Hörmətli oxucular! Mən B.Vahabzadə şeirlərinin vurğunu olan bir oxucu kimi bu gün onun yaradıcılığının bəzi cəhətlərinə toxunmaq, şeirlərinə öz münasibətimi bildirmək istəyirəm. B.Vahabzadə gözəl şair, böyük şəxsiyyət olmaqla bərabər həm də çox mehriban, qayğıkeş, sadə bir insan idi. O, yay aylarında Şəkidə istirahət edirdi. Mən həmişə arzu edirdim ki, kaş onunla görüşə, söhbət edə biləydim. O, Şəkidə olanda biz - həyat yoldaşım Bəşarət müəllim və mən onunla telefonla əlaqə saxlayıb görüşmək istədiyimizi bildirdik. Bəxtiyar müəllim vaxt təyin elədi. Biz onun evinə getdik. 2 saatdan çox onunla söhbət etdik. Ədəbiyyatdan, tarixdən, ana dilimizdən, televiziyadakı bəzi aparıcıların danışığındakı, tələffüzündəki qüsurlardan danışdıq. Biz Bəxtiyar müəllimin tariximizi, dilimizi, ədəbiyyatımızı nə qədər dərindən bildiyini və sevdiyini bilirdik. Bu görüşümüzdə, söhbətlərimizdə bunun bir daha şahidi olduq. O, klassiklərimizdən fəxrlə danışır, onların şeirlərini həvəslə təhlil edirdi. Görüşümüzün sonunda o, 2 kitabını bizə hədiyyə verdi. “Mənim xalqımın tarixini, dilini, ədəbiyyatını sevən və qoruyan insanlara böyük hörmətim var. Sevinirəm ki, bir müəllim kimi şagirdlərinizi bu ruhda tərbiyə edirsiniz”,- dedi. O görüşü biz həyatımızın ən gözəl anları kimi xatırlayırıq.

Biz Bəxtiyar müəllimlə sonra da bir neçə dəfə görüşdük. Fəlsəfi şeirin görkəmli nümayəndəsi, bütün mövzularda fəlsəfi fikirlərini sadə dillə oxuculara çatdıran şair özünə qarşı tələbkar idi. O deyirdi ki, insan həmişə oxumağa, öyrənməyə can atmalı, özünə qarşı tələbkar olmalıdır. İnsan həyatı boyu müəyyən səhvlər edir. Əsl insan odur ki, bu səhvlərdən nəticə çıxarmağı bacarsın, səhvlərini başa düşüb düzəltsin.
Ey könül, möhkəm ol keşməkeşlərdə,
Çox da öyünmə ki, mən ağıllıyam.
Ağılsız işimi bildiyim yerdə
Mən ən ağıllıyam, ən ağıllıyam.
Şair “Özümüzdən öyrənək” şeirində də eyni fikri başqa şəkildə ifadə edir. İnsan öz səhvlərini düzəltməyi, öz həyatını arzular üzərində qurmağı, ağrılardan, əzablardan həyatı öyrənməyi bacarmalıdır. Yanlış addımlar belə həyatı başa düşməyə, öyrənməyə kömək etməlidir.
Danışmaq öyrənirik
Dil topuq çala-çala.
Yerimək öyrənirik
Biz yıxıla-yıxıla.
Arzuları çıraq tək
Yandır! Düz yolun üstə,
Ancaq yıxılanda da
Yıxıl öz yolun üstə!
Başqasının çəkdiyi
İztirab çatmaz sənə.
Özgənin yıxılmağı
Yeriş öyrətməz sənə.
Əzab çəkici altda
Öz qəlbini əzsənə!
Özün yıxıl, özün dur!
Həyatı dərk etməyin
Əsl yolu bax, budur!
...Bu dünyanın sirrini
Kitablardan öyrənək,
Ancaq gəlin həyatı
Ağrılardan öyrənək,
Əzablardan öyrənək.
...Sevincin mənasını
Öyrətsin qəmlər bizə.
Öyrətsin bu həyatı
Yanlış qədəmlər bizə.
İnsan dünyaya gələndə hələ heç nə bilmır. Qorxunun nə olduğunu, nədənsə ehtiyat etməyin lazım olduğunu ağlına belə gətirmir. Al-əlvan rənglər, gördüyü hər şey onu özünə cəlb edir. O, gördüyü əşyalara, oda əlini vurur. Od əlini yandırır. Beləliklə həyatla ilk tanışlıq başlayır. Etdiyi hər səhvi özü yaşayır, başa düşür, düzəldir.
“Mənə “cız” – dedilər,
Ancaq qorxmadım,
Əlimi yandırıb tanıdım odu,
Mənim həyat ilə ilk tanışlığım
Əlimi yandıran oddan başladı.
Mən oddan qorxmadım yanana qədər,
Mən qorxu bilmədim qanana qədər,
Elə ki yandım,
Odla oynamaqdan qorxdum, dayandım.
Başlandı qorxu—
Başlandı ehtiyat—
Başlandı həyat...
İnsan yaşa dolduqca nələrdənsə ehtiyat etməyin lazım olduğunu bilir. Lakin yersiz ehtiyat ilhamı öldürür, insanın cəsarətini əlindən alır. Şairin dediyi kimi
Ehtiyat sözündən ehtiyatlıyam,
Ehtiyat hər yerdə ehtiyac olmur.
Hər sözdən özünü qoruyan ilham
Ayaqda sürünür, başda tac olmur.

