsil şöbəsində metodist işləyib.
2014-cü ilə qədər müəllim işləyən Cəlil Abbasov hazırda TİAHİ Lerik rayon komitəsinin sədridir.
Cəlil müəllim məlumat üçün bildirdi ki, Lerikdə dörd şəhər məktəbi fəaliyyət göstərir. Burada çalışan bütün müəllimlər Həmkarlar Komitəsinin üzvləridir. Burada hər bir üzvə xüsusi həssaslıqla yanaşılır və lazımi köməklik göstərilir. Komitə tərəfindən bütün milli və dövlət bayramları, əlamətdar günlər vaxtlı-vaxtında qeyd edilir. Xüsusən də Yeni il şənlikləri, Novruz bayramları, Qurban və Ramazan bayramları, Müəllimlər günü xüsusi təntənə ilə keçirilir. Müəyyən yaş həddini keçənlər üçün ad günü tədbirlərinin qeyd edilməsi də bir ənənə halını aldı.
Cəlil müəllim onu da dedi ki, ehtiyacı olanlar və ya xəstələnənlər komitəyə ərizə ilə müraciət etdiyi təqdirdə onlara mövcud şəraitin imkan verdiyi miqdarda maddi yardımlar edilir. Həmçinin ehtiyacı olanlar mövsümlə əlaqədar müxtəlif istirahət mərkəzlərinə göndərilirlər. Komitə hərbi hissələrdə xidmət edən əsgər və zabitlərimizi də unutmur. Müəyyən günlərdə onların görüşünə gedərək sovqat hədiyyə edirlər.

 


Cəlil Abbasov
ATİAHİ-nin Lerik Rayon Komitəsinin sədri 

Daxil olundu: 17.10.2019 » Oxundu: 1556
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!