Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ana dilinin saflığının qorunmasına və inkişafına böyük qayğını ifadə edir.
“Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi”nin yaradılması dilin tətbiqi istiqamətində görülən işlərin miqyasını artıracaq.
Dil bizim xalqımızın diriliyi, onun varlığı deməkdir. Dil cəmiyyətlə bağlıdır. Kütləvi informasiya sahəsində vəzifələrin gerçəkləşməsində dil əsas rol oynayır.
İnsanın ətraf aləmlə təmas qura bilməsi üçün həmişə informasiyaya ehtiyacı olub. Mətbuatın artmaqda olan belə faydası dünyagörüşün formalaşmasına təsir göstərdiyi kimi, bu sahə özündə monitorinqlərə də tələbat duyur.
Bu gün müxtəlif xəbərlərlə insanları bir-birinə yaxınlaşdıran KİV-də nitqin düzgünlüyü, dəqiqliyi, münasibliyi və aydınlığına əməl olunması vacib məsələlərdən biridir.
Müasir cəmiyyətdə informasiyanın dövriyyəsi üçün geniş imkanlar vardır. Çoxçeşidli informasiyalar həm KİV-də, həm reklamlarda, həm sosial şəbəkələrdə, həm də virtual reklamlarda insanların ixtiyarındadır. Çünki bu cür mətnlər mürəkkəb deyil, sadə hesab olunur.
Bu gün hər bir şəxsin istənilən informasiyaya qoşulmaq üçün geniş imkanları vardır. Buna görə də dil vahidlərindən düzgün istifadə etmək əsas amillərdən biridir.
İnformasiyanın təhlilinə mətnlərin, dil vahidlərinin çoxluğu ilə deyil, faktların məzmunundan çıxış edərək yanaşmaq lazımdır. Monitorinqlər zamanı təhlilə cəlb olunan materiallarda etik normalar da diqqətdə saxlanılsa məqsədəuyğun olar.
İnsanın intellektual fəaliyyətinin əsas vasitəsi nitqdir. Nitq vasitəsilə insanlar bir-biriləri ilə informasiya mübadiləsi edir, məlumat çatdırır. Xəbər və xəbərdəntörəmə, Səhər proqramlarında Azərbaycan dilinin müasir vəziyyəti, Azərbaycan ədəbi dilinin təbliği ilə bağlı mövzulara geniş yer verilir. Bu proqramlar məlumatı yönləndirməklə, auditoriyaya çatdırmaqla yanaşı nitqin düzgünlüyünə, dəqiqliyinə və münasibliyinə də əməl edirlər.
Ədəbi dilin normalarının inkişafına kömək edən monitorinqlər özündə bir sıra funksiyalar ehtiva edir:
Məlumatlandırma funksiyası. Burada monitorinqin metodikası, aparılması yolları açıqlanmalıdır. Monitorinqlərin aparılması üçün monitorlar (müşahidəçilər) seçilməli, müəyyən təcrübə keçməlidir. Monitorinqin nəticələri statistik cəhətdən hesablanmalı, diaqramlarda əks olunmalı, məcmuə şəklində çap olunmalıdır. Monitorinq aparan ekspertlərin, dilçilərin rəyləri müqayisə olunmalıdır.
Reklamların və iaşə adlarının, bəzi toponimlərin monitorinqi açıq müzakirəyə çıxarılmalıdır. Yekun rəy onun istifadəsinin məqsədəuyğunluğu və dövlət standartlarına cavab verməsini müəyyənləşdirməlidir.
Maarifləndirmə funksiyası. Monitorinqin nəticələri maarifləndirmə funksiyası daşımalıdır. Monitorinqin nəticələri hər bir oxucuya, tamaşaçıya, vətəndaşa zövq aşılamalıdır. Təcrübə göstərir ki, monitorinqlər dilin saflığının qorunması istiqamətində çox böyük fayda verir.

Təranə Şükürlü
Filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi

Daxil olundu: 06.12.2018 » Oxundu: 1756
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!