Ehtiyat vergüldür, nöqtə deyil, yox,
Ehtiyat çalardır, rəng ola bilməz.
Deyirəm, dünyada bir qəhrəmanlıq
Kölə ehtiyatdan doğula bilməz.
1990 – cı ilin 20 yanvarı – sovet imperiyasının xalqımızı qanına qəltan etdiyi tarix heç vaxt yadımızdan çıxmaz. Belə çətin gündə ziyalılar növbədənkənar sessiya çağırdılar. Radio mühəndislərinin köməyi ilə xalqa bu barədə məlumat verildi. Belə çətin günlərdə “Ehtiyat hər yerdə ehtiyac olmur” deyən B.Vahabzadə qorxu, ehtiyat, özünü qorumaq kimi fikirlərdən uzaq olan, vətən, yurd, millət sevgisini hər şeydən üstün tutan igidlərimizlə bir yerdə idi. Xalqın başına açılan oyunlar, günahsız insanların qanına qəltan olması, millətin qəddinin bükülməsi şairin başında fırtınalar qoparmış, onu sarsıtmışdı. Belə bir məqamda qələmi kağızın üstündə hönkürən ustad şair sovet generalı, əli xalqının qanına bulaşmış Ovçinnikovla rastlaşanda onun üzünə tüpürür. Bu təkcə bir şairin deyil, bir xalqın qəsbkara, ədalətsizliyə, köləliyə olan nifrətinin ifadəsi idi. Görkəmli şair Yusif Nəğməkar “Milli qeyrətimizin və bəşəri mərdanəliyin qəhrəman şair Bəxtiyar Vahabzadə zirvəsinə heyranlıqla!” deyərək yazdığı “Şairin harayı” şeirində bu hadisəyə münasibətini belə bildirir:
Qara qəzəbindən zəncir çeynəyən
General Ovçinnikov qışqırdı birdən:
— Söylə, nə hünərlə, icazəsiz sən
Efirdən bu xalqa nəsə deyirsən?!

Şairin gözündə qaraldı cahan,
Dözmədi təslimçi sözünə onun.
Ağzını nifrətlə açaraq bu an
Tüpürdü sapsarı üzünə onun.

Yalquzaq niyyəti çəkib çətinə
Susduran o haray haqqın səsiydi.
Yırtıcı yağının yad sifətinə
Tüpürmək şəhidlik mərtəbəsiydi.

Min-min ər igidi köpürən xalqın
Qəzəbi ağıdır, acı naladır.
Yalnız köləliyə tüpürən xalqın
Yolu istibdaddan istiqlaladır.
B.Vahabzadə XX əsr Azərbaycan jurnalistikasında böyük xidmətləri olan Şirməmməd Hüseynovla dost idi. Milli qeyrət, vətəninə, xalqına böyük hörmət və sevgi bu iki şəxsi birləşdirmiş, dost etmişdi. B.Vahabzadə müxtəlif mövzularda əsərlər yazmışdı. O, senzuranın nəzərindən yayınmaq üçün müxtəlif üsullardan istifadə edirdi. Özünün yazdığı kimi onun rejimə qarşı yazdığı bir sıra əsərlərin, o cümlədən “Bağışlayın, səhv olub”, “Mərziyə”, “Ləyaqət”, “Dan yeri” və s. yazılmasına səbəb Ş.Hüseynov olmuşdur (Daha doğrusu, mövzunu o seçmişdir). 1986-cı ilin 17 dekabrında Alma-Atada baş verən hadisəni dostuna danışan Ş.Hüseynov “İndi mən bu hadisəni qələmə ala bilən bir oğul istəyirəm” deyərək B.Vahabzadəni “17 dekabr” şeirini yazmağa həvəsləndirmişdir. Senzuradan yayınmaq üçün bəhanə də var idi. Çünki 17 dekabr Şirməmməd müəllimin ad günü idi. Bu barədə B.Vahabzadə yazır: “Şeiri 17 dekabrda anadan olmuş dostum Ş.Hüseynova həsr etməyim rəmzidir. Mən Sovet təhlükəsizlik orqanlarının və senzuranın diqqətini yayındırmaq üçün qəsdən bu üsula əl atmışdım. Əslində, şeir 1986-cı il 17 dekabr tarixinə işarədir. Və mən həmin gün rus çinovniki Kolbinin Qazaxıstana başçı təyin olunmasına qarşı ayağa qalxan qazax qardaş-bacılarımın üsyanını alqışlamışam”. Dostunu ad günü münasibətilə təbrik edən şair qaranlıq üfüqdə çaxan şimşəkdən, fırtınadan söz açır. Həmin fırtına, həmin şimşək bir kölə milləti qolundakı zəncirləri qırmaq ücün ayağa qaldıra bilər. Bu şimşək, bu fırtına yüz illik, min illik imperiyaları məhv edə bilər.
Sənin ad günündə gördünmü birdən
Qaranlıq üfüqdə çaxan şimşəyi?
Həmişə zamanın bal axarından
Gözlə fırtınanı, gözlə çox şeyi.
Həmən o fırtına döndərib yönü
Başqa bir dövranın olar ad günü.

