"Müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi az bir zamanda iqtisadi tərəqqi ilə müşayiət olundu. Sürətlə qurulmuş infrastrukturun, neft-qaz sənayesinin və onun əsasında digər sahələrin, aqrar-sənaye kompleksinin dinamik inkişafı və Azərbaycan kəndinin simasının dəyişməsi dövlətin təməlinin möhkəmlənməsinə şərait yaratdı.
O dövrdə aqrar sahəyə vəsait qoyuluşunun artırılması mühüm vəzifə kimi qarşıda dururdu. Bu əsaslı vəsait əsas etibarilə respublikada kənd təsərrüfatının məhsuldarlığını inkişaf etdirmək üçün torpaqların irriqasiya, meliorasiya və bir sözlə, suvarma sisteminin yaxşılaşdırılmasına yönəldildi.
Məhz bu dövrdə yeni torpaq sahələrinin istifadəyə verilməsi, torpaq fondunun sağlamlaşdırılması, su təchizatının yaxşılaşdırılması sahəsində konkret tədbirlər görüldü və beləliklə də kənd təsərrüfatının intensiv inkişafı təmin edildi. Muğan-Salyan zonası rayonlarında meliorasiya qurğuları tikilməsinin miqyası genişləndirildi. Dövlət tərəfindən kənd təsərrüfatına əsaslı vəsait qoyuluşunun əhəmiyyətli dərəcədə artırılması respublikada yeni sənaye xarakterli heyvandarlıq komplekslərinin tikilib istifadəyə verilməsinə imkan yaratdı.
Heydər Əliyev respublikamızda kənd təsərrüfatının inkişafının növbəti mərhələsini və istiqamətlərini özünəməxsus uzaqgörənliklə çox düzgün və dəqiq müəyyən edərək növbəti tədbirlər həyata keçirməyə başlamışdı. Bu tədbirlər isə bitkiçilik və heyvandarlıqda məhsuldarlığı artırmaqla həmin sahələrin intensivləşdirilməsini, bitkiçilikdə daha çox əlavə dəyər yaradan pambıqçılığın və üzümçülüyün prioritet sahə elan edilməsini, yeni texnikanın və məhsul istehsalında sənaye texnologiyasının tətbiqi və digər məsələlərin həll olunmasını əhatə edirdi. Həyata keçirilən bu tədbirlər nəticəsində respublikamızda çoxsaylı quşçuluq fabrikləri, heyvandarlıq kompleksləri, yem sexləri, müasir texnika ilə təchiz edilmiş bitkiçilik müəssisələri yaradıldı və məhsul istehsalı yeni inkişaf mərhələsinə başladı.
Həmin illərdə həyata keçirilən ən mühüm tədbirlərdən biri də kənd təsərrüfatı məhsulları istehsalının artırılması ilə yanaşı ona xidmət edən sahələrin, yəni kənd təsərrüfatı maşınqayırma və kimya sənayesinin inkişafının təmin edilməsi idi. Bu məqsədlə Bakıda və respublikamızın bir çox bölgələrində kənd təsərrüfatı maşınları və avadanlıqları istehsal edən, habelə traktor və digər kənd təsərrüfatı texnikasının təmiri ilə məşğul olan zavodlar tikilib istifadəyə verildi. Bütün bunlar isə kənd təsərrüfatının sürətli inkişafının təmini demək idi".
Bu fikirlər Salyan DAİM – Texniki Nəzarətin Təşkili Sektorunun müdiri Avdı Həsənovundur. O, uzun illərdir ki, kənd təsərrüfatı sahəsində çalışır və bu sahənin təcrübəli və yüksək ixtisaslı mütəxəssisidir.
Avdı müəllim 1964-cü ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda dünyaya gəlib. Orta təhsilini doğulduğu rayonda aldıqdan sonra Gəncədə yerləşən S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna qəbul olub. 1986-cı ildə institutun kənd təsərrüfatının mexanikləşdirilməsi fakültəsini bitirib və Salyan rayonunun Yeni Muğan kolxozunda mühəndis kimi əmək fəaliyyətinə başlayıb. Daha sonra Salyan-Pambıq ATSC-də Pambıq istehsalı şöbəsinin müdiri, 1991-1996-cı illərdə isə "Azərbaycan" kolxozunun sədri vəzifələrində çalışıb. Əmək fəaliyyətini şəxsi fermer təsərrüfatının rəhbəri kimi davam etdirən Avdı müəllim 2015-ci ildə Salyan Texniki Nəzarətin Təşkili Sektorunun müdiri vəzifəsinə təyin olunub.
Avdı müəllim məlumat üçün bildirdi ki, rayonda hazırda 2020 texnika var ki, bunların da hamısı özügedən deyil. Bu texnikalardan təxminən 500-ə yaxını istismara yararsız və istismar müddəti bitmiş texnikadır. Texnikaları idarə edənlər müxtəlif peşə təhsili müəssisələrində oxuyaraq sertifikat almış, sonra isə burada imtahan verib sürücülük vəsiqəsi alan mütəxəssislərdir.
Məlumat üçün onu da qeyd edək ki, bu sektor həmçinin Salyan, Neftçala və Biləsuvar regional imtahan qeydiyyat və texniki baxış mərkəzidir. Vaxtında texniki baxışdan keçməyən, dövlət qeydiyyatından yayınan və istismar olunan texnikalar aşkar olunduqda inzibati xətalar məcəlləsinin 340.1-ci hissəsi ilə fiziki şəxslərə 50 manat, vəzifəli şəxslərə 100 manat, hüquqi şəxslərə isə 300 manat cərimə tətbiq olunur. Qeyd olunan xətaların baş verməməsi üçün vaxtaşırı maarifləndirmə işləri aparılır.
Avdı müəllimin də dediyi kimi, Ümummilli Liderin ölkənin aqrar bölməsinə göstərdiyi qayğı və diqqət, onun imzaladığı fərmanların tam həcmdə icrası bu gün Prezident İlham Əliyev tərəfindən daim nəzarətdədir. Ümumiyyətlə, aqrar sahəyə dövlət himayəsi cənab İlham Əliyevin prezidentliyi dövründə daha da genişlənmişdir.
Təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan aqrar inkişafa dövlət himayəsi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan müasir aqrar-sənaye kompleksinə malik ölkəyə çevrilir.

Gülağa
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 28.11.2023 » Oxundu: 290
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!