Biləsuvar Uşaq Gənclər Şahmat-İdman Məktəbinin direktoru Ramil Muradov bu vəzifəyə 2019-cu il oktyabr ayının 15-də təyin edilib. O, 1978-ci ildə Biləsuvar rayonunda anadan olub. Orta təhsilini doğulduğu rayonda başa vurduqdan sonra Azərbaycan Bədən Tərbiyəsi Akademiyasına qəbul olub. Akademiyanı boks ixtisası üzrə bitirib və həmin ildən "Məhsul" idman cəmiyyətində əmək fəaliyyətinə başlayıb. Ramil Muradovu idmanın boks sahəsinə peşəkar boksçu, Boks Federasiyasının vitse-prezidenti olmuş əmisi Xaliq Muradov yönləndirib. Ümumiyyətlə, Muradovlar nəslində boksla məşğul olan titullu idmançılar çoxdur. Ramilin atası da hazırda boks üzrə məşqçi işləyir.
Məktəbdə hazırda 25 məşqçi müəllim çalışır. Əməkdar məşqçi Qurbanxan Məhərrəmov, ali təhsilli mütəxəssis, baş təlimatçı Yusif Mehdiyev, Sevil müəllim və digərləri burada peşəkar idmançıların yetişməsində əhəmiyyətli rol oynayır.
Hazırda məktəbdə 5 ixtisas – şahmat, boks, basketbol, futbol, güləş idman növləri fəaliyyət göstərir. Burada ümumilikdə 480 şagird idmanla məşğul olur. Məktəbdə futbol idman növü daha çox inkişaf edib. Burdan "Vətən" klubuna bir neçə idmançı cəlb edilib. Məktəbin boks sahəsində müxtəlif yarışlarda böyük uğurlar qazanmış idmançıları da çoxdur.
Ramil Muradov idman məktəbi haqqında məlumat verərək qeyd etdi ki, burada əsas məqsəd ölkəyə peşəkar idmançılar verməkdir. «Azərbaycanımızın üçrəngli bayrağını göylərə qaldıraraq dalğalandırmaq çox böyük qürurdur. Bü böyük qüruru 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfər zamanı daha ürəklə yaşadıq. Üçrəngli bayrağımızın işgaldan azad edilmiş torpaqlarımızda dalğalandığını seyr etmək bir özgə duyğu idi. Azərbaycanın müzəffət ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması. Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad tam azad edilməsi, uzun illər düyünə düşmüş Dağlıq qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi əvəzsiz töhfədir. Savaş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyüe gələcək, daha firavan həyat gözləyir. Əldə olunan bu tarixi uğur bütün Azərbaycan cəmiyyətində olduğu kimi, idmançıların da qarşısına yeni vəzifələr qoyur. Belə ki, hər bir idmançı indi daha böyük uğurlara imza atmağa çalışır. Çünki idmançı üçün hər uğurun sonucu müqəddəs Vətən bayrağını ucaltmaqdır. Bundan böyük qürur ola bilməz.
Ümumiyyətlə, hər bir ölkənin atributu olan bayraq həm də həmin ölkənin şərəfi hesab edilir. Bayrağa olan sevgi bizimlə birgə doğulur desəm yəqin ki, səhv etmərəm. Ulu öndərin də dediyi kimi: «Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun». Bütün ölkə vətəndaşları kimi idmançılar üçün də dövlət bayrağı əziz və müqəddəsdir. Elə ona görə də ən böyük amalımız idman sahəsində böyük uğurlar qazanaraq dövlət bayrağımızı qürurla dalğalandırmaqdır» – deyir Ramil Muradov.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 30.01.2021 » Oxundu: 1240
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!