Lal axan çayların altında yerdən
Qaynayan suları görmüşük, fəqət
Qırır qolundakı zənciri birdən
Yatmış bildiyimiz bir kölə millət.

Vaxtın axarında sular durulur,
Gerçək gül açanda solur riyalar.
Bir anın içində uçub məhv olur
Yüz illik, min illik imperiyalar.
Daha sonra şair yazır:
Birinci pillədə görmüşdünmü sən
Bu gün yetişdiyin pilləni, qardaş?
Təbrik eləyirəm elə indidən
Sabahkı gün ilə mən səni, qardaş!
Dostunu sabahkı gün münasibətilə təbrik edən şairin bu deyimi də rəmzi məna daşıyır. Bu, kölə millətlərin sabah öz istiqlaliyyətləri, azadlıqları uğrunda ayağa qalxacaqlarına və onları gözləyən gözəl sabahlara işarədir. Müxtəlif mövzularda şeirlər, poemalar, dram əsərləri yazan şairin ürəyi həmişə qurmaq, yaratmaq eşqi ilə döyünüb. Qələmini silaha çevirib bəşəri mövzulardan: ədalətdən, düzlükdən yazıb. Əqidəsi uğrunda vuruşmalarda öz sözünü cəsarətlə deyib:
Sirdaşım olmasın nə fəryad, nə ah,
Qoy ömrüm ötüşsün boranda, qarda.
Ölmək istəyirəm əlimdə silah
Əqidəm yolunda vuruşmalarda.
Ölmək istəmirəm gözlərimdə nəm,
Anamın qu tüklü nazbalışında.
Ölmək istəyirəm əlimdə qələm,
Qarşımda kağızlar masa başında.
B.Vahabzadə kimdir? sualına Həsən Həsənov belə cavab verir: “Bəxtiyar millət, dil, azadlıq fədaisi, şair-mübariz, şair-etnoqraf, dramaturq, publisist, alim, müəllimdir. Bəxtiyarın özündən soruşsan, o deyər ki, mən sadəcə bir şairəm”. Türk dünyasının şair oğlu, fəlsəfi şeirlərin müəllifi, bəşəri mövzularda əsərlər yazan şair eyni zamanda olduqca sadə, təvazökar, öz yaradıcılığına məsuliyyətlə yanaşan bir şair olmuşdur. Bunu şeirlərində də görürük:
Mən haqq-hesab istəyirəm,
Gecələr gündüzümdən;
Narahatam, narazıyam
Ömrüm boyu özümdən.

Bizim sənət dünyasının
Qırıq telli sazıyam;
Bircə bundan razıyam ki,
Özümdən narazıyam.
70-dən çox şeir kitabının, 2 monoqrafiyanın, 20-dən artıq poemanın, yüzlərlə məqalənin müəllifi olan, əsərləri ingilis, alman, fransız, fars, türk, poyak, ispan, macar və s. dillərə tərcümə olunan müxtəlif dövlət mükafatlarına layiq görülən,
Əslimi, nəslimi tanıyıram mən,
Qarışıq deyiləm, özümdən ürkəm.
Sən kimsən, sən nəsən, özün bilərsən,
Mən ilk qaynağımdan türk oğlu türkəm!,—
deyən B.Vahabzadənin əsərləri həmişə olduğu kimi bu gün də həm yaşlı nəsil, həm də gənclər tərəfindən sevilə-sevilə oxunur. Bu da təbiidir. Çünki o, Azərbaycan poeziyasının sönməz günəşidir.


Səhər Nəsib qızı Rzayeva
filoloq, təqaüdçü müəllim

Daxil olundu: 19.04.2025 » Oxundu: 383
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!