Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Elçin Məmmədov, Azərbaycan dilçiliyi kafedrasının müəllimləri, fəlsəfə doktorları Ramil Bayramov və Pərvin Eyvazovun həmmüəllifliyi ilə “Birinci Türkoloji Qurultay və türk xalqlarının dil birliyi” (Bakı: Elm, 2026, 172 s.) adlı monoqrafiya nəşr olunub. Birinci Türkoloji Qurultayın (1926) 100, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, akademik Tofiq İsmayıl oğlu Hacıyevin (1936-2015) anadan olmasının 90 illik yubileyinə ithaf olunmuş, üç fəsildən ibarət monoqrafiyada 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın türk xalqlarının milli-mənəvi oyanışında, elmi-mədəni inkişafında və ideoloji düşüncəsinin formalaşmasında oynadığı tarixi rolu araşdırılır. Kitabda əlifba islahatı məsələsi yeni əlifbaya keçidin nəzəri və konseptual əsasları kontekstində şərh olunur, bu prosesin türk xalqlarının modernləşməsinə təsiri göstərilir. Eyni zamanda ədəbi dil məsələsi lokal dil mühitindən ümumtürk kommunikasiya məkanına keçid ideyası əsasında araşdırılır. Müəlliflər qurultayın qəbul etdiyi qərarların türk xalqları arasında dil birliyinin və mədəni yaxınlaşmanın möhkəmlənməsindəki rolunu elmi faktlar əsasında təqdim edirlər.
Monoqrafiyanın mühüm cəhətlərindən biri odur ki, burada Birinci Türkoloji Qurultay yalnız tarixi hadisə kimi deyil, türk xalqlarının dil birliyi ideyasının konseptual əsaslarının formalaşdığı mühüm intellektual platforma kimi tədqiq edilir. Əsərdə müxtəlif arxiv materiallarından, qurultayın stenoqramlarından, dövri mətbuat nümunələrindən və müasir elmi araşdırmalardan geniş istifadə edilmiş, mövcud faktlar yeni metodoloji yanaşmalar əsasında təhlil olunmuşdur. Bu yanaşma problemin daha obyektiv və sistemli şəkildə öyrənilməsinə imkan yaratmışdır.
Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi BDU-nun Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov, rəyçiləri BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, professor Mətanət Abdullayeva, Türkiyənin Fırat Universitetinin Müasir türk dilləri və ədəbiyyatları kafedrasının professoru Süleyman Kaan Yalçın və AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Vəfa Ariz qızı Abdullayeva-Nəbiyeva, redaktoru BDU-nun Ümumi dilçilik kafedrasının müəllimi, filologiya elmləri üzrə fəlsəfə doktoru Anar Fərəcovdur.
Kitabdan türkoloji dilçilik sahəsində tədris və tədqiqat aparan mütəxəssislər: professor-müəllim heyəti, gənc tədqiqatçılar, tələbələr, eləcə də geniş oxucu kütləsi faydalana bilər.

kriteri.az

Daxil olundu: 01.07.2026 » Oxundu: 219
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!